Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa İttifaqının önəmli vasitəçiliyi və Fransanın məkrli planları

Avropa İttifaqının önəmli vasitəçiliyi və Fransanın məkrli planları

Tarix: 12 Oktyabr 2022 19:33

"Fransa ilə Avropa İttifaqının Cənubi Qafqaz məsələsində mövqeləri toqquşur".

Bunu report-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Onun fikrincə, Brüssel ilə Parisin məqsədləri başqadır: "Avropa İttifaqı iqtisadi seqmentə köklənib. Bu qurumu düşündürən Azərbaycan vasitəsilə Mərkəzi Asiyaya yol açmaqdır. Siyasi məsələlər Aİ-ni o qədər də maraqlandırmır. Ona görə də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ehtiyatlı davranır. O, həqiqətən, problemlərin həll olunmasını və təhlükəsizliyin təmin edilməsini istəyir. Çünki iqtisadi layihələrin reallaşması üçün ən birinci şərt təhlükəsizliyin təminatıdır".

T.Abbasov söyləyib ki, Paris Qərbin tapşırıqlarını yerinə yetirir: "Məqsəd Rusiyanın moderatorluğuna mane olmaqdır. Amma nəzərə almaq lazımdır ki, ortada "düyünlər açmaq" məqsədini daşıyan üçtərəfli sənədlər var. Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları həmin bəyanatlar unudulmamalıdır. ABŞ, Fransa, Norveç, Yunanıstan kimi dövlətlər açıq- aşkar anti-Azərbaycan siyasəti yeridir. Onlar "oyunu pozmağa" çalışırlar. Hətta NATO qüvvələrinin regiona gəlməsi barədə fikirlər səslənir. Bu, Cənubi Qafqazın heç bir ölkəsinə, o cümlədən də bizə lazım deyil".

Politoloqun sözlərinə görə, Qərbin regiona yerləşmək arzusu reallaşa bilməz: "Heç bir region dövləti buna razı olmaz. Əlbəttə, Qərbin məqsədi Cənubi Qafqazdakı sabitlik deyil. Onları düşündürən məkrli planlarıdır. Fransa çalışır ki, Ermənistan vasitəsilə regiona yerləşsin və hətta bacararsa, bura kontingent yerləşdirsin. Amma dediyim kimi, bunlar xam xəyallardır".

Qeyd edək ki, son zamanlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Brüssel formatı çərçivəsində, Aİ Şurasının Prezidenti Şarl Mişelin yaxından iştirakı və ciddi cəhdləri sayəsində önəmli addımlar atılıb.

Bununla yanaşı, bəzi ölkələr artıq gündəmdə olmayan məsələləri qabardır, ciddi cəhdlə danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını icra etməyə cəhd göstərirlər. Bunlardan biri də Fransadır.

Amma siyasi icmalçılar hesab edirlər ki, Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Qəti ermənipərəst siyasət yürüdən Fransa erməni lobbisinin güclü təsiri altındadır və Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir.

Bundan başqa, 30 illik vasitəçilik dövründə ATƏT Minsk qrupunun həmsədri kimi Fransa Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin İrəvanın maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib.

Son proseslər isə onu göstərir ki, Fransa Brüssel formatını mənimsəməyə və öz əlinə keçirməyə çalışır. Fransa Azərbaycana qarşı konspirativ planlar qurur. Ona görə də Azərbaycan xalqı Fransaya inanmır və inana da bilməz.

Milli.Az


Etiketlər:  Avropa İttifaqının önəmli vasitəçiliyi Fransanın məkrli planları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ