Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Dekabr 2022 13:12
Fransa bütün gücü ilə Cənubi Qafqazda fəallaşmağa çalışır və bunun üçün Paris Ermənistanla Azərbaycan arasında yeni genişmiqyaslı hərbi əməliyyatların başlanması üçün səylər göstərir.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Vestnik Qafqaz" informasiya agentliyinin baş direktorunun müavini, tanınmış siyasi analitik Andrey Petrov bildirib.
"Rusiya və Azərbaycan Ermənistanı sıxmaq və onu hərəkətə gətirmək imkanları axtararkən, İrəvan vaxt udmağa çalışır - yəni İkinci Qarabağ müharibəsində Ermənistan qoşunlarının məğlubiyyətindən dərhal sonra yaranmış vəziyyəti basdırmaq üçün", - deyə o qeyd edib.
Petrovun sözlərinə görə, İrəvan Fransanı Avropa meydançasında formalaşmış Ermənistan-Azərbaycan dialoqunun əyləc aləti kimi istifadə edir:
"Yeri gəlmişkən, bundan öncə İrəvan Rusiya platformasında fəal şəkildə irəliləyən razılıqları yavaşlatmaq üçün Brüssel meydançasından istifadə etmək istəyirdi.
İndi isə görürük ki, İrəvan İlham Əliyevlə dialoqda Nikol Paşinyanın təkcə Şarl Mişelin yox, həm də Emmanuel Makronun yanında oturması tələbləri hesabına Brüssel meydançasından da imtina edir. Yəni Nikol Paşinyan bu yolla sadəcə Brüssel formatına son qoydu, çünki Bakı heç vaxt razılaşmayacaq ki, danışıqlarda yalnız bir tərəfi, yəni Ermənistanı dəstəkləyən Makron iştirak etsin".
Petrov qeyd edib ki, Bakı hər zaman özünü mümkün qədər konstruktiv aparmağa çalışır və sona qədər Fransaya düzgün yanaşma üçün, birtərəfli baxışdan çəkinmək üçün şans verirdi. Bakı Fransanın neytral vasitəçi mövqeyini göstərəcəyinə inanmaq istəyirdi:
"Lakin Emmanuel Makron Fransa televiziyasına müsahibəsində Bakını ittiham etdi və bir daha ermənipərəst mövqe sərgilədi.
Düzdür, ondan sonra Emmanuel Makron İlham Əliyevə zəng etmişdi, amma görünür, bu, heç nəyə gətirib çıxarmadı. Son danışıq Senatda Azərbaycana qarşı sanksiya tətbiq edilməsi barədə qətnamə qəbul edilməzdən əvvəl olub. Gördüyümüz kimi, bu zəng tamamilə təsirsiz idi, çünki bu qətnamə qəbul edildi və sonra Milli Məclisdə adekvat qətnamə qəbul olundu. Fransa hökuməti bu qətnamələrin heç bir hüquqi qüvvəyə malik olmadığını söyləsə də, biz başa düşürük ki, bu, Fransanın Cənubi Qafqazda nə etmək niyyətində olduğu barədə Azərbaycan və Ermənistana açıq siqnaldır".
Petrov Parisin bunu yalnız Fransada yaşayan erməni diasporunun seçkilərdə səs alması üçün etdiyini vurğulayıb:
"Bu, erməni diasporunun səsini almaq üçündür və aydındır ki, bütün senatorlar və deputatlar bu cür qətnamələrə səs verirlər, çünki bütün partiyalar bu diasporun səsini almaq istəyir".
Petrovun fikrincə, rəsmi Parisin hazırki davranışı Fransanı Ermənistan-Azərbaycan nizamlanmasından kənarlaşdırır:
"Prinsipcə, Fransa bunun baş verməsinə qarşı deyil, çünki onun Cənubi Qafqaza qayıtması üçün Ermənistan kifayətdir. Eyni zamanda, Fransa Ermənistanla Azərbaycan arasında bir anda yeni bir müharibənin başlaya biləcəyinə qarşı da deyil, çünki bu, bu dövlətin bölgədəki mövqeyini gücləndirəcək".