Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2022 23:50
Amerikalı rejissor Kventin Tarantino "Marvel" filmlərindən təsirlənmədiyini etiraf edib.
O, komediya ustası Tom Sequranın "2 Bears 1 Cave" podkastının qonağı olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, verilişdə rejissor super qəhrəmanlar haqqındakı filmlərilə məşhur olan kinostudiyaya münasibətini bildirib.
Onun sözlərinə görə, son vaxtlar Hollivudun "möcüzəsi" müşahidə olunur və kino sənayesi daha çox super qəhrəman filmlərinin buraxılışına cəmləşir. Eyni zamanda Tarantino bildirib ki, belə filmlərdə rol alan aktyorları kino ulduzu adlandırmaq olmaz.
"Kapitan Amerika bir ulduzdur. Tor bir ulduzdur. Bu filmlərin qəhrəmanları ulduzlardır, aktyorlar deyil", - deyə rejissor bildirib.
"Oskar"ın sahibi "Marvel" filmlərinə nifrət etmədiyini də vurğulayıb. O, bu gün Hollivudun yalnız onlarla maraqlandığına görə, studiyanın filmlərini sevmədiyini açıqlayıb.
"Uşaq ikən mən dəli kimi "Marvel" komikslərini yığırdım. Əgər bu filmlər iyirmi yaşım olanda çıxsaydı, mən də onlara pərəstiş edərdim. Amma o zaman onlardan başqa filmlər də olacaqdı. İndi demək olar ki, 60 yaşım var və mən həmin filmlər üçün o qədər də həvəsli deyiləm. Mənim "Marvel" filmlərindən yeganə narazılığım odur ki, indi Hollivudda yalnız onların üzərində işləyirlər", - deyə Tarantino qeyd edib.
O, əlavə edib ki, bu gün kino pərəstişkarları arasında həyəcan doğuran yeganə filmlər məhz "Marvel" filmləridir. Tarantinonun fikrincə, bu layihələr müasir dövrün əksidir və burada başqa filmlərə yer yoxdur.