Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın yeni “canişini” regiona niyə və hansı təkliflərlə gəlib? - ilginc rəylər

ABŞ-ın yeni “canişini” regiona niyə və hansı təkliflərlə gəlib? - ilginc rəylər

Tarix: 9 Sentyabr 2022 11:34

ABŞ Dövlət Departamentinin Qafqaz üzrə yeni baş məsləhətçisi Filip Riker regiona səfər edib.

Filip Riker artıq bölgədədir. O, dünən Ermənistanda olub. Daha sonra Azərbaycan və Gürcüstanda olacaq.

Bu, Rikerin Cənubi Qafqaza yeni postunda ilk səfəridir.

Öncədən bildirilib ki, Riker Ermənistan, Gürcüstan və Azərbaycana gedəcək və hər üç ölkədə regiondakı əsas məsələləri müzakirə etmək, həll edilməmiş məsələlərin həlli və gələcək regional əməkdaşlıq üçün tərəfdaşlara kömək etməklə bağlı yollar axtaracaq. Eyni zamanda o, birbaşa və konstruktiv şəkildə əməkdaşlıq etmək üçün yüksək vəzifəli şəxslərlə görüşəcək.

Qütblərin toqquşması, habelə Qafqazda da mövcud olan kifayət qədər həssas və yeni reallıqlar fonunda ABŞ-ın bölgəyə diqqəti artırması müşahidə olunmaqdadır. Yeni "canişinin" səfəri bu kontekstdə nəzərləri cəlb edir.

Filip Riker bölgəyə konkret hansı təklif və maraqlarla gəlir? Əlidolu qayıdacaq, yoxsa əliboş?

Milli.Az yeni müsavat-a istinadən xəbər verir ki, AĞ Partiya Mərkəzi Aparatının rəhbəri, siyasi şərhçi Kamran Məmmədli qeyd etdi ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda  yeni geosiyasi reallıq formalaşıb: "Azərbaycan Vətən müharibəsi ilə status-kvonu dəyişdi, öz ərazilərinin böyük hissəsini azad etdi və Cənubi Qafqaza yeni oyunçu qismində Türkiyə daxil oldu .

Bu da eyni zamanda istər regional, istərsə də dünyada siyasi subyektlərin, yəni oyunçuların konfiqurasiyasını dəyişdi.

İndi Cənubi Qafqaz ABŞ, Rusiya, Türkiyə, Böyük Britaniya və Avropa Birliyinin savaş meydanına çevrilib. Hər kəs bu regiondan öz payını almaq istəyir və Filip Rikerin bölgəyə səfərini də bununla əlaqələndirirəm.

Əsasən də Cənubi Qafqazda Rusiya və ABŞ arasında olan bu savaşın Ermənistan uğrunda getdiyini düşünürəm.

Çünki Ermənistan bu regionun ən zəif halqasıdır  və ABŞ-ın nəzərində odur ki, əgər zəif halqa Rusiyanın əlindən alınarsa, bu, Rusiyanın regionu tamamilə itirməsi ilə nəticələnəcək, eyni zamanda Türkiyənin də mövqeyi zəifləyəcək. Bu səfəri bu cür qiymətləndirirəm.

O ki qaldı təkliflərə, düşünürəm ki, Filip Riker həm Ermənistan, həm də Azərbaycan rəhbərliyinə ABŞ-ın Qarabağa dair proseslə bağlı fikirlərini və təkliflərini irəli sürəcək. Bu təkliflərin qabaqcadan nədən ibarət olduğunu demək əlbəttə ki, çətindir. Amma ABŞ bu danışıqlar prosesində Rusiyanın mövqelərini zəiflətmək üçün çalışacaq .

Filip Rikerin əlidolu, yoxsa əliboş qayıtması isə ABŞ -nın regiona təsir imkanlarından asılıdır və bu görüşün nəticələrinə də o askpektdən baxmaq lazımdır. Görüşün yekün nəticələri ABŞ -ın regiondaki təsirinin təzahürü olacaq".

AMİP Mərkəzi Şurasının sədri Rəşad Bayramovun da fikirləri çox diqqət çəkir: "Filip Riker bundan əvvəl də Azərbaycanda və o cümlədən də Gürcüstanda və Ermənistanda səfərdə olub. Onun  bundan əvvəlki gəlişi keçən ilin iyun ayında ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsində olmuşdu. Bu yaxınlarda isə Filip Riker ABŞ Dövlət katibi Entoni Blinken tərəfindən Qafqazda danışıqlar üzrə baş müşavir və faktiki olaraq mövcud olmayan ATƏT Minsk Qrupuna həmsədr təyin edilib.

Maraqlı cəhət ondan ibarətdir ki, Rikerin budəfəki səfəri Qafqaz üzrə yeni baş müşavir qismində baş verir və ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patelin də səfərlə bağlı açıqlamasında onun ATƏT Minsk Qrupunun həmsədri olması ilə bağlı məlumat əks olunmur. Görünür ki, ABŞ tərəfi Minsk Qrupu ilə bağlı məsələnin Azərbaycan üçün həssas məqam olduğunun fərqindədir və məhz bu amilə görə də Rikerin səfərini yalnız Qafqazda danışıqlar üzrə baş müşavirin səfəri kimi təqdim edir. Əslində Bayden administrasiyası da Ukraynada baş verən müharibə fonunda Rusiya ilə ABŞ-ın Minsk Qrupu çərçivəsində əməkdaşlığının qeyri-mümkün olduğunu anlayır. Sadəcə olaraq, ABŞ tərəfindən Minsk Qrupunun adını növbəti dəfə vurğulaması İkinci Qarabağ müharibəsindən sonra vasitəçi ölkə kimi prosesdən kənarda qalmış ABŞ-ın aktivliyini bərpa etməyə hesablanıb.

Odur ki, hansı adla gəlməsindən asılı olmayaraq Rikerin gəlişi ABŞ-ın Cənubi Qafqaz regionuna marağının artması ilə izah olunmalıdır. Xatırlayırsınızsa, Rikerin təyinatı zamanı ABŞ dövlət katibi bəyanatla çısış etmişdi və bildirmişdi ki, "Səfir Filip Riker Ermənistan və Azərbaycan arasında birbaşa dialoqu təşviq etmək üçün Avropa İttifaqı kimi həmfikir tərəfdaşlarla ikitərəfli əsasda qarşılıqlı fəaliyyət göstərəcək" və ABŞ Ermənistan və Azərbaycana uzunmüddətli siyasi nizamlama üzrə danışıqlarda kömək etməyə sadiqdir. Bu bəyanat onu deməyə əsas verir ki, ABŞ Azərbaycan və Ermənistan arasında Brüssel formatında keçirilən danışıqların bundan sonra Vaşinqtonla əlaqələndirilmiş şəkildə həyata keçirilməsini istəyir. Mən tamamilə əminəm ki, bu məqam ABŞ-la Avropa İttifaqı arasında da razılaşdırılıb. Yəni biz yaxın gələcəkdə daha geniş formatda vasitəçilik missiyalarının şahidi ola bilərik, eləcə də ayrıca ABŞ vasitəsilə də bu və ya digər səviyyəli görüşlərə şahidlik edə bilərik.

Ancaq bu danışıqların reallaşması ABŞ-ın mövqeyinin tərəflər üçün nə qədər cəlbedici olmasından çox asılıdır. Yəni ABŞ sülh prosesində irəliyə doğru dönüş yaratmaq üçün Rusiyadan və Avropa İttifaqından daha səmərəli təkliflər irəli sürməlidir. Xüsusilə də əgər ABŞ həqiqətən də regionda sülhə və əməkdaşlığa nail olmaq istəyirsə, o zaman Ermənistanın Rusiyanın təsirindən çıxarılması istiqamətində konkret addımlar atmalı və sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və sülh sazişinin imzalanması ilə bağlı Ermənistana təzyiqlər göstərməlidir.

Bu baxımdan Rikerin səfərdən əlidolu və ya əliboş qayıdacağı da məhz ABŞ-ın özündən və sərgiləyəcəyi mövqedən asılı olacaq. Başqa sözlə desək, əgər Riker ermənilərin statusu məsələsini qaldıracaqsa və ya ABŞ-ın indiyə qədər olduğu kimi, Zəngəzur dəhlizinin açılmasına qarşı mövqeyini dəstləyəcəksə, yəni Azərbaycanın maraqlarına cavab verməyən mövqe sərgiləyəcəksə, o zaman hər hansı nəticə də əldə olunmayacaq".

Milli.Az


Etiketlər:  ABŞ ın yeni canişini regiona niyə hansı təkliflərlə gəlib ilginc rəylər


RƏYLƏR