Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Oktyabr 2022 21:14
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxs qismində Daşqın Aslanov ifadə verib.
O bildirib ki, Aqil Babayevin əməllərinə görə, ona 70 min manat ona ziyan dəyib: "Həmin pulu müxtəlif vaxtlarda şəhid ailələrinə kömək etmək, zəkat vermək və günahlarımın bağışlanması üçün vermişəm. Buna 2000-ci ildən başlayaraq hər dəfə 3 şirvan bir, 5 şirvan bir, 100 manat bir, 200 manat bir zəkat vermişəm".
Zərərçəkmiş qeyd edib ki, bundan əlavə ilk vaxtlarda evini satıb və 20 min dollar pulu Aqil Babayevə verib: "Toplam 40 min manat pul edir. 2020-ci ilin oktyabrında isə İkinci Qarabağ Müharibəsində döyüşən şəxslərin ailələrinə yardım etmək üçün Aqil Babayevə 8 min manat verdim. Bundan əlavə isə 10 min manat da günahlarımın bağışlanması, paklanmaq üçün vermişəm".
Aqil Babayevin vəkili Elnur Quliyev zərərçəkmiş şəxsin yaşını soruşduqdan sonra məlum olub ki, o "İmam Mehdi"yə pul verdiyini iddia etdiyi dövrdə təxminən 19-20 yaşı olub: "Bu şəxs həmin illərdə tələbə olub, sonra da əsgərliyə gedib. Necə ola bilər ki, 19-20 yaşlı gənc bu qədər pul verir? Sonra deyir ki, evimi satıb Aqil Babayevə vermişəm. Bundan əlavə Daşqın Aslanovun evini satıb Aqilə verməsi də yalandır".
Aqil Babayev də zərərçəkmişin dediklərini təkzib edib və onun yalan danışdığını deyib. Bu zaman iclasda qalmaqal yaranıb.
Zərərçəkmiş şəxslər Aqil Babayevə qarşı etik olmayan sözlər işlədib, ona hücum etmək istəyiblər. Onlar ittiham olunan şəxsin hüquqlarını müdafiə edən vəkilləri də təhqir ediblər. Məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə zərərçəkmiş şəxslər zaldan çıxarılıb.
Növbəti proses oktyabrın 25-də.davam edəcək.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məclislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb. O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.
XXX
Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək qırx nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişlərin vəsatəti elan olunub.
Hakimin səsləndirdiyi vəsatətdən məlum olur ki, onlar məhkəmə iclasının qapalı keçirilməsini istəyiblər. Hakim bildirib ki, saytlarda məhkəmədə dindirilməyən zərərçəkmişin ifadəsi yayılıb, onun ifadəsi məhkəmə iclasında dindirilməmiş kimi qeyd olunub.
Daha sonra hakim vəsatəti müzakirəyə çıxarıb. Zərərçəkmişlər məhkəmə iclasının tam qapalı keçirilməsini istəyiblər.
Təqsirləndirlilən şəxsin vəkili Əli Hüseynov bildirib ki, prosesin qapalı keçirilməsi qanunsuzdur, media azadlığının pozulması deməkdir. Təqsirləndirlilən şəxs də prosesin qapalı keçirilməsinə etiraz edib. Hakim 31 zərərçəkmişin vəsatətini təmin etməyib.
Daha sonra hakim zərərçəkmiş Daşqın Aslanova ifadə vermək üçün söz verilib. Daşqın Aslanov isə açıq məhkəmə iclasında ifadə verməkdən imtina edib. Bu zaman prokuror prosesin qapalı keçirilməsini, zərərçəkmişin qapalı iclasda dindirilməsini deyib.
Bu səbəbdən hakim prosesin qapalı keçirilməsi barədə qərar qəbul edib və jurnalistləri zaldan çıxarıb. Daha sonra Daşqın Aslanov qapalı iclasda ifadə verməyə başlayıb.
Hazırda proses qapalı davam edir.
İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.
O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.
Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.