Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 13:44
O tarixi və faciəvi hadisələrin üstündən 100-104 il vaxt keçib. Amma regionda, Qafqazda baş verən hadisələrə diqqət edəndə məlum olur ki, "kim kimi" məsələsi tam həll olunmayıb, mövcudluq uğrunda mübarizə davam edir.
Düşmənlər də köhnədir, dostlar da
Türkiyənin siyasi-hərbi gündəmində, siyasətçilərin ritorikasında dəyişən bir şey yoxdur: Yunanstanın silahı yenə öz gözünə böyük görünür, Aralıq dənizində hücumçu mövqedədir, Türkiyəyə qarşı təxribat törədir, ABŞ və Avropa ölkələri yüz il əvvəlki kimi Türkiyə ilə yenidən qəribə bir intriqa içinə giriblər, sanki bu dövləti sarsıtmaq niyyətindədir, yeni maşalar tapıblar. Fransa 100 il əvvəlki ermənilərə havadarlıq edir. Dünya erməniləri Türkiyəyə qarşı iddialarından geri durmur, yeni havadarlara güvənərək 125 ildir davam edən düşmənçiliklərini sürdürürlər.
Sonxeber.net "yeni müsavat"a istinadən xəbər verir ki, Türkiyə və Azərbaycan 104-110 il əvvəl olduğu kimi yenidən hərbi müttəfiqdirlər və bir-birinin haqqını qorumaq üçün qarşılıqlı yardımlaşmaya ehtiyac duyurlar, müttəfiqlik sazişi imzalayır, strateji bəyannamə qəbul edir, ən əsası bunların kağız üzərində qalan sözlər olmadığınə əməli işlərlə göstərirlər.
1918-ci ilin mart-sentyabr aylarının məşum gerçəkləri
Biz yalnız dövlət müstəqilliyi qazandıqdan sonra sovet dönəmində həqiqəti təhrif edən bədii əsərlərdən - film və romanlardan bir çox gerçəklərin bizə yanlış təqdim edildiyini anladıq. Yalnız o zaman bildik ki, 104 il əvvəl Bakını erməni-rus daşnak-bolşevik birləşmələrindən Qafqaz İslam Ordusu, Anadoludan gələn əsgər və zabitlər xilas edib. Ona qədər belə qələmə verilirdi ki, guya həmin ordu Bakı istila etməyə, Bakı proletariatını əzməyə gəlib.
O zamana qədər erməni silahlı birləşmələrinin Bakıda və ölkənin digər bölgələrində (Şamaxıda. Qubada, Lənkəranda, Qarabağda) törətdiyi mart qırğınları haqqında xalqa heç bir dürüst informasiya verilməmişdi, yalnız sovet ideologiyasına, yalançı xalqlar dostluğu təbliğatına xidmət edən əsərlərdə ermənilərlə azərbaycanlılar arasında baş verən silahlı münaqişə barədə söz açılırdı və döyüşən tərəflər arasında bərabərlik işarəsi qoyulurdu. Yəni milli zəmində qarşıdurma olub, hər iki tərəf itki verib. Vəssalam. Həqiqət isə bundan ibarət idi ki, azərbaycanlılar öz doğma və qədim şəhərlərində görünməmiş qətliama, genosidə məruz qalıblar, on minlərlə günahsız insan öldürülüb, gücləri şəhəri ermənilərə verərək ətraf kəndlərdə gizlənməyə çatıb.
Bütün bunları biz sonralar bildik. Sovet məmurları arxivləri elə qapatmamışdı ki, kimsə bu həqiqətləri üzə çıxarıb xalqa təqdim edə biləydi.
Yadların saray tikdikləri Bakıda yerli və gəlmə fəhlələrin saldığı Qaraşəhər
Bakı xanlarının, şirvanşahların yurdu olan Bakının qara günləri, əslində qara neftin torpaqdan sızıb çıxmasıyla və bu mayenin yanacaq olmasının bilinməsiylə başlanıb. Ona qədər dəniz sahilində yerləşən, daima sərt küləklərin əsərək tozu-qumu havaya sovurduğu bu şəhər yadellilərin diqqətini o qədər də çəkməyib. Ancaq kəsif iyli mayenin necə qiymətli bir nemət olunduğu bilinəndən sonra yadelli sahibkarlar milçək sürüsü xar tutun şirəsinə qıjıldayaraq cumduğu kimi Bakıya cumublar. Onların arasında isveçlilər, almanlar, ingilislər, ruslar və ermənilər olub. Rusiya çarı Bakı neftini onlara peşkəş edib ki, hasil etsinlər, həm özlərinə, həm də imperiyaya sərvət qazandırsınlar.
Bakıda yerli kasıbların və İrandan iş dalınca gələn, "həmşəri" adlandırılar fəhlələrin yaşadığı qara şəhərlər, gecəqondular artdıqca Bakının mərkəzi hissəsində də yadelli varlıların imarətləri boy-boya düzülüb.
Ermənilərin Bakıya axışması və neftə daraşması
Tamahkar erməni sahaibkarlar yavaş-yavaş Bakıda təşəbbüsü ələ keçiriblər. Aleksandr və Levon Mantaşovlar, Mikael Aramyans, Arakel Saturyan, Q.Arafelyan, O.Tumanyan, Georgi və Srepan Lianosyanlar, Abram və Osip Qukasyanlar, Daniil, Ovanes, Lazar Mailyan qardaşları və başqaları Tiflisdən, Peterburqdan, Qarabağdan, Tehrandan Bakıya axışaraq, burada neft biznesinə girişiblər və tezliklə şəhərin ən varlı şəxslərinə çevriliblər. Onların varidatı və fəallıqları azərbaycanlı sahibkarlarınkından üstün olub. Bu şəxslərin necə bir qudurğan həyat tərzi keçirdikləri erməni yazıçısı Aleksandr Şirvanzadənin "Xaos" romanında dolğun əks olunub. Romanı oxuyanlarda Bakının hələ 1890-cı illərdə erməni şəhərinə çevrildiyi, onun əsl sahibinin ermənilər olduğuna dair qənaət yaranır. Gürcü mənşəli rus yazıçısı Boris Akuninin "Qara Şəhər" romanında da 1914-cü ildə Bakıda erməni sahibkarların necə üstün mövqedə olması göstərilir.
Bakının yavaş-yavaş ələ keçirilməsi
Adı çəkilən və çəkilməyən erməni sahibkarlar öz yanlarında minlərlə silahlı erməni qoçular saxlayıb, ölkənin digər bölgələrində, eləcə də Gürcüstan və indiki Ermənistanda yaşayan ermənilərin Bakıya köçməsini, məskunlaşmasını, silahlanmasını (əsasən "Mauzer" tipli tapançalarla və yeddiatılan tüfənglərlə) təmin ediblər. Həmin dövrdə ermənilər həm bisnes mühitində, həm də inqilabi hərəkatlarda daha fəal və mütəşəkkil olduqlarından çar Rusiyası dağılanda hərəkətə keçərək Bakının əsl sahibinə çevriliblər və onlar bunu silah gücünə, aborigen xalqa qarşı qırğın törətməklə ediblər. Stepan Şaumyanın rəhbərlik etdiyi "Bakı kommunası"nın rəhbərliyində ermənilər azərbaycanlılardan 3 dəfə çox təmsil olunublar. Onların arasında Stepan Şaumyan, Anastas Mikoyan, Armenak Boryan, Arsen Əmiryan, Baqdasar Avakyan, Qriqori Korqanov, Suren Osepyan, Aram Kostandyan, Tatevos Əmirov və başqaları olub. Bunlardan başqa, ö dövrdə Bakıda Amazasp Srvantsyan, Stepan Lalayan, Z.Avetisov kimi daşnaklar sözün bütün mənalarında at oynadıblar.
Beəliklə, 19-ci əsrin ikinci yarısından sonra Bakının ermənilər tərəfindən yavaş-yavaş ələ keçirilməsi prosesi 1918-ci ilin martında başa çatıb.
Əgər Qafqaz İslam Ordusu gəlməsəydi...
Bunu düşünmək belə çətindir. Ancaq əminliklə demək olar ki, o halda nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yerli türklər ayrı-ayrı rayonlarda gettolarda yaşayacaq, rezervasiyalarda yaşayan hindu qəbilələrinə dönəcəkdilər.
Bizi bu məşum aqibətdən Türkiyə sultanı V Mehmed Rəşadın rüsxəti, Ənvər paşanın əmri, Nuru paşa Killigilin komandanlığı ilə Bakıya gəlmiş xilaskar ordu qurtarıb. Bu ordu 1918-ci ilin sentyabrın 15-də Bakını ermənilərdən azad edərək, qatil quldurlara elə bir ağır zərbə vurub, erməni birləşmələrini elə darmadağın edib ki, onlar 1920-ci ildən, Azərbaycan qırmızı ordu tərəfindən işğal olunandan sonra da özlərinə gələ bilməyiblər. Əslində isə 1920-ci ildən sonra da Bakıda ermənilər yenə üstün mövqedə olublar, şəhər təsərrüfatının, neft sənayesinin idarə edilməsində rəhbər postlar tutublar, hətta iki dəfə Azərbaycana rəhbərlik də ediblər (Levon Mirzoyan və Ruben Rubenovun simasında).
Bu baxımdan 15 sentyabr Bakının gerçək qurtuluş günüdür.
Böyük dövlətlərin əndişəsi
Onu da qeyd edək ki, 1918-ci ilin yayında türk ordusunun Bakıya yürüşünə qarşı çıxanlar da olub. Məsələn, Osmanlı dövlətinin düşməni olan dövlətlərlə yanaşı bu dövlətin müttəfiqi olan Almaniya da Qafqazda Brest-Litovsk müqaviləsi ilə müəyyən olunan sərhədlərin Şərqinə keçilməsini istəmirdi. O zamanlar almanların Gürcüstanda və Bakı nefti üzərində gizli hesabları olub, bu üzdən türk ordusunun Azərbaycana girməsinə qəti şəkildə qarşı çıxıb.
Biz bu məsələdə də tarixin təkrar olunduğunu görürük. İki il əvvəl Azərbaycan ordusu əvvəlcə Tovuz istiqamətində, daha sonra Füzuli-Cəbrayıl nahiyəsində erməni hərbi birləşmələrin növbəti təxribatçı həmləsini dəf edərək, əks-hücuma keçəndə yenə bir sıra böyük dövlətlər Türkiyənin Azərbaycana hərbi-siyasi dəstək verəcəyindən böyük əndişə keçirirdilər.
Fəqət bir ay yarım davam edən hərbi kampaniya müvəffəqiyyətlə başa çatdı, Azərbaycanın və Türkiyənin hərbi uğurlarını istəməyən dairələr fakt qarşısında qaldılar.
Bir daha bütün dünyaya, eləcə də Azərbaycan və Türkiyə xalqlarına əyan oldu ki, dostluq-qardaşlıqla yanaşı hərbi müttəfiqliyin faydaları ölçüyə gəlməzdir və müasir dünyada dövlət olaraq öz mövcudluğunu qorumaq, inkişaf etmək üçün buna ciddi ehtiyac var.
Daha da birləşib olsunlar bir can Türkiyə və Azərbaycan
Azərbaycan və Türkiyə rəhbərliyinin imzaladığı Şuşa Bəyannaməsinin təkcə qardaşlığın sarsılmazlığını göstərmirdi, eyni zamanda strateji müttəfiqlik münasibətlərində yeni tarixi səhifə açılmasının göstəricisiydi.
Türk dünyasının parlaq və tarixi liderləri, görkəmli şəxsiyyətləri olan dövlət başçılarının - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son illərdə yeritdiyi siyasət bir çox hallarda sinxron xarakter daşımaqla, dostluq və qardaşlıq münasibətlərinin ciddi örnəyidir. Ən həlledici anlarda Azərbaycan və Türkiyənin vahid komanda kimi göstərdiyi fəaliyyət siyasi və hərbi müstəvidə uğurlarımızın bazası oldu. 44 günlük müharibənin ən gərgin günlərində böyk paytaxtlardan Azərbaycanın üzərinə gələn təzyiqlərə dövlət başçımızla yanaşı, Türkiyə lideri də sinə gərirdi, öz tutarlı təpkiləri ilə ehtiyatsız boksçular kimi irəli şığıyanları yerində oturdurdu.
Hər iki ölkənin xalqı bu yaxın tarixdə baş verənləri diqqətlə müşahidə edir və məmnun qalırdı. Təsadüfi deyil ki, Türkiyədə İlham Əliyevin şəxsinə böyük rəğbət olduğu kimi, Azərbaycanda da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın personasına böyük rəğbət və sayğı var. Onları gerçəkdən xilaskar liderlər sayırlar.
Əslində bu, tarixdə ilkdir. Heç vaxt, yüz il öncə də Azərbaycan və Türkiyə liderləri bu qədər açıq, səmimi və güclü şəkildə bir arada olmayıblar. Düzdür, 100-104 il əvvəlki tarixi şəxsiyyətlər də həlledici anlarda bir-birinin köməyinə çatmağa çalışıb, qarşılıqlı anlaşma içində olublar, ancaq onların fəaliyyəti indiki kimi effektiv olmayıb.
Əsas məsələ dostluğu-qardaşlığı qorumaq, dərinləşdirmək, daha da qaynayıb-qarışmaqdır. Sovet vaxtı məşhur olan "daha da birləşib olsunlar bir can, yoldaş Azərbaycan, hinger Hayastan" devizinin puçluğunun qabarıq şəkldə büruzə çıxdığı indiki dönəmdə biz də, Anadolu türkləri də qarşılıqlı səmimiyyətə dayanan dostluğun qədir-qiymətini bir daha anladıq, daha sonralar isə daha yaxşı biləcəyik.