Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Oktyabr 2022 18:12
ABŞ-ın demokrat konqresmenləri OPEK-in gündəlik neft hasilatını 2 milyon barrel azaltmaq qərarına cavab olaraq Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən Amerika müdafiə sistemlərinin çıxarılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, konqresmenlər Tom Molinovski, Şon Kasten və Süzan Uayld ABŞ hər iki ölkə ilə münasibətlərə yenidən baxmalı olduğunu bildiriblər.
"Səudiyyə Ərəbistanı və BƏƏ-də neft hasilatının kəskin şəkildə azaldılması, Prezident Co Baydenin son aylarda hər iki ölkəyə təkliflərinə baxmayaraq, ABŞ-a qarşı düşmənçilik aktıdır və onun Ukraynaya qarşı müharibəsində Rusiyanın tərəfini seçdiyinə dair açıq siqnaldır", - deyə üç demokratın bəyanatında deyilir.
"Hər iki ölkə öz təhlükəsizliyini və neft yataqlarını qorumaq üçün çoxdan ABŞ-ın Fars körfəzindəki hərbi mövcudluğuna arxalanır. Biz ABŞ qoşunlarının və podratçılarının bizə qarşı fəal şəkildə işləyən ölkələrə bu xidməti göstərməyə davam etməsi üçün heç bir səbəb görmürük. Səudiyyə Ərəbistanı və BƏƏ Putinə kömək etmək istəyirlərsə, onun müdafiəsinə arxalanmalıdırlar", - bildirilib.
Onlar OPEK-in qərarını Körfəzdəki tərəfdaşlarla münasibətlərdə dönüş nöqtəsi adlandırıb və qeyd ediblər ki, BƏƏ və Səudiyyə Ərəbistanı ABŞ-la münasibətlərini davam etdirmək istəyirlərsə, indiki ən aktual məsələ olan Rusiyanın Ukraynada məğlubiyyəti üzərində işləmək gərəkdir:
"Neftin dünya qiymətlərini əhəmiyyətli dərəcədə yüksəltməklə bağlı OPEK-in qərarı Rusiyanın neft gəlirlərini artırmaq, Putinə Ukraynada hərbi cinayətlərini davam etdirmək və Qərb sanksiyalarını sarsıtmaq məqsədi güdür".
Qanun layihəsi qəbulundan sonra 9 gün ərzində Səudiyyə Ərəbistanı və BƏƏ-dən Birləşmiş Ştatların hərbi və texnikasının, o cümlədən "Patriot" raket batareyaları və THAAD sisteminin çıxarılmasını tələb edir.
Qeyd edək ki, OPEK+ Ərəbistan və Rusiyanın təklifi ilə neft istehsalının gündəlik 2 milyon barrel azaldılması qərarı verib.