Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2019 17:42
Bakı. Vüqar İmanov - Trend:
Bakı Muzey Mərkəzində “Azİz” Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsis qurultayı keçirilib.
Trend-in məlumatına görə, tədbirdə görtkəmli ictimai xadimlər, mədəniyyət və elm nümayəndələri, İsraildən qonaqlar iştirak edib.
Açılış nitqi ilə çıxış edən İsrailin Azərbaycandakı səfiri Dan Stav iki ölkə arasındakı uğurlu inkişafı, xalqlar arasındakı dostluğu vurğulayıb və qeyd edib ki, yəhudilər Azərbaycanda 2500 illik tarixə malikdir:
“Yəhudi xalqı hər zaman Azərbaycan cəmiyyətinin tərkib hissəsi olub. Yəhudilər həmişə azərbaycanlıların sevincini və kədərini bölüşüb. Azərbaycan həmişə tolerantlıq və multikulturalizm nümunəsi olub. Ona görə də ölkələrimiz arasındakı əlaqələri qorumaq lazımdır. Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan bölməsinin təsis olunması bu münasibətlərin qorunmasına töhfə verəcək”.
Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak qeyd edib ki, təşkilatın əsas məqsədlərindən biri beynəlxalq münasibətlərin, mədəni, elmi, humanitar, xarici iqtisadi və siyasi əlaqələrin inkişafı sahəsində həyata keçirilən tədbirlərin təbliğatı, yəhudi və azərbaycanlı diasporlarının birgə layihələrinin reallaşdırılması və işıqlandırılmasıdır:
“Azərbaycan dövlətinin mövqeyinin İsrail cəmiyyətinə çatdırılması Assosiasiyanın məqsədlərindən biridir. Artıq 12 ildir ki, “Azİz” İsraildə qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərir. Biz İsrail cəmiyyətini müxtəlif hadisələr, mədəni tədbirlər barədə məlumatlandırırıq, Qarabağ torpaqlarının işğal olunması barədə məlumat çatdırırıq, Azərbaycanın İsraildə təbliğatı üçün müxtəlif aksiyalar keçiririk. Azərbaycanda İsrail həqiqətlərini çatdıracaq təşkilatın yaradılmasına zərurət var. Bu təşkilatın əsas məqsədlərindən biri Azərbaycan və İsrail diasporlarının fəaliyyətlərinin əlaqələndirilməsidir”.
Qurultayın sonunda təşkilatın nizamnaməsi qəbul edilib. Keçirilən səsvermə nəticəsində Vahid Bayramov "Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri seçilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin