Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2022 08:39
Qarabağdakı separatizmin başlanmasının 31-ci ildönümü - separatçı-terrorçuların qondarma "müstəqillik günü" ilə bağlı Paşinyanın "təbrik məktubu" yayımlanıb. Təbrik məktubu daha çox erməni baş nazirin "öhdəliyini" yerinə yetirməsi kimi görünür və iki kontekstdə diqqət çəkir.
Birincisi, Qarabağa dair iddiaların davam etdirilməsidir: "Dağlıq Qarabağ" ərazi vahidinin mövcud olduğu, "Minsk qrupu" çərçivəsində həll yolları və s.
İkincisi, mövcud vəziyyətə görə məsuliyyətin bölüşdürülməsidir: Nikolun 44 günlük müharibə ilə yanaşı, I Qarabağ və Aprel müharibəsini də xatırlatması məğlubiyyətin tək günahkarının özü olmadığını göstərmək istəyindən irəli gəlir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, erməni baş nazirin məktubunun əsas mahiyyəti isə Qarabağda yaşayan ermənilərin gələcəyi ilə bağlı qeydidir. Paşinyan bununla bağlı iki, həm də müxtəlif cür şərh edilə biləcək fikir irəli sürür:
- "Ermənilərin Qarabağda yaşamağa davam etməsi faktı dəyişməyib və onların öz vətənlərində hüquqlarının qorunacağı, təhlükəsiz şəraitdə yaşamaq hüququ var, əslində Qarabağ münaqişəsinin mahiyyəti də budur";
- "Ermənilərin təhlükəsizliyi və hüquqlarının müdafiəsi məsələləri həll olunmayana, müvafiq status müəyyən edilməyənə qədər "Dağlıq Qarabağ"ın ərazi vahidi kimi mövcudluğunu inkar etmək qəbuledilməzdir";
Bu, ilk baxışda erməni baş nazirin "status" iddiasını davam etdirməsi kimi görünür.
Halbuki Qarabağdakı ermənilərin "statusu" iddiasını "təhlükəsizlik və hüquqların qorunması" istəyi ilə əvəz edən Paşinyan demək istəyir ki, "münaqişə ermənilərin bu hüquqlarına zəmanət veriləcəyi təqdirdə həll edilmiş sayıla bilər", o cümlədən, "ermənilərin bu hüquqları təmin edilməyənə qədər "Dağlıq Qarabağ" ərazi vahidi kimi qalır".
Ermənilərin təhlükəsizliyinə və Azərbaycan vətəndaşları kimi hüquqlarının qorunmasına isə Azərbaycan dövləti qarantdır.
Beləliklə, Paşinyanın qondarma "müstəqillik günü"ndə verdiyi bu mesajı İrəvanın Qarabağa dair yeni baxışı hesab edilə bilər.