Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dil uğrunda savaşdan sağ çıxanlar Vətəni necə xilas etdi

Dil uğrunda savaşdan sağ çıxanlar Vətəni necə xilas etdi

Tarix: 2 Avqust 2022 13:18

Milli.Az "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

Təxminlərə görə, dünyada 7 mindən artıq dil mövcuddur. Zaman-zaman bir sıra dillər tarixin arxivinə gömülüb və bu proses hazırda da davam etməkdədir. Çünki assimilyasiya olunan, danışılmayan dil məhvə məhkumdur. Dünyada təkcə adət etdiyimiz savaşlar getmir, həm də "dil müharibələri" gedir - səssiz-səmirsiz müharibələr. Bir milləti məhv etmək istəyirsənsə, onun "dilini kəssən", dilini sıradan çıxartsan kifayətdir. Odur ki, bineyi-qədimdən mövcud olan bu savaşın bəşəriyyət durduqca davam edəcəyi mövcud reallıqlar baxış-bucağından yanaşdıqda, daha açıq-aydın görünür.

Dünyanın bəxti gətirən xalqlarından sayıldığımızı şükranlıqla qeyd etməliyik, həm tarixi dövlətçilik ənənələrimizə malik olduğumuza, həm müxtəlif kataklizmlərə, ağır və sərt sınaqlara baxmayaraq, dövlətimizi, bayrağımızı qoruyub-saxladığımıza, həm də dilimizə sahibləndiyimizə görə. Dünyada mövcud olan xalqların, millətlərin neçəsinin dövləti var? Yaxud tarix boyu mövcud olan xalqların neçəsi dillərini müasir dövrədək daşıya biliblər? Bu mənada uca səslə bir daha "Var millətimin imzası imzalar işində" deməyə mənəvi haqqımız var!

Bura qədər gəlib çıxmaq heç də asan olmayıb. Müxtəlif dönəmlərdə xalqımızı əsarətdə saxlamağa çalışan, böyük mütəfəkkirlərimizi belə özünün doğma dilində yazmaq səadətindən məhrum edən qəsbkarlar inadla Azərbaycan adına olanları tarixdən silməyə cəhd göstəriblər. Araşdırmaçılarımız ərəb, fars, rus adına yadellilərin yurdlarımızı yağmaladığı dövrlərdə ana dilimizdə yazılmış nümunələrin aşkara çıxarılması üçün nə qədər zəhmətlərə qatlaşdılar illər uzunu. İstilalar dövründə kitabxanalar da, ədəbi nümunələr də qəsb edilirdi, xüsusən Azərbaycan dilində yazılmış nümunələrdən tonqallar çatılırdı, hədəf milli kimliyimizin itirilməsi, batırılması idi. Amma istəkləri gözlərində qaldı, kül altına közərən közlərsayağı qaldı bal dilimizdə olan o nümunələr, o "köz"lər çağdaş dövrümüzədək gəlib çatdı.

Tarix boyunca əlifbamızı neçə dəfə dəyişdilər, ərəbin də öz "hesabı" oldu, rusun da, onlardan əvvəlkilərin də, sonrakıların da. 30-cu illərdə millətimizin sayılıb-seçilən ziyalılarını, milli adamlarını, millətini, məmləkətini düşünən insanlarını, qaymaqlarını "süd üzündən qaymaq yığan kimi" yığıb, gedər-gəlməzə yollayan sovet repressiyasının yadına nədənsə "əlifba islahatı" düşdü və sovetlər 1940-cı il yanvarın 1-dən etibarən Azərbaycan əlifbasının başına kiril "torbasını" keçirdi. Təsəvvür edin, ərəb əlifbasında olan irsimizin latın qrafikasına transformasiyasının əvəzinə daha bir müşkülə saldılar xalqımızın yolunu - kiril adlı əcaib istiqamətə. Məqsəd bəlli idi, xalqı özünün keçmişindən uzaqlaşdırsınlar, ona qohum olan xalqlardan ayrı salsınlar. Xüsusən də "pantürkizm"də ittiham edilib güllələnən müşfiqlərimizin yazı qrafikasını da qardaş Türkiyənin yazı fomasından uzaqlaşdırmaqla əlavə qəsd etdilər millətimizə.

Tarixi ədalətin bərpa olunması çox çəkdi, amma bu, baş verdi. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli 552 nömrəli fərmanı tarixi hadisəydi. Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında iki maddəlik Fərmanı nəzərdə tuturam. Tarixi əhəmiyyəti baxımından ilk bəndin xatırladılması kifayət edər: "Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin".

Beləcə, Qobustan və Gəmiqaya təsvirlərindən başlayan uzun yolçuluğun möhtəşəm finalı... Heç şübhəsiz, yeni əlifbanın tətbiqi - eyni zamanda ötən əsrin əvvəllərində təxminən 10 ildən artıq müddətdə mövcud olmuş latın qrafikalı Azərbaycan əlifbasının bərpası müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri idi. Azərbaycanın əzəli və əbədi düşmənləri təbii ki, bu keçidin baş verməsini istəməzdilər, amma siyasi iradə öz sözünü dedi, "qatar getdi". Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu yol hələ Sovet Azərbaycanının mövcud olduğu illərdən başlamışdı, "sovet ailəsi" adlandırılan, əslində isə "sovetlər həbsxanası"nda haqları tapdanan xalqların ən təbii hüquqları əllərindən alındığı dönəmlərdə. Belə ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq cəsarət tələb edirdi. 30-cu illərdə dil məsələsini qabardanlar Sibirə sürgün olunurdu. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasına rəhbərlik edən Heydər Əliyev dil məsələsində prinsipiallıq, qətiyyət və cəsarət nümayiş etdirdi, bütün riskləri göz önünə alaraq. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsi əlavə olundu! Bu, ana dilinin dövlət dili olması uğrunda dönməz mübarizənin məntiqi nəticəsiydi. Heydər Əliyev hələ sovetlər dönəmində "Konstitusiya vətəndaşlara təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur" - deməklə xalqın varlığı üçün önəmli faktor olan dilinin keşiyində dayanmağın vacibliyinə işarə vururdu...

Zəruri xatırlatma: Eyni tarixi dönəmdə qonşu İranda İslam İnqilabı baş verdi və bu inqilabın flaqmanı olan Azərbaycan türklərinin də nəhayət, ana dilində yazmaq, təhsil almaq hüququnun tanındığı elan olundu. Amma üstündən on illər keçib, bu gün də milyonlarla soydaşımız "Öz dilində mədrəsə olmalıdır hər kəsə" - nidalı çağırışlar edir, lakin nə dünya birliyi bu ədalətsizliyə son verilməsi üçün iradə sərgiləyir, nə də dəyişən hakimiyyətlər milyonlarla azərbaycanlının ana südü kimi təbii haqqını özünə verir. Acınacaqlı taledir, amma müqayisədə görürük ki, Azərbaycan Respublikasının hüdudları daxilində yaşayan bizlər necə böyük səadətdən bəhrələnməkdəyik, bal kimi dilimizdən azad şəkildə istifadə edirik.

Dil hər bir millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Dil bir dövlətin, xalqın sərhədləri qədər önəmli statusa malikdir, həm də toxunulmaz olmalıdır. Ana dili dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.

Azərbaycan türklərinin yaşadığı ərazilərə, elə qonşu Gürcüstan, Rusiya, yaxud İrana səfər edərkən dilimizin nə qədər böyük qüdrətə malik olduğunu hiss etmisinizmi? Təsəvvür edin, mövcud sərhədlərimizdən yüz km-lərlə uzaqlaşırsan və qarşılaşdığın uşaq, gənc, yaşlı səni tər-təmiz, şirin-şəkər Azərbaycan dilində salamlayır, biləndə Azərbaycandansan sevgi, məhəbbət birə-beşqat artır. Bu həm də o deməkdir ki, dil üçün sərhədlər yoxdur, sınırlar bu mənada sadəcə simvolik məna kəsb edir. İstisna deyil ki, bir sıra mərkəzlər, paytaxtlar da məhz rabitəmizi kəsmək, əlaqəni minimuma endirmək üçün öz təsir dairələrində olan azərbaycanlıların dilinə yad ünsürləri qatmaqdan, assimilyasiyanı sürətləndirərək milli kimliyimizin axırına çıxmaqdan usanmırlar. Amma bu dəfə də alınmayacaq, çünki qüdrətli Azərbaycan dövləti var: 60 milyona yaxın azərbaycanlının qürur duyduğu məmləkətimiz! Dövlət səviyyəsində həyata keçirilən işlər də məhz xaricdə yaşayan soydaşlarımızın dilimizi yaşatması üçündür. Orta məktəblərdə Azərbaycanın tədrisinə həsr olunan dərslər də bu məram-məqsədə xidmət edir.

Sonrakı mərhələlərdə də qanunvericilik sahəsində bir sıra addımlar atıldı, dilimizin inkişafı, daha möhkəm sütunlar üzərində mövcudluğu ilə bağlı fərmanlar verildi. 2001-ci il iyunun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" imzalanan Fərman ilk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır.

"Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir" - deyirdi Heydər Əliyev. Bu, Azərbaycan dilinə necə böyük önəm verilməsinin əyani sübutu olan fikirlərdir.

Daha bir mühüm addım: 2002-ci il 30 sentyabr tarixində "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Qanuna əsasən, Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu, dil suverenliyimizin qorunması, kənar təsirlərə qarşı effektiv mübarizə baxımından da önəmli qərar idi. Ana dilinin yaşaması, inkişafı, tarixin müxtəlif sınaqlarından üzüağ çıxması üçün xalqın ədəbi-bədii irsinin, ədəbiyyatının qorunması, müasir nəslə və gələcəyə ötürülməsi də vacib məsələdir ki, bu da diqqətdən kənarda qalmadı.

[Prezident İlham Əliyev sərəncam imzaladı]

Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbasıyla çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" Sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.

Dövlət başçısının 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Yetər ki, statusundan asılı olmayaraq, hər bir vətəndaş dilimizin qayğısına qalsın, özgə dilləri əxz etməklə yanaşı, milli kimliyimiz olan ana dilimizi arxa plana keçirməsin, onu kənar təsirlərdən qorusun. Yuxarıda qeyd etdiyimiz kimi, dil savaşı gedir və Azərbaycan türkcəsinin də axırına çıxmaq istəyən o qədər düşmənlər var ki. O qüvvələr ki, Türk Birliyinin, Türk dəhlizinin, Ortaq Türk Əlifbasının da əleyhinədirlər və bunu özləri üçün qorxulu röya hesab edirlər. Üzümüzə gülə-gülə dilimizi "boğazımızdan" çıxartmaq istəyənlərin mövcudluğunu heç zaman unutmayaq. Böyük ədibimiz "Anamın kitabı"nı yazanda da bu gözəgörünməz düşmənlər var idi, bu gün də var, sabah da olacaq...  

Azərbaycan Respublikasında yaşayan bütün əhalini dilimizin çətiri altında birləşdirməyin uğurlu formulu ana dilimizin Azərbaycan dili adlandırılması oldu. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı. O zaman Heydər Əliyevin Azərbaycanın nüfuzlu ziyalıları, şair və yazıçıları, dilçi alimləri ilə çox geniş müzakirələr keçirməsi, onların hər birini dinləməsi də çoxlarının xatirindədir. Yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı içərisindən dağıtmağa, separatçılığı alovlandırmağa dair planların darmadağın edilməsi baxımından da bu qərarın önəmli rolu oldu, bir çox mərkəzlər "tərk-silah" edildi. Bundan sonra ana dilimizin inkişafı və qorunması işi daha da gücləndirildi. Bu gün etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız azərbaycanlı olduğu ilə, azərbaycanca danışdığı ilə fəxarət hissi duyduğunu açıq şəkildə bəyan edir. Həm də bu fəxarətin son ünvanı Vətən uğrunda Böyük Savaş oldu.

Milli kimliyindən asılı olmayaraq, hər bir vətəndaşımız Qarabağın azadlığı uğrunda mücadiləyə atılmağa hazır oldu, şəhidlər verdilər, qazi oldular, malından, canından keçənlər "Təki Vətən yaşasın" dedilər. Bütün bunlar həm də Azərbaycan dili ilə bağlı uğurlu siyasətin məntiqi nəticəsiydi. Milli mənsubiyyətindən asılı olmayaraq, ürək dolusu sevgisi ilə "Qarabağ Azərbaycandır" deyənlərin sayı-hesabı olmadı bu müqəddəs savaşda. Vətənin azadlığı, torpaqlarımızın düşməndən təmizlənməsi yolunda birliyimiz, vəhdətimiz olduqca önəmliydi. Bizi bu haqq yolunda həm də Ana dilimiz, Azərbaycan türkcəmiz birləşdirdi. Dil uğrunda savaşdan SAĞ çıxanlar - bəlkə də qazilər idi Şuşamızı, Qarabağımızı, Şərqi Zəngəzurumuzu azad edənlər. Birliyimiz və ana dilimiz əbədi olsun!

Milli.Az


Etiketlər:  Dil uğrunda savaşdan sağ çıxanlar Vətəni necə xilas etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ