Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranın “qırmızı xətti”nin altındakı qara niyyət – qurban verilən din-məzhəb qardaşlığı

İranın “qırmızı xətti”nin altındakı qara niyyət – qurban verilən din-məzhəb qardaşlığı

Tarix: 1 Oktyabr 2022 08:36

Əxlaq polislərinin gənc qızın ölümünə səbəb olan hərəkətləri üzündən İranda başlanmış iğtişaşların günahını hakimiyyət rəsmiləri başqa ölkələrin kəşfiyyat orqanlarının üstünə yıxırlar. Bu absurd siyahıda İsrailin, Türkiyənin və Azərbaycanın adı var.

Əslində, bu, həmin ölkələrin İrana münasibətindən çox, İranın bu ölkələrə münasibətinin göstəricisidir. Belə anlaşılır ki, rəsmi Tehran məhz bu ölkələri düşmən gözündə görür və üzləşdiyi hər bir xoşagəlməz hadisəyə görə onları məsul tutur.

Ölkəmizin adının belə işlərdə çəkilməsi o qədər cəfəng iddiadır ki, bunu ciddi söhbət sayıb polemika mövzusuna çevirmək belə olmaz. O biri adları çəkilən dövlətlər isə özləri ittihamlara cavab verə bilərlər.

Faktlar isə belədir: aralarındakı münasibət nə qədər düşməncəsinə olsa da, müsəlman dünyasından İsraili müstəqil dövlət kimi tanıyan ilk iki ölkənin biri Türkiyə, digəri İran olub.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, İsrail və Türkiyə dövlətləri arasındakı münasibətlərin əsası 1949-cu ilin mart ayında qoyulub.

Bundan bir neçə ay sonra İran artıq digər müsəlman dövlətləri tərəfindən "sionist dövləti"ni tanımağa görə ittiham olunacağından çəkinməyərək İsraillə təmasa keçib və 1950-ci ildə bu dövlət də İsraili tanıyıb.

1949-50-ci illərdə də Fələstin problemi indikindən daha kəskin şəkildə mövcud olsa da, bu fakt nə Türkiyəyə, nə də İrana "müsəlman qardaşlığı" prinsipindən çıxış etməyə səbəb olmayıb.

Ona görə ki, hər iki dövlətin öz milli maraqları vardı və bu maraqlar dini identiklik faktorundan daha ümdə idi.

Türkiyənin də, İranın da maraqları tələb edirdi ki, II dünya müharibəsindən qalib və xeyli güclənmiş halda çıxmış, üstəlik, sərhədlərini, eləcə də nüfuz dairəsini qərbə və şərqə (Koreya və Monqolustandan Macarıstana, Almaniyanın yarısına qədər) doğru genişləndirmiş SSRİ-nin potensial hərbi aqressiyasından qorunmaq üçün ABŞ-a, Qərbə sığınsınlar.

    ABŞ prezidenti Ceyms Karter və İran şahı Məhəmmədrza Pəhləvi bir arada

ABŞ isə onlara İsraili tanımağı və onunla dosr-müttəfiq olmağı məsləhət görmüşdü.

İsrail-İran dostluğu 1979-cu ilə, islam inqilabına qədər davam etdisə, İsrail-Türkiyə yaxınlığı daha 30 il davam etdi və 2009-cu ilin yanvarında İsveçrənin Davos şəhərində məşhur "van minut" replikası ilə bir dəqiqənin içində puç oldu.

İran 1979-cu ildə şahı devirərkən ABŞ-la da düşmən oldu və avtomatik İsraillə də dostluq münasibətinə son qoydu. Məhz onda İranın yeni hakimiyyətinin yadına düşdü ki, Yaxın Şərqdə İsrailin gün vermədiyi Fələstin adlı bir ölkə və onun müstəqillik davası aparan binəsib xalqı var.

İran həmin İran idi ki, 1949-cu ildən 1979-cu ilə qədər 30 il boyunca Fələstinin varlığına, mübarizəsinə göz yummuş, İsraillə çox yaxın müttəfiqlik büsatı qurmuşdu, ancaq klerikal qüvvələrin hakimiyyətə gəlməsi ilə bu ölkəyə münasibət dəyişdi.

Beləliklə, bir vaxtlar bütün müsəlman dünyasına, Fələstin problemi ilə bağlı müsəlman dövlətlərin etirazına etina etmədən İsraillə dost olan İran və Türkiyə axırda məhz Fələstin probleminə görə İsraillə münasibətlərini korladılar.

                      İsrail, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin liderləri sənəd imzalayır

Bunun əksinə olaraq, vaxtilə Fələstinə görə yeni yaranmış İsraillə düşmən olan, hətta onunla müharibə aparan ərəb dövlətləri (Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhteyn, İordaniya) hazırda onunla yaxın münasibətdədirlər və indi də onlar Fələstin problemini İsraillə əlaqələr üçün maneə olaraq görmürlər.

Bununla yanaşı, İraq, Suriya və Livan kimi müsəlman ölkələri də var ki, İsraillə münasibətləri pisdir, amma bu, indiki halda məhz dövlət maraqları, ərazi ixtilafları ilə bağlı münaqişələrin nəticəsidir, Fələstin probleminə aidiyyatı azdır.

Şərh etmək istədiyimiz mövzunun üstünə gələrək qeyd edək ki, İranın da Fələstin davası heç də "din qardaşlarının mənafeyi uğrunda mübarizə" xarakteri daşımır, tam olaraq dövlət mənafeyi və milli maraqlar zəminindədir.

                      Qüdsdə əl-Əqsa məscidinin önündə qaldırılan İran bayrağı

 Yoxsa başqa vaxt həmişə şiə məzhəbçiliyini dövlət siyasəti səviyyəsinə qaldıran rəsmi Tehran sünni təriqətinə mənsub Fələstinə bu qədər qahmar çıxmazdı. İranı idarə edənlər dövlət maraqlarını əsas götürərək hesab edirlər ki, Yaxın Şərqdə söz sahibi olmaları, "sionist rejim" deyə damğaladıqları İsrailə xroniki başağrısı yarada bilmələri üçün Fələstinə hərtərəfli yardım göstərməlidirlər. Bu "hərtərəfli yardım"ın başında "Həmas" təşkilatının maliyyələşdirilməsi və təşkilatın bu sayədə geniş təbliğat-təşviqat işləri apararaq Fələstində əsas söz sahiblərindən biri olması təmin edilib.

Əslində isə sünnilər İran şiələrini "rafizilər" (imtina edənlər, peyğəmbərin əshabələri olan xəlifələrin hakimiyyətinin legitimliyini tanımayanlar) adlandırır, şiələr isə onlara "peyğəmbərin nəvələrini qətlə yetirənlər" damğası vurur. Ortada 1390 il əvvəldən (peyğəmbərin vəfatından sonra), hakimiyyət uğrunda başlayan, 1342 il əvvəl imam Hüseynin və əshabələrinin qətliama uğradılması ilə daha da şiddətlənən bir intriqa, düşmənçilik var. İran digər sünni dövlətlərlə həmin intriqanı sürdürdüyü halda Fələstinə gələndə bütün olub-keçənləri unudur? Əsla! Fələstini müstəsna yerə qoymaq ona sırf milli maraqları üçün lazımdır.

                             İranın gözü qarşısında xaraba qoyulan müsəlman yurdu

İran belə "din-məzhəb qardaşlarının haqqı uğrunda mübarizə aparan" olsaydı, 1988-ci ildən ta 2020-ci ilə qədər yüzdəfələrlə hücuma, qətliamlara məruz qalan, ərazisinin 20 faizi, sərhədinin 150 kilometrə yaxını (1993-cü ilin sentyabr-dekabr aylarında bu qədər olub, sonradan 135 km-ə düşüb) işğal olunan Azərbaycan şiələrinin haqqını nədən müdafiə etmədi? Hələ indiyə qədər heç bir İran rəsmisi, din xadimi bu suala cavab verməyib, hamısı sadəcə bu sualın üstündən sükutla keçiblər. Həmin suala İranın xarici işlər nazirlərindən biri dar dairədə belə bir səmimi cavab verib ki, biz Türkiyənin digər türk dövlətləri ilə, o cümlədən Azərbaycanla quru sərhədinin olmaması üçün onların arasına pərçim olunmuş Ermənistanı dəstəkləyirik.

Başqa sözlə, din-məzhəb qardaşlığı da, adicə humanizm prinsipləri də, məzlumun tərəfində olmaq kimi Allah buyruğu da İran tərəfindən hələ 30 il öncədən tapdaq edilib. Bunlar mübahisə predmeti olmayacaq dərəcədə aksiomalardır. Hər şey gün kimi aydındır.

Əgər İran üçün dini və humanist dəyərlər prioritet olsaydı, aqressiv xaçpətərəst ermənilərin qarşısında o durardı və Azərbaycanın ərazilərinin işğalını öz qırmızı xətti elan edərdi. Bu, baş verməyib. Amma indi İran rəsmiləri hərəkətə gəlib, hər gün Türkiyə ilə Azərbaycanı birləşdirəcək dəhlizin açılmasına qarşı çıxış edirlər və bu xüsusda Ermənistandan da ötədirlər. İran rəsmilərinin tez-tez işlətdikləri "Zəngəzur dəhlizi bizim qırmızı xəttimizdir" mülahizəsinin altında həmin siyasət (həmin yolun "türk dəhlizi"nə çevrilməsinə imkan verməmək) durur.

Bəzən demaqoqcasına iddia olunur ki, İranın bu cür mövqe tutmasına səbəb Azərbaycanın İsraillə dostluq münasibətində olmasıdır.

Olduqca cəfəng və əsassız fikirlərdir. 1988-91-ci illərdə Azərbaycan-İsrail dostluğu vardı? O zaman Azərbaycan heç müstəqil dövlət deyildi, özünə müttəfiq tutmaq imkanı yox idi, amma erməni təcavüzünə məruz qalmışdı, İran isə susurdu.

Bəs bu cür gərgin, gündən-günə pisləşən münasibətlərin axırı necə olacaq? Münasibətlərin normallaşmasının yeganə yolu ölkələrin bir-birinin daxili işlərinə qarışmaqdan, bir-birinin içində casus şəbəkəsi formalaşdırmaqdan, bir-birinin ayağının altını qazmaqdan imtina etməsi ola bilər. Yuxarıda sadalananların üçünü də İran edir. Azərbaycanın bu istiqamətdə heç bir fəaliyyəti yoxdur, olsaydı, indiyəcən ortaya fakt qoyular, ifşa və həbs edilənlər olardı. 10 il əvvəl iki şairi şərləyib tutmaq sayılmır. Azərbaycan İrana işləyən casusları ifşa edib tutanda İran tərəfi də belə bir uğursuz və rüsvayçı avantüraya qol qoydu, amma ziyanın yarısından qayıtmalı oldu.

Elə indi də ziyanın yarısından qayıtmaqda fayda var. Azərbaycan milyonlarla soydaşımızın yaşadığı dövləti heç bir başqa qüdrətli dövlətin ayağına verən deyil. İran rəsmiləri bunu anlamalı və buna uyğun siyasət yeritməlidirlər.


Etiketlər:  İranın qırmızı xəttinin altındakı qara niyyət qurban verilən məzhəb qardaşlığı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ