Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı - FOTOlar

İranla sərhəddə insident: hərbçilərimizə atəş açıldı - FOTOlar

Tarix: 30 Dekabr 2022 14:02

Dekabr ayının 29-da saat 02:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin Yardımlı rayonunun Perimbel kəndi, saat 14:30-da isə Daşkənd kəndi yaxınlığındakı sərhəd zastavalarının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır.

Bu barədə Milli.Az-a Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayan sərhəd pozucuları hər iki halda odlu silahdan atəş açaraq sərhədçilərin həyatına təhlükə yaratmışlar. "Dövlət sərhədi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı xəbərdarlıq məqsədilə silahdan istifadə etmişdir. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq geriyə, İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq 158 qr "heroin", 142 kq 131 qr "marixuana", 4 kq 792 qr "metamfetamin", 3 kq 025 qr "tiryək" və 81228 ədəd "metadon M-40" həbləri) aşkar olunaraq götürülmüşdür.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və məlumat mübadiləsi aparılmışdır.

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az


Etiketlər:  İranla sərhəddə insident hərbçilərimizə atəş açıldı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ