Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2022 18:38
Son 1000 ilin ən güclüsü sayılan Tonqa vulkanının püskürməsi okeanda fitoplanktonun artmasına səbəb olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Geophysical Research Letters" jurnalında məqalə dərc olunub.
Xatırladaq ki, Tonqada (Polineziya) yerləşən Hunqa-Tonqa-Hunqa-Haapai vulkanı cari ilin yanvarın 15-də püskürüb. Güclü təbiət hadisəsi nəticəsində yaranan atmosfer dalğaları Yer kürəsini bir neçə dəfə dövrə vurmuşdu. Kül sütunu isə 58 kilometr hündürlüyə qalxaraq stratosferə çatıb. Bundan əlavə, püskürmə 5 nəfərin ölümünə səbəb olan sunami ilə nəticələnmişdi.
Hazırda Oreqon Dövlət Universitetinin alimləri bu püskürmənin okeanın flora və faunasına təsirini araşdırırlar. Məlum olub ki, püskürmədən iki gün sonra 60 min kvadrat kilometr ərazidə fitoplanktonun (yosunların) böyüməsi qeydə alınıb.
Tədqiqat zamanı mütəxəssislər standart fotoşəkillərdə, həmçinin qırmızı və infraqırmızı spektrdə peyk şəkillərini təhlil ediblər. Onlar belə nəticəyə gəliblər ki, vulkanik kül yataqları fitoplanktonların böyüməsinə cavabdeh olan qida maddələrinin əsas mənbəyidir.
Qeyd edək ki, fitoplankton atmosferdən planetin istiləşməsinə səbəb olan karbon qazını istehlak edir. Vulkan püskürmələrinin dinamikasının öyrənilməsi və bu mikroorqanizmlərin sonradan qidalanması vulkanik emissiyaların nəticələrini proqnozlaşdırmaq, həmçinin karbon qazının azaldılması texnologiyalarını hazırlamaq üçün faydalı ola bilər.