Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Sentyabr 2022 10:03
Elşad Həsənov: "Mişel çalışır ki, münasibətlər yoluna tez düşsün və Rusiyanın danışıqlarda dominantlığı azalsın"
Məlum olduğu kimi, Avropa Şurası Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında görüş keçirilib. Görüşdə bir sıra məsələlər müzakirə edilib. Bəzi məsələlərlə bağlı tərəflər arasında müəyyən razılaşma əldə olunub.
Bu arada əldə olunan məlumatlara görə, Brüssel görüşündə konkret nəticələrin əldə olunmasına qarşı Paşinyan çox pozucu mövqe sərgiləməyə, mane olmağa çalışıb. Bütün bunlara baxmayaraq, konkret nəticələr var. Məsələn, noyabr ayınadək tərəflər arasında görüşün keçirilməsinə dair razılaşma əldə olunub. Həmçinin, bir ay ərzində xarici işlər nazirlərinin görüşü nəzərdə tutulub. Noyabrda delimitasiya üzrə komissiyanın növbəti iclası Brüsseldə keçiriləcək. Yəni bu kimi konkret razılaşmalar var. O cümlədən, əhalinin sülhə hazırlanması ilə bağlı işlər planlaşdırılır və s. Paşinyanın müqaviməti şəraitində belə konkret nəticələrin əldə olunması, təbii ki, Azərbaycanın siyasətinə uyğundur.
Bütün bu deyilənlərin fonunda maraqlıdır, görüşdə sadalanan konkret nəticələrin əldə olunmasında Şarl Mişelin mövqeyi necə həlledici rol oynayıb? Mişelin rolu nədən ibarət olub?
"Paşinyanın prosesi uzatmasının bir səbəbi də Ermənistan daxilində olan çəkişmələrdir"
Sözügedən məsələ ilə bağlı fikirlərini "Bakı-Xəbər"lə bölüşən politoloq Elşad Həsənovun fikrincə, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən 4-cü görüşdə müəyyən naliyyətlər var: "Bunu Mişel mətbuata bəyanatında göstərdi. İlk növbədə sülh sazişinin hazırlanması üçün işçi qrupun yaranması və xarici işlər nazirliklərinin 1 ay müddətində görüşüb mətnin hazırlanması nəzərdə tutulub. Eyni zamanda növbəti görüşün noyabrda keçirilməsi və ona qədər sülh müqaviləsinin hazırlanması vəziyyətin normallaşmasına müsbət təsir edə bilər. Ş.Mişel əvvəlki görüşlərdə də demişdi ki, əhalini sülhə hazırlamaq lazımdır. Doğrudan da buna ehtiyac var. Ona görə ki, Ermənistanda beynəlxalq hüququn tanıdığı Azərbaycan torpaqlarına müxalif olan qüvvələr var. Bu səbəbdən ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Buna müxalif qüvvələr olduğu üçün Şarl Mişel deyir ki, əhalini buna hazırlamaq lazımdır. Erməni cəmiyyətinə anlatmaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq lazımdır. Çünki Azərbaycan Ermənistanın ərazisinə daxil olmayıb. Sadəcə, öz ərazi bütövlüyünü təmin edib. Paşinyanın prosesi uzatmasının bir səbəbi də Ermənistan daxilində olan çəkişmələrdir. Ona görə də Azərbaycan tərəfi Şarl Mişellə danışıqlarda müzakirələrə konkret müddətin qoyulmasını tələb edib. Ancaq hadisələrin gedişi göstərir ki, qarşıdakı günlərdə Ermənistanda siyasi gərginlik artacaq. Buna səbəb müxalifətin fəallığı və revanşistlərin yenidən konsolidasiyasıdır. Daşnaklar müddətsiz mitinqlərə hazırlaşır və digərlərini də onlara qoşulmağa dəvət ediblər. Ancaq çox güman ki, beynəlxalq güclər danışıqları dəstəklədiyi üçün revanşistlər nəyəsə nail ola bilməyəcəklər. Mişel çalışır ki, münasibətlər yoluna tez düşsün və Rusiyanın danışıqlarda dominantlığı azalsın".
Bu baxımdan siyasi ekspert güman edir ki, noyabrda ciddi nəticələr əldə oluna bilər.