Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Londondakı səfirliyimizə xain hücumun mübhəm pərdəarxası - sifariş haradan gəlib?

Londondakı səfirliyimizə xain hücumun mübhəm pərdəarxası - sifariş haradan gəlib?

Tarix: 6 Avqust 2022 10:44

Sonxeber.net "yeni müsavat"da dərc olunan məqaləni təqdim edir.

"Böyük Britaniya Azərbaycanın Londonda yerləşən səfirliyinə edilən hücumla bağlı "hərtərəfli araşdırma aparır". Bu barədə Britaniyanın Azərbaycandakı səfirliyi bildirib.

Avqustun 4-də bir neçə şəxs Londonda Azərbaycan səfirliyinə hücum edib. Onlar səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxıblar, divarlara, pəncərələrə ərəb dilində şüar yazıb və səsləndiriblər.

Məlum olduğu kimi, hər bir səfirlik mənsub olduğu ölkənin ərazisidir, toxunulmazdır və yerləşdiyi dövlət tərəfindən qorunur. Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin toxunulmazlığı pozulub. Azərbaycan XİN-in rəsmi məlumatında deyilir ki, yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Baş verən vandalizmin formal səbəbi Bakıda baş verən bir hadisə ilə bağlıdır. "Sahib əz Zaman"' adlı məscidin divarlarına vurulmuş dini şüar və bayraqlar Azərbaycan polisi tərəfindən yığılıb. Bu proses dindarlar tərəfindən lentə alınıb və sosial şəbəkələrə qoyulub. Həmin şəbəkələr vasitəsilə bütün dünyaya yayılıb. Guya bundan təsirlənən və Londonda fəaliyyət göstərən radikal görüşlü din xadimi Yasir əl-Həbibin tərəfdarları səfirliyə məlum basqını həyata keçiriblər. Hadisədən dərhal sonra əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin xidmətçiləri" təşkilatı bu hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Hücumla bağlı Əl-Həbibin rəhbərlik etdiyi "Mehdinin xidmətçiləri" təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər xüsusi açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Azərbaycan hakimiyyətinin ölkədə Hüseyni ayinlərə qarşı mübarizəyə etiraz əlaməti olaraq "Xuddam əl-Mehdi" (Mehdinin Xidmətçiləri) təşkilatının bir qrup üzvü Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdinin (əleyhissalam) bayrağını qaldırıb.

Məsələnin maraqlı cəhəti budur ki, bu təşkilat 2018-ci ildə bu cür basqını Londondakı İran səfirliyinə qarşı da edibmiş. İddialara görə, "Mehdinin xidmətçiləri" radikal şiə olsalar da, İranın teokratik rejiminə qarşıdırlar.  Britaniyanın Azərbaycandakı səfirliyi  Azərbaycanın London səfirliyinə daxil olan "etirazçıların hərəkətlərini pisləyib".

Azərbaycan Xarici İşlər Nazirliyi hadisəni "bir qrup radikal dini dəstə"nin hücumu və "vandalizm aktı" kimi qiymətləndirib. Böyük Britaniyanın Azərbaycandakı səfirliyi yaydığı bəyanatda bildirib ki, polis binanın içərisindəki səfirliyin əməkdaşlarını təhlükəsiz şəkildə təxliyə edib, daha sonra etirazçıları oradan uzaqlaşdırıb və 8 nəfər həbs edilib. "Böyük Britaniya ölkədəki diplomatik nümayəndəliklərin qorunmasına zəmanət vermək öhdəliyinə ciddi yanaşır və polis müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini təmin etmək üçün Azərbaycan səfirliyi ilə əlaqə saxlayır", - səfirliyin bəyanatında əks olunub.

Bütün bunların anlamı nədir? Bu terror qruplaşması indiyə qədər heç zaman Azərbaycan mövzusuna müraciət etməyib. İndi niyə bu cür şeyləri bəhanə edərək, hücuma keçdilər. Bu ünsürlərin cəzası nədir? Daha bir sual:  Azərbaycan səfirliyi niyə bu cür başsız qalıb? Onun mühafizəsini İngiltərə və Azərbaycan dövləti - biri çöldən, digəri içəridən, həyata keçirməli deyildilərmi? Səfirlik ərazisi dövlətimizin müqəddəs ərazisi sayılır, oraya basqın edənlər yerindəcə güllələnməli deyildilərmi? Niyə güllələnmədilər? Belə bir basqın ABŞ, yaxud da İsrail səfirliyinə qarşı ola bilərdimi? İngiltərənin Bakıdakı səfirliyi necə, bu cür basqına məruz qalsaydı, nələr olardı? Bütün bunlara görə rəsmi London rəsmi Bakıdan üzr istəyəcəkmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat"a deyib ki, zaman-zaman dünya dövlətlərində belə hücumlar qeydə alınır: "Hətta səfirliklər terrorçular tərəfindən girov götürülüb, uzun müddət girovluqda saxlanılıb. Amma Azərbaycan müstəqillik əldə edəndən və səfirliklər açılandan bəri ilk dəfədir ki, Azərbaycan səfirliyinə bu dərəcədə hücum olunur. Səfirliyə hücum, elə Azərbaycana hücum deməkdir, çünki səfirlik ərazisi bizim ərazimizdir. Burada məsuliyyət Böyük Britaniyanın üzərinə düşür. Onlar Vyana Konvensiyasına uyğun olaraq təhlükəsiziliyi qorumalı idilər. Ən əsası da Londonda fəaliyyət göstərən, orada yaşayan belə bir qurumun zamanında, hətta İran səfirliyinə də hücum etdiyini nəzərə alaraq, həmişə nəzarətdə saxlanılmalı, əməlləri haqda kəşfiyyat məlumatları olmalı idi. Təəssüf ki, olmayıb. Ən böyük irad Britaniya dövlətinədir".

Ekspertə görə, Britaniya dövləti ilə yanaşı, səfirliyimizə də irad bildirilməlidir: "Niyə səfirliyin əməkdaşları heç bir müqavimət göstərməyiblər? Demirəm ki, silahla, videolarda ən azı əllə heç bir müqavimət görünmür. Ola bilsin ki, onların niyə müqavimət göstərmələri ilə bağlı müəyyən informasiyalar olacaq. Amma fakt budur ki, heç bir müqavimət yoxdur. Hücum edənlər silahlı deyildilər. Sadəcə, sayları çox olub".

Ekspert deyib ki, Böyük Britaniya polisinə silah verilmir: "Çox təəssüf ki, ingilis polisi də müşahidəçi rolunda çıxış edib. Ona görə də Xarici İşlər Nazirliyimiz, eyni zamanda Azərbaycanın Britaniyadakı nümayəndəliyi Britaniyanın Xarici İşlər Nazirliyinə çox ciddi iradlarını bildirməlidir. Orada Azərbaycan səfirliyinin təhlükəsizlik məsələləri üzrə əməkdaşı var. Onun da fəaliyyətində müəyyən nöqsanların olduğu görünür. Bir var, qapıdan girəndə nəsə ediblər, bir də var, qalxıblar yuxarıda bayrağımızı yerə atıblar. Deməli, səfirliyin bəzi ekstremal situasiyalara heç cür hazırlığı olmayıb. Minimum müdafiəsi olmalı idi, olmayıb".

İ.İsmayıl hesab edir ki, əsas məsələ səfirliyin təhlükəsizliyinin qorunub-qorunmaması yox, aksiyanın özüdür: "Bu aksiya Azərbaycan bayrağını yerə atmaqla Azərbaycan dövlətindən nəyi tələb edirdi? Biz buna münasibət bildirməliyik. Azərbaycan dövləti hansısa şiə dindarın guya hüquqlarını pozub. Burada hüquqları pozulan şəxs ki var, o şəxsin dostları Azərbaycanın düşmənləridir. Azərbaycan bayrağını yerə atan Azərbaycanın düşmənidir. Biz bu adama necə münasibət bəsləməliyik ki? Sənin hüququnu tələb edən Azərbaycanın düşmənidir. Biz düşmənə baş əyməliyikmi? Düşmənin tələbini yerinə yetirməliyikmi? O bayraqdan ötrü Azərbaycanın minlərlə oğlu şəhid olub. Azərbaycanın müstəqilliyini istəməyən hansısa qatı bir-iki dindarın, müstəqilliyimizin simvolu olan bayrağı yerə atanların tələblərini yerinə yetirəcəyik?

Əsas odur ki, din bayrağı altında fəaliyyət göstərənlər Azərbaycanın müstəqilliyinin əleyhinədirlər. Hansısa şiə həbsdədir və ya incidilir, hüquqları pozulur, bütün bunlar konkret onları maraqlandırmır. Onların hədəfi Azərbaycanın müstəqilliyidir. Əsas məqsədləri isə şəriət dövləti qurmaqdır. Bunu bayraq olaraq qaldırırlar. İranla onların münasibətləri olmasa da, mahiyyətləri eynidir. İstər İran tərəfdən, istər şirazilər və s., radikal dindarlar tərəfindən Azərbaycana gələn hücum Azərbaycanın müstəqilliyinin əleyhinədir. Onlar konstitusion quruluşumuzu dəyişmək istəyirlər. Biz bunlara qarşı həm Azərbaycanda, həm Azərbaycandan kənarda olduqca sərt mövqe nümayiş etdirməliyik".

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı, Azərbaycan-Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə "Yeni Müsavat"a açıqlamasında baş verənləri ilk növbədə cinayət əməli adlandırdı: "Bu istiqamətdə Britaniyanın hüquq-mühafizə orqanları ciddi şəkildə araşdırma aparmalıdırlar. Müəyyən olunmalıdır ki, bu cinayətin motivləri nədir. Cinayətkarlarla bilavasitə kimlərin bağlı olduğu, kimlərin işlədiyi müəyyən olunmalıdır. Araşdırmalar bitməyənə qədər gözləməliyik. Bu prosesdə Azərbaycana qarşı düşmən qüvvələrdən hansının dayandığı müəyyən edilməlidir. Bu ancaq ciddi araşdırmalar nəticəsində müəyyən edilə bilər".

Asim Mollazadə də əmindir ki, bu, Azərbaycan dövlətinə, onun dəyərlərinə qarşı olan hücumdur: "Biz bilməliyik ki, bu hücumu təşkil edən, bu hücuma təhrik edən hansı dövlətdir. Bu hücumu gerçəkləşdirən cinayətkar qruplaşmanın arxasında hansı dövlətlərin dayandığı konkret olaraq müəyyən edilməlidir. Azərbaycan dövlətinə gələcəkdə baş verə biləcək hər hansı hücumun qarşısını almaq üçün bu olduqca vacibdir".

Asim Mollazadə deyir ki, cinayətkarların səfirlik binasına necə daxil olmaları, buna necə nail olmaları da ciddi şəkildə araşdırılmalıdır: "Səfirliyi qoruyan mühafizə niyə bu prosesdə aciz qalıb? Polis gecmi gəlib? Bu məsələlərə aydınlıq gətirilməlidir. Ümumiyyətlə isə bu, Londonda olan səfirliklərə ilk hücum deyil. Bu hücum Azərbaycan dövlətinə, Azərbaycanın dəyərlərinə qarşıdır. Ümumi şəkildə Azərbaycanın düşmənləri kimlərdir, bilinir. Bu hadisəni onlardan hansı biri törədib sualının cavabı ortaya qoyulmalıdır.

Baş vermiş olay həm də terror aktıdır. Əvvəlcədən planlaşdırılıb və həyata keçirilən terrordur. Düzdür, insan tələfatı olmayıb. Amma səfirliyə qarşı hücum dövlətə qarşı hücumdur. Həmin ərazi Azərbaycan dövlətinin ərazisidir və ora huüum olunub. Azərbaycan-Britaniya münasibətləri yüksək səviyyəli dostluq münasibətləridir. bu terroru planlayanlar həm də bu münasibətlərə xələl gətirməyi hədəfləyiblər. Bu təəssüf doğuran hadisənin baş verməsində Azərbaycan-Britaniya münasibətlərini pozmaq, sərinləşdirmək maraqları da var. Bu, tək Azərbaycan dövlətinə qarşı terror aktı deyil, eyni zamanda Britaniyaya qarşı törədilən cinayətdir. Londondakı səfirliyimizə hücum çox ciddi şəkildə, diqqətlə araşdırılmalı və nəticələr çıxarılmalıdır".


Etiketlər:  Londondakı səfirliyimizə xain hücumun mübhəm pərdəarxası sifariş haradan gəlib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ