Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2022 11:26
İranın İraqla sərhəddində vəziyyət ağır olaraq qalır. Rəsmi Tehran İraqın şimalındakı Ərbil və Süleymaniyyə bölgələrində yerləşdirilmiş kürd separatçı qruplaşmalarına raket və artilleriya zərbələri endirərək, zirehli birləşmələrini bölgəyə gətirməklə hədələyir. Kürd mənbələrinin yaydığı və hələlik müstəqil media tərəfindən təsdiqini tapmayan xəbərə görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) kürd separatçılarına İraqın yarı muxtar Kürdüstanına qoşun yeridəcəyi ilə bağlı xəbərdarlıq edib.
Eyni zamanda Kürdüstan Demokrat Partiyasının (PDK) yezidi kürdlərin yaşadığı Şimali İraqdakı Sincar bölgəsi üzrə nümayəndəsi Aşti Koçer İranı ABŞ başda olmaqla bir çox ölkə tərəfindən tanınan Kürdüstan Fəhlə Partiyasına (PKK) dəstək verməkdə ittiham edib. Hazırda Sincar bölgəsinə nəzarət edən PKK və ona bağlı silahlı qruplaşmalar yerli sakinləri sıxışdırır. "İŞİD-in bu bölgədə etdiklərini indi PKK döyüşçüləri və İrana yaxın olan digər qeyri-qanuni silahlı qruplaşmalar edir" deyən Koçer əlavə edib ki, "İran Şərqi Kürdüstanı atəşə tutanda Tehranın agenti kimi çıxış edən PKK-nın İran qolunun mövqeyinə hücum etmir".
Xatırladaq ki, daha əvvəl kürd qruplarının nümayəndələri, o cümlədən Güney Azərbaycandan olan siyasi fəallar dəfələrlə xəbərdarlıq etmişdilər ki, İran PKK və onun qolu olan PJAK ilə birbaşa əməkdaşlıq edir. Rəsmi Tehranı PKK üzvlərinə Azərbaycanla həmsərhəd, eləcə də Naxçıvana yaxın ərazilərdə məskunlaşmaq imkanı verir.
Kamran Seyidov