Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2019 18:48
Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirməsi istiqamətində silsilə tədbirlərini davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti görüş “Sağlam məktəbli” layihəsi çərçivəsində Bakı şəhər, Binəqədi rayonu 283 saylı orta məktəb və Tovuz şəhəri A.S.Puşkin adına tam orta məktəbin şagirdləri ilə keçirilib.
Tədbirdə şagirdlərə Agentliyin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib, onlara qida təhlükəsizliyi ilə bağlı hazırlanmış sosial videoçarxlar təqdim edilib. Daha sonra Agentliyin əməkdaşları tərəfindən məktəblilərə enerji içkilərinin insan orqanizminə ziyanları, konservləşdirilmiş məhsulların düzgün saxlanma qaydaları, qida məhsulalrı alarkən nələrə diqqət etməli, məktəblinin sağlam qidalanması barədə ətraflı məlumat verilib.
Görüşdə məktəblilərin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin 1003 Çağrı Mərkəzinə müraciət etmələri bildirilib.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə əlaqədar maarifləndirici materiallar paylanılıb.
Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin keçirilməsində əsas məqsəd məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bu tədris ilində də bütün bölgələr üzrə 100-dən artıq ümumtəhsil müəssisəsində keçirilməsi nəzərdə tutulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin