Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq etdi - VİDEO - FOTO

Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq etdi - VİDEO - FOTO

Tarix: 2 Noyabr 2022 14:48

Özünü sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı kimi təqdim edərək vətəndaşlara qarşı dələduzluq törədən şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi feysbuk səhifəsində paylaşılan məlumatların şərh bölməsinə müraciəti daxil olan vətəndaşlarla sonradan əlaqə yaradaraq özünü qeyd edilən qurumun əməkdaşı kimi təqdim edən naməlum şəxsin insanlara qarşı dələduzluq etdiyi barədə müraciət daxil olub.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunsuz əməli törətməkdə şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüqar Əhmədov tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Vüqar Əhmədov feysbuk sosial şəbəkəsində "Həsən Ağayev" və digər saxta profillər yaradaq orada qeyd edilən dövlət qurumunun əməkdaşı olduğu barədə informasiyalar yerləşdirib.

Daha sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsinin şərh bölməsinə yazan vətəndaşlarla əlaqə yaradaraq onların müraciətlərini qısa zamanda həll edəcəyi barədə yalan vədlər verib. Vüqar Əhmədov bunun müqabilində zərərçəkənlərdən onun kartına müxtəlif məbləğlərdə maddi vəsaitin köçürülməsini tələb edib. Həmin vəsaitləri əldə edəndən sonra isə zərərçəkənlərin onunla bir daha əlaqə yaratmaması üçün mobil telefonlarını və sosial şəbəkə hesablarını bloklayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. Vüqar Əhmədov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa Daxii İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər", - məlumatda qeyd edilib.

Milli.Az


Etiketlər:  Özünü nazirlik əməkdaşı kimi təqdim edərək dələduzluq etdi VİDEO FOTO


RƏYLƏR