Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2022 08:12
E Vitamini çox güclü bir antioksidandır. Hüceyrə quruluşunun pozulmasının qarşısını alır, yaraların yaxşılaşmasını sürətləndirir, xərçəngə qarşı qoruyucu təsirə malikdir. Damar sərtliyinə və laxtalanmaya mane olur, dərini gözəlləşdirir. İmmun sistemini gücləndirir, göz sağlamlığı üçün həyati əhəmiyyət daşıyır. Bədənə alınan ağır metallar, zəhərli birləşmələr, radiasiya və bəzi dərmanların yaratdığı toksinlərə qarşı qorumanı təmin edir. Yaşlanmaqla bağlı yaddaş itkisinin (Alzheimer) qarşısının alınmasında müsbət təsiri olduğu sübut edilmişdir.
E vitamini hansı qidalarda mövcuddur?
Başda taxıllar olmaq üzrə ispanaq, balqabaq, kələm, kahı kimi yaşıl tərəvəzlərdə, zeytun yağı, balıq yağı, fındıq, qoz, ton balığı, sardina, yumurta sarısı, pomidor və kartofda bol miqdarda E vitamini olur. Əsasən də bir ovuc fındıq gündəlik E vitamini ehtiyacını böyük nisbətdə qarşılamaqdadır.
E vitamini çatışmazlığında orqanizmdə aşağıdakı əlamətlər meydana çıxır:
- qansızlıq
- gözdə zəifləmələr
- asan yorulma
- yaraların gec sağalması
- cinsi istəksizlik
- sonsuzluq.
E vitamini çatışmazlığı ürək xəstəlikləri və xərçəng riskini də artırır. Xüsusilə cinsi inkişafın sürətləndiyi yetkinlik dövründə E vitamini ehtiyacı kifayət qədər qarşılanmalıdır.
Gündəlik E vitamini ehtiyacı körpələrdə 5 - 6 mg, 4 - 11 yaş arasındakı uşaqlarda 7 mg və 12 yaşından böyüklərdə isə 8-10 mg təşkil edir.