Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Messinin fantastik qolu haqda

Messinin fantastik qolu haqda

Tarix: 2 May 2019 15:32

İndi “Barselona”nın “Liverpul”u 3:0 hesabı ilə məğlub edib dünyanın, mübahisəsiz, birnömrəli klub yarışı olan Çempionlar Liqasının finalına yaxınlaşdığı oyunu düşünəndə gözümüzün önündə ilk olaraq kim və nə canlanır? Şübhəsiz ki, bu qol və onun müəllifi – 21-ci əsrin futbol dahisi, yaxud dəlisi Messi. Qola bir də baxaq, sonra keçək mətləbə...






Dünənki oyunda dubl edən Messi həm də “Barselona”nın heyətində 600-cü rəsmi qolunu vurdu. Bu 600 qolun necə vurulduğunun statistikasına da diqqət edin:

Sol ayaqla – 491
Sağ ayaqla – 85
Başla – 22
Bədənlə - 1
Əllə - 1

Yeri gəlmişkən, bir neçə gün öncə Kriştiano Ronaldo da klub səviyyəsində 600-cü yubiley qoluna imza atmışdı. Deməli, hardan baxsan, əbədi rəqabət davam edir, edəcək də. Tanrımı deyək, futbol biznesimi deyək, Ronaldonu İspaniyadan İtaliyaya göndərməklə deyil ki. Oynadıqları liqalar, yaşadığı ölkələr fərqli ola bilər, amma müasir futbolu Messi-Ronaldo rəqabəti olmadan ağla gətirmək mümkün deyil, alınmır, olmur, ola da bilməz. Elə ona görədi ki, az qala hər tur Avropa mediası bu iki futbolçunun rekordlarından yazır – “Messi Ronaldonu keçdi”, yaxud “Ronaldo Messini keçdi...”

Amma mən bu kiçik yazıda həmin rəqabətdə kimin üstün olduğuna toxunmayacam. Mövzu bu deyil. Qoldan danışırdıq. Bu, Messinin 2018/19 mövsümündə cərimə zərbəsindən vurduğu 8-ci qol olub. Hazırkı mövsümdə buna nail olan ikinci futbolçu yoxdu. Yeri gəlmişkən, Messi dünən o qolu vuranda Avropada bizdəki kimi mayın 2-si yox, 1-i idi. Və düz 14 il əvvəl – 2005-ci ilin məhz mayın 1-də argentinalı superforvard “Barselona”da ilk rəsmi qolunu vurmuşdu... O qolu vurmaqla futbolda doğulmuşdu Messi. Və bundan sonra hələ nə qədər qollar vuracaqdı: ayaqla, başla, bədənlə, hətta əllə də (2007-ci ildə, “Espanyol”a. Həmyerlisi Maradonasayağı tərzdə). Amma Messi həm də cərimə zərbələrinin usta ifaçısı kimi tanınır.

Bəs, o, bunu necə bacarır? Və dünənki o fantastik qolu vurmaq üçün nə etmək lazımdı? Əlbəttə, belə qolları davamlı vurmaq üçün istedad yetərli deyil. Buna xüsusi hazırlıq lazımdı və böyük ehtimalla, Messi məşqlərin çoxunda bunun üzərində xüsusi işləyir. Amma bununla bağlı məlumat demək olar ki, yoxdu.

Hərçənd, Messinin “Barselona”da sələfi, oynadığı dövrdə cərimə zərbələrinin şahı adlandırılan Ronald Kumana sual ünvanlayanda ki, necə olur, ingilis Devid Bekhem də cərimə zərbələrindən əla qollar vurur, demişdi: “Mən əminəm ki, xüsusi məşqin sayəsində”. Bəs, xüsusi məşq nə idi? Britaniya mediasının araşdırması sonradan bu suala cavab tapa bilmişdi – Bekhem komandanın ümumi məşqindən sonra tək qalaraq cərimə zərbələri üzərində hazırlığını davam etdirirmiş. O, həm qapının doqquzluğuna, həm də aşağı küncünə maşın təkəri bağlayaraq, 25-30 metrlik məsafədən topu boş olan halqadan keçirirmiş. Bu əziyyətli məşqin nəticəsi isə ona gətirib çıxarmışdı ki, Bekhem bütün karyerası ərzində cərimə zərbəzindən 60-dan çox qol vurmuşdu (qeyri-rəsmi oyunlar da daxil). Çoxusunu da doqquzluğa.

Messinin dünənki qolu da həmin o qolların yenilənmiş forması idi. Amma həm də onun cərimə zərbələrinin yeni kralının olmasının isbatı.

Aydın BAĞIROV

 


Etiketlər:  Messinin fantastik qolu haqda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ