Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ - Çin toqquşması an məsələsi - Asiyanın Ukraynası - Tayvan...

ABŞ - Çin toqquşması an məsələsi - Asiyanın Ukraynası - Tayvan...

Tarix: 1 Avqust 2022 16:18

Sonxeber.net "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Çindən 150 km aralıda yerləşən Tayvan ada dövləti Ukraynanın indiki vəziyyətinə düşüb.

Asiyada səfərdə olan ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Tayvana da səfər etmək istəyir. Ada dövlətini öz ərazisi sayan rəsmi Pekin isə Pelosini top-tüfənglə qarşılayacağına söz verib.

82 yaşlı Nensi Pelosi ABŞ-da prezident Co Bayden və vitse-prezident Kamala Harrisdən sonra üçüncü şəxsdir. Səfərdə onu Demokratlardan olan konqresmenlər müşayiət edir.

Pelosi Sinqapur, Malayziya, Cənubi Koreya və Yaponiyadan sonra Tayvana səfər etməlidir. Səfər gerçəkləşərsə, Çin adaya qoşun çıxarmaqla hədələyir.

Tayvanı Çin üçün vazkeçilməz edən nədir? Tayvanın üzləşdiyi vəziyyət Ukraynanın başına gələnlərdən fərqlidirmi? Regionla bağlı dünya ictimaiyyətini maraqlandıran suallar bunlardır.

İnsan inkişafının miqyasına görə, Tayvan ada dövləti bu gün Yaponiya ilə yanaşı, Almaniya və İsveçrə ilə müqayisə oluna bilən Asiyanın ən demokratik ölkələrindən biridir.

1949-cu ildə Çin Xalq Respublikası elan edildikdən sonra da Çin Respublikası adlanan Tayvan hökuməti əvvəlcə Çin dövlətini BMT-də təmsil edib, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olub. Lakin Pekinin "tək Çin" siyasəti nəticəsində 1971-ci ildə bir çox dövlətlər, eləcə də BMT 2758 saylı qətnaməsi ilə təşkilat üzvlüyünü Xalq Cümhuriyyətinə verərək, Tayvanla diplomatik əlaqələri kəsdilər.

70 ildir Pekin Tayvanı Çinin tərkib hissəsi sayır. İkinci Dünya müharibəsindən sonra Çində başlanmış vətəndaş müharibəsində kommunistlərə uduzan Çan Kayşi tərəfdarları Tayvana çəkilərək, oranı Çinin paytaxtı elan etmişdilər. Ancaq BMT və digər dövlətlər 70-ci illərdə kommunistlərin idarə etdiyi Çini tanıdılar.

2016-cı ildən Pekinlə münasibətləri pisləşən Tayvan müstəqilliyini elan etmək istəyir. Bu dövrdən etibarən Çin rəhbərliyi xarici siyasətçilərin Tayvana səfərlərini təxribat kimi qəbul edir. ABŞ Konqresinin üzvlərinin adaya sonuncu səfəri 1997-ci ildə olub. Pekin Demokrat Pelosinin Tayvana səfər edəcəyi təqdirdə ciddi nəticələrlə hədələyib. Cümə axşamı ABŞ prezidenti Co Baydenlə telefon danışığında Çinin dövlət başçısı və partiya lideri Si Cinpin həmkarına xəbərdarlıq edib: "Odla oynayanlar həlak olacaqlar".

Tayvanda yaşayan 23,5 milyon insan çin dilində danışsa da, özlərini tayvanlı hesab edirlər və Çinlə birləşmənin qəti əleyhinədirlər.

1979-cu ildən Vaşinqton Pekini Çinin paytaxtı, oradakı hökuməti isə rəsmi Çin hökuməti kimi tanıyıb. Digər tərəfdən, Tayvana 18 milyard dollarlıq silah satan Ağ Ev ada dövlətinə ciddi dəstək verir. Rəsmi Vaşinqtonun səyləri nəticəsində ada bu günə kimi işğal olunmayıb. Digər Qərb dövlətləri Tayvan üzərində Pekinin patronajlığını qəbul etsələr də, ada dövləti ilə sıx ticarət əlaqələri qurublar. Yalnız 14 kiçik, adı az hallanan dövlətlər Tayvandakı hökuməti Çin hökuməti kimi tanıyır.

Müasir avtomobillərin istehsalında əhəmiyyətli rol oynayan elektron yarımkeçiricilərin 60 faizdən çoxu Tayvanda istehsal olunur. Müharibə başlayarsa, "Mercedes-Benz", "BMW" və digər lider avtomobillərin istehsalı dayana bilər. Avtomobilin beyni sayılan çip yarımkeçiricilərin istehsalı dayanarsa, həm Almaniya, həm də Amerikanın avtomobil sənayesi çökə bilər.

ABŞ-ın müasir texnologiyalarının bu çiplərdən asılılığı daha yüksəkdir. Bu yarımkeçirici çiplərdən müasir silahların istehsalında da geniş istifadə olunur. İllik dövriyyəsi 606 milyard avro təşkil edən çiplərin istehsalında Çin yalnız Tayvana uduzur və nəyin bahasına olur-olsun bu kiçik ada dövlətini ələ keçirmək istəyir.

2049-cu ilə qədər dünya üzərində iqtisadi ağalığını qurmağa çalışan rəsmi Pekin Tayvan üzərində protektoratlığını təsdiqləməyi qarşısına məqsəd qoyub. Adaya daxil olan Kinmen adaları bu sırada birinci ola bilər. Kinmen adaları siyasi cəhətdən Tayvanın bir hissəsi olsa da, Çin sahillərinə daha yaxındır. Tayvan indi Çinin arxipelaqı ilhaq edə biləcəyindən qorxur, çünki adaların əhalisi əsasən Çin tərəfdarıdır.

Ukraynanın taleyini yaşayan Tayvan ada dövləti müstəqillikdən vaz keçməyəcəyini bəyan edir. Prezident Co Bayden Çinin hücumu halında ABŞ-ın Tayvana yardım edəcəyini bildirir. Çinin və ada dövlətinin silahlı qüvvələri döyüşə hazır vəziyyətdə əmr gözləyirlər. Pentaqonun təyyarə daşıyıcıları və idarə olunan raket gəmiləri Cənubi Çin dənizində Çin ordusu ilə üz-üzə dayanıb. Barıt çəlləyinə bənzəyən regionda hər an üçüncü dünya müharibəsi təhlükəsi reallaşa bilər.


Etiketlər:  ABŞ Çin toqquşması məsələsi Asiyanın Ukraynası Tayvan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ