Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Oktyabr 2019 14:21
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, nüfuzlu beynəlxalq məsləhətçi şirkətlər cəlb edilməklə innovasiya strategiyası hazırlanır, innovativ inkişaf sahəsində koordinasiya gücləndirilir. Dünya İqtisadi Formunun 4-cü Sənaye İnqilabı Mərkəzi ilə əməkdaşlıq qurulub, İnnovasiyalar Agentliyi fəaliyyətə başlayıb.
Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı “QLOBAL İNNOVASİYA İNDEKSİ 2019”da Azərbaycanın mövqeyi ilə bağlı müzakirələrdə deyib.
Direktorun sözlərinə görə, enterpriseAzerbaijan.com portalı və digər inkubasiya və akselerasiya mərkəzləri innovativ startapları dəstəkləyir: "Bütövlükdə innovasiya ekosisteminin inkişaf etdirilməsi “Qlobal İnnovasiyalar Hesabatı”nda Azərbaycanın mövqelərinin güclənməsinə zəmin yaradacaq. Bunun üçün Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya çərçivəsində də müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılır".
“Qlobal İnnovasiya İndeksi 2019”da Azərbaycan Respublikasının mövqeyi və gələcək addımlarla bağlı qeyd edilib ki, Azərbaycanın mövqeyini digər ölkələrə müqayisə etdikdə irəliləmək üçün potensialın olduğu aydınlaşır. Xüsusən, innovasiya sahəsində son illərdə yaradılan infrastruktur və investisiya mühiti bunu deməyə əsas verir.
Qeyd edək ki, “Qlobal İnnovasiya İndeksi” ABŞ-ın Nyu-York ştatının İtaka şəhərində yerləşən Kornell Universiteti (Cornell University) və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (World Intellectual Property Organization-WIPO) tərəfindən hazırlanır. 129 ölkəni əhatə edən bu reytinq geniş məlumatlar spektrini ehtiva edən 80 indikator əsasında tərtib olunur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin