Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrəvanı mədh edən aşıq

İrəvanı mədh edən aşıq

Tarix: 30 Dekabr 2022 08:08

Aşıq Alxas İrəvan Türk Xanlığı çağında (1749-1828) yaşamış, gözəlləmələri ilə tanınan ozanımızdır.

Milli.Az kult.az-a istinadən Nizaməddin Onkun "Türk kültürü" jurnalının 1973-cü ildə çıxan 124-cü sayındakı məqaləsini (Məqaləni Dilqəm Əhməd dilimizə uyğunlaşdırıb) təqdim edir:

(Nizaməddin Onk 1937-ci ildə İğdırda doğulub. Müxtəlif yerlərdə müəllimlik edib. Hazırda Almaniyada yaşayır. "Göyçəli Aşıq Ələsgər" (1964), "Qafqaz səfərimiz 1918 və milli meyxana" (1977), "Qaraqoyunlu" (2000), "Qafqazdan Anadoluya Iğdır tarixi" (2006), "Böyük şair Müzeyib Zəyəm" (2013) kimi kitabların müəllifidir).

Arazboyu ozanlarından irəvanlı Aşıq Alxas

Aşıq Alxas İrəvana aid ən gözəl şeirləri söyləyərək özünü sevdirmişdir.

Deyişlərini (red.: şeirlər toplusunu) təhlil etdiyimiz zaman hərarətli yurd sevgisini, dərin həsrət, axıcı üslub görürük. "Mədhi-Rəvan" təcnisindəki məhəbbət izləri ozanın ürəyinin dərinliklərindəki İrəvanı göstərir. Həqiqətən də türk yurdu olan İrəvanın adının dəyişdirilib "Erivan" deyə yad ölkəyə çevrildiyini xatırladıqca, atalara layiq övlad ola bilməməyin üzüntüsündən qurtulmaq mümkündürmü?

Yad ellərin krallığını qəbul etməyən ozan İrəvanda yoxsul olaraq yaşamağı özünə rəva görməkdədir.

İrəvanın Gözəldərə sancağından olan ozan "Rəvanlı Aşıq Alxas" kimi tanınmaqdadır. Geniş yayılmış bir neçə şeiri əlimizə keçmişdir. Daha dərin araşdırma apara bilsək, çox şey toplayacağımıza ümidliyəm. Çünki Qars, İğdır və onun yan-yörəsində ozan haqqında bilgi çoxdur.

Ozanın on yarpaqlı çığalı təcnisi ilə başlayırıq:

"Mədhi-Rəvan"

Könül versələr, yad eldə Xan olma

Tək qal da, yoxsul ol, dilən Rəvanda.

Əzizinəm Rəvanda

Könül alan Rəvanda

Murad alan Rəvanda

Xan oturmuş hökm edər

Zövqə dalan Rəvanda.

Dolansan cahanı təsdiq edərsən

Görərsən ki, qədir bilən Rəvanda.

Cənnətdə varmıdır Xan bağçaları?

Ölmüşə vermədə can bağçaları.

Əzizinəm bağçaları

Gül, gülşən bağçaları

Göyçəkdir ağçaları

Bülbül tək ötər qızlar

Nar dolu bağçaları.

Bağ bozanda seyr et sən bağçaları

Yemə, içmə, bircə dolan Rəvanda.

Nöqsanı yox, hər bir gərəyi sazdır.

Özgə yerin gözəlləri məcazdır.

Əzizinəm məcazdır

Həqiqi deyil, məcazdır

Qışı yox külli yazdır

Yaylağı Alagözdür.

Zəngi suyun qırağı

Yaşılbaş ördək, qazdır.

Danışdığıma qulaq ver nə sözdür

Alxasa qovğaya salan Rəvanda...

Rəvanın varlığını təsvir edən bir deyişində:

Yığılın ahbablar yaradana, yoldaşlar

Hələ görün İrəvanda nələr var?

Pambığı, buğdası, dingi-düyüsü

Bir də görün bu meydanda nələr var.

Dəvələr çəkilir, zillər çalınır

Həm verilir, həm salınır, alınır

Keçisi qırxılır, qoyun yolunur

Bilmirəm ki, bu meydanda nələr var.

Aşıq Alxas sən də gəl İrəvana

Gör bu gözəlləri qal yana-yana

Bunlar kimi heç gəlmədi cahana

Huri kimi bu qılmanda nələr var?

Buralarda adətdir, hələ də davam edər: iş zamanı iş, sonrasında əyləncə və aləm... Bahar, yaz günlərinin gözəlliyi göz qamaşdırır. Nə bugünkü Avropa, nə də başqa ölkələr zövq və digər işləri ayırmazlar. Rəvan necə ayırırdı? Ozandan dinləyək:

İrəvanın ehtişamın görmüşəm

Yığılıb qız, gəlin bir həng eylərlər

Mehtərin, zurnanın, davulun səsi

Bəxtiyar bağçada dövran eylərlər.

Məryəmlə, Səfiyyə tutmuş əl-ələ

Keşiş qızı Əsli mən qurban dilə

Bimürvət elimi vermə yad elə

Bəlkə, ortalıqda bir qan eyləyər.

Alxas, yorulubsan bu tərif azdır

Könüllərdə ötüşən kubadı, qazdır

İrəvan bağları bahardı, yazdır

Gəlib bəxtəvərlər seyran eylərlər.

Ozanın gəraylısı da gözəldir:

Dağılası fani dünya

Sevdası səri yandırır

Heç bir günüm xoş getmədi

Dərdinnən qəmi yandırır.

Zarıncıyam mən zarınan

Deyə bilməm el arınnan

Dumanım çıxar sərimdən

Əşr-əlaya dayandırır.

Pünhana yardımçı Xuda

Qüdrətdən dərsin oxuda

Alxası şirin yuxuda

Zalım sevda oyandırar.

İrəvana yolu düşən ozan Gözəldərə gözəllərini geridə qoyur. Ayrılıq həsrətini necə dilə gətirir? Ozandan dinləyək:

İrəvana düşdü yolum

Gözəldərə gözəlləri

Sizə ayandır halım

Gözəldərə gözəlləri...

Alagözdən güllər dərin

Allahdan ağ günlər görün

Bir dəstə gül bizə verin

Gözəldərə gözəlləri.

Məktubunuz varmı mənə?

Dolanıram yana-yana

Biçarə Alxas divanə

Gözəldərə gözəlləri...

Bizdə adətdir, hər şeyi yazılı ədəbiyyatda axtararıq. Xalq dünyasına üzümüzü çevirsək, divanın düşünə bilməyəcəyi yüksəlişi görərik. Ozanın yurd, millət eşqi o mühiti bizə necə də gözəl şəkildə tanıdır İrəvanı, onun döşünə yaslandığı Alagöz dağını...

Milli.Az


Etiketlər:  İrəvanı mədh edən aşıq


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ