Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2019 12:56
UEFA 2021/22 mövsümündən Konfrans Liqasını təşkil edəcək. Yeni turnirin yaradılması avrokuboklarda ciddi dəyişikliyə səbəb olacaq. Bu yarış xüsusilə də Azərbaycan kimi reytinqi yüksək olmayan ölkələrə təsir edəcək.
Konfrans Liqasının yaradılması ilə baş verən bariz dəyişikliklər:
- Çempionlar Liqasının formatında ciddi fərq yoxdur. Azərbaycan çempionu yenə I təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.
- Avropa Liqasında komanda sayı 48-dən 32-yə endirilir.
- Çempionlar Liqasının ilkin mərhələsində və I təsnifat mərhələsində uduzan komandalar əvvəlkindən fərqli olaraq artıq Avropa Liqasının II təsnifat mərhələsində mübarizə aparmayacaq. Çünki bu turnirdə ilk iki təsnifat mərhələsi, ümumiyyətlə, ləğv edilib. Avropa Liqasında mübarizə III təsnifat mərhələsindən başlayacaq. ÇL-in ilkin mərhələsində və I təsnifat mərhələsində uduzan komandalar Konfrans Liqasının II təsnifat mərhələsinə qatılacaqlar. Yəni, əgər Azərbaycan çempionu ÇL-də I təsnifat mərhələsini keçə bilməsə, bu zaman əvvəlki kimi Avropa Liqasının deyil, Konfrans Liqasının II təsnifat mərhələsində mübarizə aparacaq.
- Avropa Liqasında UEFA reytinqində ilk 15 pillədə olmayan ölkələr üçün yer nəzərdə tutulmayıb. Ümumiyyətlə, artıq bu turnirdə əsasən UEFA reytinqində ilk “15-lik”də qərarlaşanlar və daha aşağı pillələrdə yer alanların çempionları iştirak edə biləcək. Əgər yeni turnir yaradılana qədər hazırda UEFA reytinq sıralamasında 26-cı olan (reytinqdəki mövqeyimizlə bağlı ciddi dəyişiklik gözlənilmir – red.) Azərbaycan çempionatının gümüş və bürünc medalçıları, eyni zamanda ölkə kubokunun qalibi müvafiq olaraq bu turnirin I və II təsnifat mərhələsində mübarizə aparmaq hüququ qazanırdısa, bundan sonra onların üzünə AL-in qapıları bağlanır. Azərbaycan çempionatının 2-ci və 3-cüləri, kubokun qalibi Konfrans Liqasında iştirak etməli olacaq. Böyük ehtimalla hər 3 təmsilçimiz mübarizəyə turnirin II təsnifat mərhələsindən başlayacaq.
- Konfrans Liqasının qrup mərhələsində 32 klub yarışacaq. Turnirə vəsiqə 4 təsnifat mərhələsi ilə reallaşacaq. Bura Çempionlar Liqası və Avropa Liqasından qoşulanlar olacaq. Əgər Azərbaycan çempionu Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəni dayandırıb, Avropa Liqasının III təsnifat mərhələsində məğlub tərəf olsa, şansını Konfrans Liqasının pley-offunda sınayacaq. Çempionumuz Avropa Liqasının pley-offuna qədər irəliləyib, orda məğlub olsa, bu zaman Konfrans Liqasının qrup mərhələsində oynamaq hüququ qazanacaq.
- Avropa Liqasına düşmək üçün daha bir yol Konfrans Liqasını qazanmaqdan keçir. Düzdür, qitənin səviyyəsinə görə 3-cü klub turnirində nisbətən zəif komandalar mübarizə aparacaq. Ancaq yenə də hansısa Azərbaycan klubunun burda qalib olacağı real görünmür (Futbolpress).