Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Noyabr 2022 16:34
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Jurnalist Qadınlar Assosiasiyası "Sosial qruplara hüquqi yardımın təşkili" layihəsini həyata keçirir. 05.09.2022-05.12.2022- ci il müddətini əhatə edən layihə çərçivəsində şəhid ailələri, qazilər və müharibə iştirakçılarının hüquqi maarifləndirilməsi işi təşkil edir.
Növbəti görüş Mingəçevirdə keçirildi. Dəyirmi masada çıxış edən Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova layihənin məqsəd və vəzifələri, o cümlədən görülən işlər barədə məlumat verdi. O, bildirdi ki, ölkədə həyata keçirilən sosial islahatlar və sosial dəstək proqramları müharibə iştirakçılarını əhatə edir. Məhz Vətən müharibəsində əldə etdiyimiz qələbə münasibətilə Azərbaycan Respublikasının qanunlarından bir qisminə dəyişikliklər edilir. Bu dəyişikliklər müharibə iştirakçılarının, şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasına xidmət edir. Məsələn "Vətən müharibəsi Qəhrəmanı" adı, o cümlədən 2 adda orden və 15 adda medal təsis edilib. Özünü məşğulluğun təşkilinə müharibə iştirakçılarının ən qısa zamanda cəlb edilməsi sahəsində işlər görülür.
S.Yusifova onu da qeyd etdi ki, təşkilatın apardığı şifahi sorğudan aydın olur ki, sosial qrupa aid olan insanlarımızın bir qismi qanunvericiliklə onlara verilən hüquqlar barədə, dövlətin apardığı işlər haqda az məlumatlıdırlar. O, tədbirə qatılan dinləyicilərə kiçik ailə təsərrüfatını və müəssisələrini qurmaq üçün aktivlərlə təmin olunmaq üçün müraciət etmələrini tövsiyə etdi. S.Yusifova Dəyirmi masada bəzi faydalı linklər haqqında məlumat verdi.
Mingəçevir İcra hakimiyyətinin nümayəndəsi Hidayətov Hidayət görüş iştirakçılarına Mingeçevirdə görülən işlər və təmsil etdiyi qurumun fəaliyyətindən danışdı. Qazilərin və şəhid analarının şikayətlərini dinlədi və problemlərin həlli yollarını izah etdi. O, layihə çərçivəsində Jurnalist Qadınlar Assosiasiyasının yürütdüyü xətti bəyəndiyini və sosial qrupların hüquqi maarifləndirilməsi işini yüksək qiymətləndirdi.
Sonra şəhid anaları, veteranlar, qazilər üzləşdikləri problemləri diqqətə çatdırdılar. Mingəçevirdə torpaqla bağlı müraciətlərə baxılmadığını söylədilər. Mingəçevir icra hakimiyyətindən vətəndaşlara "şəhərdə torpaq sahəsi ayrılmasının hələlik dondurulduğu" cavabı verilir. Bundan başqa müzakirə zamanı bəlli oldu ki, şəhid ailələri şəhidlərin anım günlərini və yas mərasimlərini öz hesablarına görürlər. Toplantıda iştirak edən qazi Ömərov Rüstəm bildirdi ki, onun həm ev problemi var, həm də işsizdi. Müxtəlif təşkilatlara ünvanladığı müraciətləri həllini tapmır. Görüşdə səsləndirilən problemlər arasında ən çox işsizlik məsələsi gündəmə gəldi. Məmmədov Anar, Məmmədov Elvin, Vəliyev Nurlan və başqaları da problemlərini dilə aldılar.
Tədbirdə iştirak edən hüquqşünaslar dinləyicilərin suallarını cavablandırdı. Görüş zamanı səsləndirilən təkliflərin qeydiyyatı aparıldı. Və sonda belə qərara gəlindi ki, Mingəçevirdə Birinci Qarabağ veteranları və qaziləri ilə də görüş keçirilsin və JQA-nın işçi qrupu təkliflər paketi hazırlayıb Milli Məclisə göndərsin.