Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2022 14:27
ABŞ-ın Qafqaz üzrə baş məsləhətçisi Filip Riker sentyabrın 13-də Azərbaycana gəlib. O, daha əvvəl Ermənistan və Gürcüstanda olub. Onun Bakı səfəri sentyabrın 15-dək davam edəcək.
Açıqlamada qeyd edilib ki, səfir Riker "ABŞ-ın davamlı sülhün əldə edilməsinə yönələn Azərbaycan-Ermənistan diplomatik səylərinə dəstəyini müzakirə edəcək".
Rikerin səfəri baş tutmazdan öncə - ötən həftə onun gələcəyi haqda məlumat açıqlananda belə rəylər verilmişdi ki, Qafqaz üzrə "canişin"in həmsədr qismində gəldiyini bəyan etməyin hüquqi bir yolu olmayıb, ona görə də onu yalnızca "məsləhətçi kimi" yolladıqlarını rəsmi bəyan ediblər. Həmçinin deyilirdi ki, Riker əslində Minsk Qrupunun fəaliyyəti ilə bağlı da təkliflərlə çıxış edəcək. Habelə vurğulanır ki, onun əsas təklifi Brüsseldə aparılan danışıqların bundan sonra ABŞ-la əlaqələndirilmiş şəkildə davam etdirilməsindən ibarət olacaq.
Əvvəla, Riker gəlib çatana qədər Ermənistan faktiki olaraq törətdiyi təxribatlarla Brüssel prosesini tormozladı. ABŞ da rəsmi bəyanat verərək, ermənipərəst mövqedən çıxış etdi. Bundan sonra Rikerin səfərinin, təkliflərinin, onunla müzakirələrin bir önəmi qalırmı?
Digər tərəfdən, bəzi qaynaqlar və hətta tanınmış ekspertlər iddia edirlər ki, əslində Azərbaycan-Ermənistan sərhədindəki müharibəni Ermənistan məhz Qərbin (ABŞ) sifarişi ilə törədib. Bununla da regiona və iki dövlət arasındakı münasibətlərə müdaxil olmaq imkanı yaranır və Rusiyanın cənubunda yeni qaynar nöqtə yaratmaqla, Kremlin sülh missiyasını sıfırlayır, onun sülhməramlı mandatı ilə bölgədə olan silahlı qüvvələrini etibarsızlaşdırır və həm Azərbaycana, həm də Ermənistana bu və ya başqa çəkildə təzyiq mexanizmi əldə edir...
Qeyd edək ki, sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri Prezident İlham Əliyev qəbul edib.
Görüşdə sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin iki ölkənin sərhədinin Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatlar müzakirə olunub.
Dövlət başçısı Azərbaycanın Ermənistanın bu təxribatlarına cavab tədbirləri həyata keçirdiyini və baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
Söhbət zamanı regionda sülhün və sabitliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Görüşdən sonra mətbuat konfransı keçirən F.Riker bildirib ki, müzakirə zamanı ABŞ-ın prioritet hesab etdiyi mövzular - energetika və iqtisadi əlaqələr, insan hüquqları və əsas azadlıqlar, həmçinin regionda təhlükəsizlik üzrə danışıqlar aparılıb.
O, ABŞ-ın Azərbaycanı strateji tərəfdaşı hesab etdiyini qeyd edib.
Qeyd edək ki, ABŞ və Rusiyanın rəsmi şəxslərin Azərbaycana ardıcıl səfərləri artıq bir neçə aydır davam edir və Rusiya-Ukrayna müharibəsi başlayandan daha intensiv xarakter almağa başlayıb.
Bəzi ekspertlərin fikrincə, bu iki ölkə Qafqaz regionu, o cümlədən Azərbaycan uğrunda "soyuq müharibə" aparır.
Mustafa İlıcalı: "Bu haqsızlıq üçün Ermənistana bütün ölkələrin təpkisi lazımdır"
Sonxeber.net xəbər verir ki, mövzu ilə bağlı "yeni müsavat"a danışan Ərzurumdan olan keçmiş millət vəkili, professor Mustafa İlıcalı dünyaya çağırış etdi: "Biz "Bir millət, iki dövlət" olaraq, yaxşı gündə də, pis gündə də bir-birimizin yanındayıq və belə də sona qədər davam etməliyik. Ermənistanın bu təxribatlarını ən sərt şəkildə qınayırıq. Türkiyənin ən yüksək vəzifə tutan birinci şəxsindən ən sadə vətəndaşına qədər hər kəs bunu deyir. Sayın Əliyevin dediyi kimi, ermənilərin "ağıllarını başlarına yığmalarını" gözləyirik. Digər dövlətlərin də bu haqsızlığa dəstək verməmələrini gözləyirik. Son təxribatlarda Qərb ölkələri izinin axtarılmasına gəlincə deyə bilərəm ki, bəli, Cənubi Qafqaz uğrunda Rusiya-Amerika savaşı uzun illərdir gedir. Zatən Azərbaycanla Ermənistan arasında atəşkəs əldə olunub, yəni 10 noyabr razılaşmasını nəzərdə tuturam. Rusiya, Amerika və İran kimi ölkələrin ədalətdən yana olmalarını istərdik. Çünki burada anlaşmanı pozan, atəşkəsi pozan Ermənistandır. Barış hər kəs üçün önəmlidir. Bizim Cümhurbaşqanı da daxil, sentyabrın 15-də Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək. Orada da bu məsələlər gündəmə gələcək. Bu haqsızlıq üçün Ermənistana bütün ölkələrin təpkisi lazımdır".
Azər Badamov: "Cəhənnəmə göndərdiyimiz məsələlərin yenidən canlandırılmasına heç zaman imkan verilməyəcək"
Deputat Azər Badamovun bu səfərlə bağlı fikirləri də çox diqqət çəkir: "Ermənistan xarici havadarların dəstəyinə arxalanaraq geniş hərbi təxribata əl atdı. Silahlı Qüvvələrimiz öz peşəkarlığını nümayiş etdirərək ermənilərin hücum cəhdlərinin qarşısını aldı və cavabımız düşmən üçün çox ağır nəticələndi. Azərbaycan əks-təxribat əməliyyatını beynəlxalq hüquq normalarını yüksəkdə tutub özünümüdafiə hüququndan istifadə edərək həyata keçirdi. Dövlət başçımız başqa ölkənin torpaqlarında gözümüz olmadığını dəfələrlə bəyan edib. Yenə də ordumuz dövlət sərhədimizdən kənara çıxmadı və düşmənin ancaq hərbi legitim hədəflərini zərərsizləşdirməklə kifayətləndi.
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra müharibənin bitdiyini elan etmiş və danışıqlar yolu ilə sülhün və sabitliyin təmin edilməsinin tərəfdarı kimi çıxış edən tərəfdir. Azərbaycanın bütün hərəkətləri beynəlxalq hüquq çərçivəsindədir. Ona görə də heç bir güc Azərbaycana iradını bildirə bilmir və ancaq danışıqlar yolu ilə məsələlərin həll olunmasının vacibliyini bildirməklə kifayətlənirlər. Əlbəttə ki, Azərbaycanın ən böyük istəyi də elə budur. Ona görə də Ermənistandan 10 noyabr üçtərəfli bəyanatın şərtlərini icra etməyini tələb edir. Ermənistan razılaşmalarla götürdüyü öhdəlikləri icra edərsə, heç bir hərbi əməliyyata ehtiyac qalmaz. Əgər beynəlxalq gücü özündə ehtiva edən dövlətlər regionda əsl sülh və sabitlik istəyirlərsə, qoy, Ermənistanı öz öhdəliklərini icra etməyə məcbur etsinlər. Amma Ermənistan yenə də təxribatlar törətməklə razılaşmaları heçə endirmək istəyərsə, Azərbaycan da öz suveren hüququndan istifadə edərək antiterror əməliyyatı keçirməklə Qarabağı erməni hərbi tör-töküntülərdən təmizləyə bilər. Azərbaycanın yeganə istəyi dövlət sərhədlərini müəyyənləşdirib bir-birinin ərazi bütövlüyünü tanımaqdır. Ondan sonra qonşuluq münasibətləri formalaşmalıdır. Zəngəzur dəhlizini açmamaqla Qarabağda yaşayan ermənilərə dəhlizin açılması da düzgün prinsip sayılmır və heç kim də Azərbaycanı buna məcbur edə bilməz. Azərbaycanın güclü ordusu var və lazım gələn zaman ölkəmizə ola biləcək hərbi təhlükəni məhv etmək iqtidarındadır. Ona görə də regionda sülhün və sabitliyin təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin davam etdirilməsinin vacibliyi təşəbbüsü ilə çıxış edən hər bir ölkənin fikrinə hörmətlə yanaşırıq. Amma vurğuladıqları sülh gündəliyi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistana təklif etdiyimiz əsas 5 baza prinsipi əsasında icra olunmalıdır. Bununla yanaşı, cəhənnəmə göndərdiyimiz məsələlərin yenidən canlandırılmasına da heç zaman imkan verilməyəcəkdir".
Əziz Əlibəyli: "Riker Ermənistanın siyasətini dəstəkləməkdə ad çıxarmış şəxsdir"
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli "çağırılmamış qonaq"ın əsl mahiyyətindən danışdı: "Filip Riker Şərq üzrə çox tanınmış təxribatçılardan biridir. Onu siyasətçi adlandırmamışdan əvvəl bu cür adlandırmalıyam. O, bütövlükdə Şərqdə, İran, İraq, Suriya məsələlərində təcrübəsi olan şəxsdir. Bu şəxsin hesab edirəm ki, bizim bölgəyə yönəlik diqqəti, siyasəti, kifayət qədər dinamik yanaşması, bir az əlaqələri imkan verir ki, son proseslərin həyata keçirilməsində onun əli olsun. "Sülh canişini" adlandırılmış bu şəxs son zamanlar Minsk Qrupu məsələsini gündəmə gətirməklə Ermənistanla Azərbaycan arasında reallaşa biləcək sülh məsələlərinə zərbə vurmaq niyyəti daşıyır. ABŞ Administrasiyasında Qarabağ məsələsinə müxtəlif mövqelər var. Filip Riker bizə əks cəbhədə qərar tutan insanlardan biridir. Burada onun Paşinyan iqtidarının arxasında gizli formada dayanaraq, Ermənistanı Azərbaycanla toqquşdurmaqla Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyəti çox real görünür. Biz bu savaşı lap psixoloji, hibrid-filan savaşı adlandırsaq da mahiyyət dəyişmir. Riker Ermənistanın siyasətini dəstəkləməkdə ad çıxarmış şəxsdir. Çox təəssüflər olsun ki, bu şəxs bir təxribatçıdır".