Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Baş Qərargah rəisi ABŞ-da: Vaşinqton balans yaradır, yoxsa...

Baş Qərargah rəisi ABŞ-da: Vaşinqton balans yaradır, yoxsa...

Tarix: 30 Noyabr 2022 10:40

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarında səfərdədir. Amerika Birləşmiş Ştatlarında səfərdə olan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydi ilə görüşüb.

Görüşdə Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığın perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə olunub. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, səfər zamanı nümayəndə heyətinin ABŞ-ın hərbi rəhbərliyi ilə görüşlər keçirilir. Nümayəndə heyətinin "Ştatla Tərəfdaşlıq Proqramı" çərçivəsində Oklahoma ştatında görüşlərin keçirilməsi planlaşdırılıb. Səfər çərçivəsində Azərbaycan Ordusu ilə Oklahoma Milli Qvardiyası arasında əməkdaşlığın 20 illiyi münasibətilə bir sıra tədbirlər təşkil olunacaq.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair məlumatında  Azərbaycanın regionda ABŞ-ın mühüm tərəfdaşı olduğu bildirilir. Məlumatda deyilir ki, tərəflər görüşdə regional təhlükəsizlik məsələlərini və ikitərəfli əlaqələri müzakirə ediblər.

Yada salaq ki, sentyabr ayında Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-da səfərdə olub və hərbi dairələrlə bir sıra görüşlər keçirib. Papikyanı Pentaqonda ABŞ müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Kolin Kal da qəbul etmişdi ki, bu da Ermənistan-Amerika müdafiə əməkdaşlığı kontekstində ilk belə yüksək səviyyəli görüş idi. Daha bir mühüm məqam budur ki, ermənipərəst konqresmenlər və senatorlar Ağ Ev administrasiyasına Azərbaycana istənilən hərbi yardımı dayandırılması üçün təzyiqlər edirlər. ABŞ Senatının Xarici münasibətlər komitəsində ABŞ-ın Qafqazda siyasətinə dair son dinləmələr də erməni lobbisinin  fəal nümayəndəsi kimi senator Menendes "Azərbaycanın təcavüzkar olduğunu və ABŞ-ın Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişin uzadılmasını vacib olduğunu" bildirib. Bundan əlavə, Amerika Erməni Milli Komitəsi belə məlumat yayıb ki, Amerika siyasətçiləri ilk dəfə olaraq Ermənistana silah satmaq imkanını nəzərdən keçirirlər. Bu kontekstdə rəsmi Bakının əlbəttə ki, bəzi narahatlıqları var. Kərim Vəliyevin ABŞ-a səfəri həm də bu narahatlıqlarla bağlı ola bilərmi? Yoxsa bu səfərdə daha çox ABŞ maraqlıdır?

Sonxeber.net xəbər verir ki, ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov "Yeni Müsavat"a bildirdi ki, Kərim Vəliyevin ABŞ-a səfəri vacib səfərdir, hər iki ölkənin marağı üçün lazımlı səfər sayılmalıdır: "Bu səfər ABŞ-la Azərbaycan arasında hərbi sahədə əməkdaşlıqda yeni irəliləyişlərə yol aça bilər. Amerika ordusu dünyanın ən güclü ordusudur. General-polkovnik Kərim Vəliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr, əldə olunan razılaşmalar Azərbaycan Ordusunun gələcək inkişafında öz təsirini göstərəcək. ABŞ Müdafiə Nazirliyinin ölkənin Birləşmiş Qərargahlar Rəisləri Komitəsi rəisinin birinci müavini admiral Kristofer Qreydin Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşünə dair yaydığı məlumatda Azərbaycanın regionda ABŞ-ın mühüm tərəfdaşı adlandırılması isə Pentaqonun Azərbaycanla əlaqələrə yüksək önəm verməsinin sübutudur. ABŞ-dakı erməni lobbisi təkcə Konqresə, ABŞ-ın siyasi hakimiyyətinə deyil, eyni zamanda Pentaqona da təsir etməyə çalışır ki, Azərbaycanla heç bir formada əməkdaşlıq edilməsin. Kərim Vəliyevin xüsusi nümayəndə heyəti ilə ABŞ-a səfər etməsi və keçirdiyi görüşlər erməni lobbisinin bu cəhdlərinin uğursuzluğa düçar olması baxımından da vacib səfərdir. Azərbaycan ABŞ-ın düşmən hesab etdiyi Rusiya və İranın arasında yerləşir. ABŞ-ın Azərbaycanla münasibətləri sıxlaşdırmaqda maraqlı olmasında bu amil də öz sözünü deyir".

Ekspertin sözlərinə, Pentaqon Cənubi Qafqazda Azərbaycan Ordusunun ən güclü ordu olduğunu bilir və onu da bilir ki, Azərbaycan Ordusu NATO ordu modelinə uyğunlaşdırılır: "Ona görə də Azərbaycan Ordusu ilə əlaqələrdə, əməkdaşlıqda maraqlıdırlar. Hesab edirəm ki, Azərbaycan Ordusunun baş qərargah rəisinin ABŞ-da keçirdiyi mühüm görüşlərdə ABŞ-dakı dostlarımız olan yəhudi lobbisi də maraqlıdır. Səfər zamanı ordumuzun NATO standartlarına uyğunlaşdırılması məsələsinin müzakirə edildiyini ehtimal edirəm. Baş qərargah rəisinin Amerikada görüşlərdə Ermənistanın, həmçinin Qarabağdakı separatçı silahlı erməni dəstələrinin son zamanlar təxribatlarının çoxaldığı, bu təxribatların bölgədə yeni müharibənin başlanmasına səbəb ola biləcəyi barədə də amerikalıları məlumatlandıracağı, real vəziyyətin nədən ibarət olduğu haqda ABŞ rəsmilərində aydın təsəvvür yaradacağını da söyləmək mümkündür. ABŞ-ın Azərbaycana hərbi yardımı qadağan edən 907-ci düzəlişin Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlığa müəyyən əngəllər yaratdığı və bu düzəlişin ləğvinin vacibliyi də yəqin ki, amerikalıların nəzərinə çatdırılacaq". Hərbi ekspert sonda onu da dedi ki, Azərbaycan Ordusunun Baş Qərargah rəisinin nümayəndə heyəti ilə ABŞ-a səfəri həm də Rusiyaya bir mesajdır.

Siyasi ekspert Yeganə Hacıyeva isə bildirdi ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti ilə bağlı bir neçə narahatlıqlar mövcud idi. Bu narahatlıqlar ABŞ-ın siyasi qruplarının, yəni qanunverici orqanlarında təmsil olunan lobbi qruplarının təqdimatı üzərindən Amerika siyasətçilərinin yanlış qərarlar qəbul etməsi üzərindən formalaşıb: "Amma ABŞ-ın təhlükəsizlik dairələri, dövlət təsisatları fərqindədirlər ki, Cənubi Qafqazda ABŞ ard-arda səhvlər buraxırlar. Bu səhvlərin nəticəsində isə bölgədə Rusiya, İran möhkəmlənir. Ona görə də ABŞ-ın Cənubi Qafqaza diqqətini artırmaqdadır. Həm Ermənistan, həm Gürcüstan, həm də Azərbaycanın Ordusunun rəhbərliyinə daxil olan şəxslərin ard-arda ABŞ-a səfərləri Vaşinqtonun yol verdiyi səhvlərin fərqinə varmadığının göstəricisidir. ABŞ bu səhvləri aradan qaldırmaq istiqamətində cəhdlər göstərməyə çalışır. Erməni lobbisi isə bu cəhdləri sabotaj edir. Ermənipərəst qruplar Konqresdə və Senatda Azərbaycan-ABŞ münasibətlərinə problemlər yaratmağa çalışsa, Pentaqonda, ABŞ-ın hərbi təhülkəsizlik rəhbərliyində Konqres və Senatdan fərqli fikirlər var. Bu fikir isə ondan ibarətdir ki, Azərbaycanla münasibətləri möhkəmləndirmək lazımdır, hərbi əməkdaşlığı, təhlükəsizlik sahəsində əməldaşlığı dərinləşdirmək zəruridir. Bilirlər ki, bu sahələrdə Azərbaycanın malik olduğu imkanlara Cənubi Qafqazın digər iki ölkəsi malik deyil. Azərbaycan Ordusunun baş qərargah rəisinin ABŞ-a səfərinin həyata keçirilməsində bu amili də nəzərə almaq lazımdır. Yuxarıda sadaladığım məqamlara və digər bir sıra amillərə görə Azərbaycan Ordusunun rəhbərliyinin nümayəndə heyətinin səfərlərində, onlarla görüşlərdə ABŞ maraqlıdır. Bu səfər ABŞ-ın təşəbbüsüdür".


Etiketlər:  Baş Qərargah rəisi ABŞ Vaşinqton balans yaradır yoxsa


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ