Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2022 16:26
Cəlilabad rayon sakini Arif Əhmədov Dövlət Məşğulluq Agentliyindən narazıdır. O, iddia edir ki, şəxsi təsərrüfatını yaratmaq məqsədilə özünüməşğulluq proqramına müraciət edib. Daha sonra müvafiq təlimlərdə iştirak edib və ona istəyi üzrə aktivlər verilib. Yəni şəxsi təsərrüfatını yaratmaq üçün xırdabuynuzlu heyvanlarla təmin olunub. Lakin verilən heyvanlar onu qane etməyib. Agentlikdən isə bildirilib ki, vətəndaş sözügedən aktivləri öz razılığı ilə təhvil alıb.
Qoç adından quzu, sağlam adından xəstə heyvan veriblər.
Cəlilabad rayonunun Üçtəpə kənd sakini Arif Əhmədov iddia edir ki, bir müddət əvvəl heyvandarlıq sahəsi üzrə özünüməşğulluq proqramına müraciət edib. Müraciətinə cavab gəldikdən sonra o, istəyi üzrə proqrama cəlb olunub. Lakin verilən aktivlər onu qane etməyib. Arif Əhmədovun sözlərinə görə, təqdim olunan xırdabuynuzlu heyvanlarla təsərrüfat qurmaq mümkün deyil.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Dövlət Məşğulluq Agentliyi isə şikayətçinin iddialarının əsassız olduğunu açıqlayıb. Qurumdan bildirilib ki, aktivlər vətəndaşın razılığı ilə təhvil verilib. Hətta təhvil-təslim prosesi video qeydə də alınıb. Agentlik həmin videonu Xəzər Xəbər-ə təqdim edib...
Arif Əhmədov deyir ki, videodakı razılığı məcburiyyət qarşısında səsləndirib. Əks halda, o, yeni aktivlər əldə etmək üçün növbəti mərhələni gözləməli olacaqdı.
Agentlikdən o da bildirilib ki, vətəndaş müvafiq prosedurdan keçdikdən sonra ona, seçdiyi zərf üzrə 20 baş qoyun, 1 qoç və 400 kq yem verilib. Vətəndaşlara təqdim edilən heyvanların keyfiyyət baxımından istifadəyə yararlı olduğu ilə bağlı isə aidiyyəti qurumların rəyi olur. Təhvil-təslim zamanı bununla bağlı akt tərtib edilir, vətəndaşlar məlumatlandırılır və onlarla müqavilə imzalanır. O ki qaldı vətəndaşın aktivlərdən imtina etməsinə, bu halda o, sonradan proqrama yenidən müraciət edə və eyni qayda üzrə yenidən aktivlərlə təmin oluna bilər.