Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Avqust 2022 11:38
Dünyada siyasi gərginliyin artması, yeni qütblərin formalaşdırılması istiqamətində aparılan savaşlar, dünya coğrafiyasının yenidən qurulması istiqamətində edilən cəhdlər iqtisadiyyata da təsirsiz ötüşmür. Bu cür xoşagəlməz proseslərin geniş vüsət alması qlobal qida zəncirində neqativ həyacanlanmaları qaçılmaz edir.
Dövlətlərin aldığı məsuliyyətsiz qərarlar təəssüf ki, eyni coğrafiyanın areallarını aşaraq daha geniş spektrda bədbin situasiyalarla nəticələnəcək proseslərlə bizi üz-üzə qoyur. Necə ki, Ukrayna-Rusiya müharibəsi qlobal ərzaq qiymətlərində qlobal "partlayışa" səbəb olub.
Bu nöqteyi nəzərdən Rusiya-Ukrayna müharibəsi sadalanan məsələ ilə bağlı hazırda dünyanın üzləşdiyi ən xoşagəlməz hadisələrin önündə getmiş sayıla bilər. Hər kəsə aydındır ki, hər nə qədər çıxış yolları axtarılsa da, Ukraynanın taxıl ixracına yaradılan əngəl bütün dünyanın ərzaq təhlükəsizliyini təhdid edir. Bu isə ərzaq böhranını istənilən halda qaçılmaz edir. Daha konkret desək dünya strateji məhsul hesab edilən qlobal taxıl böhranının astanasındadır.
Belə dümək mümkünsə, dünya bazarında vəziyyət faciəvi həddə çatıb - həm qiymət artır, həm də ümumiyyətlə taxıl satışı minimuma enib. Avropanın Şərqində aylardır davam edən savaş bütün daşınmaları, logistikanı məhv edib. Dünyadakı ərzaq kataklizmləri çətin proseslərlə nəticələnəcək. Çünki ərzaq böhranı zəncirvaridir. Belə bir vəziyyətdə Azərbaycanda da digər ölkələrdə olduğu kimi unun bahalaşması qaçılmazdır.
Elə bu səbəbdəndir ki, nəticədə hazırda dünya taxıl bazarında ajiotaj yaşanmaqdadır. Qlobal ərzaq qıtlığı ilə bağlı proqnozlar əslində çoxdan verilirdi. İlin əvvəlində Ukraynada başlayan müharibə isə vəziyyəti daha da çətinləşdirdi. Nəticədə iri taxıl istehsalçıları ixracı məhdudlaşdırdı və özlərinə daha çox taxıl ehtiyyatı yaratmağa başladılar ki, bunun da dünya dövlətlərinin daxili bazarında ciddi qıtlıqla müşahidə olunmasını qaçılmaz edir. Buna misal olaraq Çini göstərə bilərik ki, böyük istehsalçı olan Çin dünya taxıl ehtiyyatının 50 %-ni depolayıb və satmaqdan imtina edib.
Rusiya isə taxılın ixrac rüsumunu yüksəldib və satışını məhdudlaşdırıb. Hindistan isə quraqlıq səbəbindən daha az taxıl istehsal edib ki, bu da yalnız onun öz təlabatını ödəmək üçün yetərlidir. Eyni vəziyyət digər taxıl istehsalçısı olan nümunəvi taxıl ölkələrində də müşahidə olunur.
Belə vəziyyətdə Azərbaycanın taxıl təlabatını daxili imkanlar hesabına ödəməyə çalışması vacibdir. Mütəxəssislərin dediklərinə istinad etsək Azərbaycanda məhsuldarlıqda elə bir ciddi azalma yoxdur. Amma hazırda dünya taxıl bazarında ajiotaj böyüyür və taxılın qiyməti durmadan artmaqda davam edir.
Qlobal taxıl böhranı yaranacağı təqdirdə Azərbaycanın bu strateji məhsulla təminatı necə həyata keçiriləcək?
Azərbaycanın taxıl, xüsusən də buğda istehsalını artırması üçün potensial var. İşğaldan azad edilmiş rayonlarda buğda əkini üçün böyük imkanlar mövcuddur. Nəzər yetirsək görərik ki, 1990-cı ilə qədər bu bölgədə istehsal edilən taxıl ölkənin ümumi istehsalının 15 %-ni təşkil edib. Bunları nəzərə alaraq demək olar ki, işğaldan azad edilmiş ərazilərdə əkinə yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması ölkənin buğda ilə özünü təmin etmə səviyyəsini mövcud 57 %-dən 65 %-ə qədər artırması ilə nəticələnə bilər. Digər regionların da imkanlarından istifadə ediləcəyi təqdirdə taxıl təlabatının 75 %-ni Azərbaycan öz daxili imkanları (yerli istehsal) hesabına ödəyə bilər.
Nəzərə alsaq ki, neftdə olduğu kimi taxıl qiymətini dünya bazarı müəyyənləşdirir, o zaman qıtlığı nəzərə alaraq qiymət artımının qaçılmaz olduğunu və bütün bu prosesin Azərbaycandan da yan keçməyəcəyini proqnozlaşdıra bilərik.
Çünki Azərbaycan da taxılı idxal edən ölkələrdəndir və bu səbəbdən də unun qiymətində artım artıq qaçılmaz görünür. İndiyədək dövlət subsidiya hesabına bunun qarşısını alırdı, amma Ukraynadakı müharibənin daha da uzanması gec-tez qiymətə öz təsirini göstərəcək kimi görünür.
Mustafa Ömər