Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 21:03
Kron xəstəliyi əsasən həzm yolunu zədələyən xroniki iltihabi xəstəlikdir. Bir çox hallarda bu xəstəlik zamanı həzm yolunun sonuncu hissələri zədələnir.
Kron xəstəliyinin əsas simptomları arasında:
- Qarında ağrılar
- İshal
- Qızdırma
- Arıqlama
- Defekasiya zamanı anusda ağrılar
- Köp
- Düz bağırsağın absesləri
- Anal çat
- Oynaqlarda ağrılar
- Dəridə səpgilər
Kron xəstəliyi həzm yolunun istənilən hissəsində inkişaf edə bilər və bu səbəbdən müxtəlif xəstələrdə bu xəstəliyin simptomları müxtəlif ola bilər.
Xəstəlik istənilən yaş qrupuna aid olan insanlarda inkişaf edə bilər. Lakin xəstəlik daha tez-tez 20-50 yaşlarda olan insanlarda təsadüf edilir.
Xəstəliyin əsas səbəbi məlum deyil. Belə hesab olunur ki, bunun səbəbi autoimmun proseslər və ya bakteriyalar ola bilər.
Kron xəstəliyi keçici deyil. Xəstəliyin diaqnostikası zamanı kolonoskopiya, rentgenoloji müayinə, biopsiya, qan analizləri, kompüter tomoqrafiyası istifadə olunur.
Kron xəstəliyinin müalicəsi əsasən konservativdir (dərmanlar vasitəsilə aparılır). Müalicə zamanı hormonlar (kortosteroidlər), müxtəlif iltihabəleyhinə preparatlar və immun sisteminin fəaliyyətini zəiflədən xüsusi preparatlar istifadə olunur.
Kron xəstəliyinin əsas təhlükəsi ondan ibarətdir ki, bu xəstəliyin fonunda xərçəng inkişaf edə bilər. Bu səbəbdən xəstəlik mütləq vaxtında aşkar olunmalı və müalicə olunmalıdır.
Konservativ müalicə lazım olan effekt vermədikdə, xəstədə ağır fəsadlar (qanaxma, kəskin bağırsaq keçirilməzliyi, bağırsağın deşilməsi) inkişaf etdikdə cərrahi müalicə tətbiq oluna bilər. Cərrahi əməliyyat zamanı bağırsağın zədələnmiş hissəsi xaric olunur.