Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ombudsman Aparatının rəhbəri ATƏT-in Varşavadakı növbəti illik görüşündə iştirak edib

Ombudsman Aparatının rəhbəri ATƏT-in Varşavadakı növbəti illik görüşündə iştirak edib

Tarix: 24 Sentyabr 2019 18:16

Bakı. Trend:

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı 2019-cu il 16-27 sentyabr tarixlərində Varşavada keçirilən ATƏT-in İnsan Ölçüsü üzrə İllik Görüşündə iştirak edib.

Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, illik görüş işçi sessiyaların tərkibində demokratik institutlar, informasiya və media azadlığı, demokratik seçkilər, vətəndaş cəmiyyətinin insan hüquqlarının müdafiəsində rolu, humanitar məsələlər, insan alverinə qarşı mübarizə, qadınlar və kişilər üçün bərabər imkanlar, dini etiqat azadlığı, qaçqın və məcburi köçkünlərin hüquqları və digər mövzulara həsr olunub.

A.Səfixanlı tədbirin işçi iclaslarında müvafiq mövzularla bağlı məruzə ilə çıxış edib. O sessiyalar zamanı son dövrlər Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində islahatların daha da dərinləşdirildiyini, mühüm qanunların, milli fəaliyyət proqramlarının, strategiyaların qəbul olunduğunu, əhalinin sosial vəziyyətinin davamlı olaraq yüksəldiyini, Ombudsmanın insan hüquq və azadlıqlarının təmini sahəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti tədbir iştirakşılarının diqqətinə çatdırıb.

Əhalinin müvafiq qruplarının hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə Ombudsmanın da daxil olduğu müvafiq işçi qrupu tərəfindən “Azərbaycan Respublikasında məişət zorakılığının aradan qaldırılması və onunla mübarizəyə dair 2019-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın, “Gender Bərabərliyi üzrə 2019-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın, “2019-2029-cu illər üçün Azərbaycan Respublikasının Milli Uşaq Strategiyası”nın layihələrinin hazırlandığı bildirilib.

Eyni zamanda Azərbaycan dövlətinin son illərdə həyata keçirdiyi düşünülmüş siyasət, dövlət idarəetməsində institusional islahatlar nəticəsində hazırda ölkəmizin milli brendinə çevrilmiş “ASAN xidmət” və DOST agentliklərinin fəaliyyət göstərdiyi və vətəndaş məmnunluğuna səbəb olduğu vurğulanıb.

Aparat rəhbəri “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş informasiya əldə etmək hüququnun, media azadlığının daha səmərəli təmini və İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üzrə müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlər həyata keçirildiyini və bu istiqamətdə vətəndaş cəmiyyəti təşkilatları, media qurumları ilə sıx əməkdaşlıq edildiyini söyləyib.

Ombudsmanın “İnformasiya əldə etmək haqqında” Qanunun icra edilməsi ilə bağlı, habelə Universal Dövrü İcmal, Davamlı İnkişaf Məqsədlərinin icrası proseslərində həyata keçirdiyi fəaliyyət haqqında tədbir iştirakçılarına geniş məlumat verilib.

Aparat rəhbəri dini-etiqad azadlığı ilə bağlı sessiyada Azərbaycan Respublikasının çoxmillətli və çoxdinli bir ölkə olduğunu, bu ölkənin milli siyasətinin müxtəlif millət, etnik qrup və dini azlıqların birgə yanaşı yaşaması və dözümlülük prinsipləri əsasında müəyyənləşdirildiyini, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş vermədiyini, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcud olduğunu qeyd edib.

Çıxışda həmçinin Azərbaycan Respublikası Konstitusiyasına əsasən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verildiyini bildirib.

Azərbaycanda multikulturazlizmin və tolerantlığın ölkənin həyat qaydasına çevrildiyi bildirilıb. Dünyada mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun məkanı kimi tanınan, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda mədəniyyətlər arasında dialoqun və əməkdaşlığın təşviqinə yönələn dövlət siyasətinin həyata keçirildiyi vurğulanıb.

Həmçinin, Ombudsmanın bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq hüququnun təmin olunması sahəhəsində həyata keçirdiyi çoxşaxəli fəaliyyəti barədə geniş məlumat verilib.

Tədbirin 9-cu işçi sessiyasında ATƏT-ə üzv dövlətlərdə qaçqın və məcburi köçkünlərlə bağlı problemlər müzakirə olunub. A.Səfixanlı həmin sessiyada mövzu ilə bağlı çıxış edərək qaçqın və məcburi köçkün problemi və onun Azərbaycana təsiri, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazilərinin işğal edildiyi, Dağlıq Qarabağdan və ona bitişik yeddi rayondan yerli azərbaycanlı əhalinin qovulduğu, bir milyon insanın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, həmin insanların hüquqlarının kobud şəkildə pozulduğu, işğal edilmiş ərazilərdə hər şeyin, o cümlədən tarixi, dini, mədəni abidələrin, bütün infrastrukturun dağıdıldığı, əhalisinin 10 faizinin qaçqın və məcburi köçkün olan ölkəmizdə Azərbaycan dövləti tərəfindən bu kateqoriyadan olan insanların hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə danışıb.

Məcburi köçkünlərin hüquqlarının müdafiəsi sahəsində mövcud beynəlxalq sənədlər və həmin sənədlərdə beynəlxalq təşkilatların öhdəlikləri, xüsusilə BMT-nin Məcburi Köçkünlük üzrə Rəhbər prinsiplərində və ATƏT-in qaçqın və məcburi köçkünlərlə bağlı öhdəlik müəyyən edən sənədlərində təsbit olunmuş müddəalar ATƏT-ə üzv dövlətlərinin və tədbirdə iştirak edən beynəlxalq təşkilatların diqqətinə çatdırılıb.

Həmin sənədlərdə məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüquqlarının olduğu və bu hüququn həyata keçirilməsində beynəlxalq təşkilatların üzərinə öhdəliklərin qoyulduğu, BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 1990-cı illərin əvvəllərində dörd qətnamənin qəbul edildiyi, həmin sənədlərdə erməni işğalçı qüvvələrinin Azərbaycan ərazisindən qeyd-şərtsiz və dərhal çıxarılmasının tələb olunduğunu, Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaq hüquqlarının təsbit olunduğu, Ermənistanın bu qətnamələrə məhəl qoymadığını, beynəlxalq hüquq və prinsiplərə hörmətsizliklə yanaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırılmış və beynəlxalq təşkilatlar bu pozuntulara biganə qalmamağa çağırılıb.

Eyni zamanda Azərbaycanın BMT Nizamnaməsinə müvafiq olaraq təcavüzə qarşı müdafiə hüququndan istifadə edərək, öz vətəndaşlarının hüquq və azadlıqlarını bərpa etmək hüququnun olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

A.Səfixanlının hər 5 sessiyadakı çıxışı tədbirin rəsmi sənədləri sırasına daxil edilərək ATƏT-in rəsmi saytında yayımlanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Ombudsman Aparatının rəhbəri ATƏT Varşavadakı növbəti illik görüşündə iştirak edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ