Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2023 22:12
Yeni il heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü "resessiya" olacaq. Belə ki, bir çox ölkələrdə ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olacağı proqnozlaşdırılır. Bu da öz növbəsində bütün iqtisadi göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxaracaq.
2022-ci il dünya iqtisadiyyatı üçün yetərincə ağır keçdi. İnkişaf etmiş ölkələrdə iqtisadi zəifləmə qaçılmaz oldu, bu da onların ticarət tərəfdaşlarına da mənfi təsir etdi. Bir çox ölkədə son onilliklərin ən yüksək inflyasiya göstəriciləri qeydə alındı. İlboyu enerji bazarları ilə də bağlı ciddi çağırışlar ortaya çıxdı. Rusiya-Ukrayna savaşının başlaması fonunda dünya bazarlarında enerjidaşıyıcıların qiyməti kəskin artdı. Bütün bunlar 2023-cü ildə qlobal iqtisadiyyatda hansı proseslərin baş verəcəyi ilə bağlı suallar doğurur.
"Kaspi" qəzeti məsələ ilə bağlı ekspert və təşkilatların proqnozlarına yer verib:
İlin ən dəbdə olan sözü hansı olacaq?
Qərb mətbuatına inansaq, yeni il də bizə heç də rahatlıq vəd etmir. Əksinə, ilin ən dəbdə olan sözü "resessiya" olacaq. Belə ki, ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması proqnozlaşdırılır. Bu da öz növbəsində bütün iqtisadi göstəricilərin pisləşməsinə və daha dərin problemlərin yaranmasına gətirib çıxarır.
Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgievanın da 2023-lə bağlı səsləndirdiyi bədbin proqnoz ilin çətin keçəcəyindən xəbər verir. BVF rəhbəri bildirib ki, tənəzzül 2023-cü ildə qlobal iqtisadiyyatın üçdə birinə təsir edəcək. O xəbərdarlıq edib ki, bu il qlobal iqtisadiyyat üçün geridə qoyduğumuz ildən daha çətin olacaq. "Niyə? Çünki üç böyük iqtisadiyyat - ABŞ, Aİ və Çin - eyni anda yavaşlayır", - deyə BVF rəhbəri vurğulayıb. O əlavə edib ki, yüz milyonlarla insan özünü tənəzzül durumunda hiss edəcək. ABŞ tənəzzüldən qaça bilsə də, Ukrayna münaqişəsindən ağır zərbələr alan Avropanın vəziyyəti daha acınacaqlı görünür. "Avropa İttifaqının yarısında iqtisadiyyatlar tənəzzülə uğrayacaq", - deyə o bildirib. BVF rəhbəri əlavə edib ki, son 40 ildə ilk dəfə Çinin iqtisadi artımının qlobal artım səviyyəsində və ya ondan aşağı olacağı ehtimal edilir. Bu isə ümumilikdə Asiya iqtisadiyyatları üçün "kifayət qədər gərginlik" vədi deməkdir: "Mən Asiya liderləri ilə danışanda hamısı sualla başlayır: Çinə nə olacaq? Çin daha yüksək artım templərinə qayıdacaqmı?".
Beynəlxalq qurumların 2023-cü ildəki böyümə proqnozlarını aşağı salması həm də inkişaf etmiş ölkələrin sərt pul-kredit siyasəti aparacaqlarına dair gözləntilərlə bağlıdır. Proqnozlardan aydın olur ki, inflyasiya göstəriciləri il ərzində yenə də yüksək olacaq. Düzdür, bəzi qurumların fikrincə qiymət artımının səviyyəsi 2022-ci illə müqayisə daha aşağı olacaq. Ancaq bir çox ölkədə inflyasiya göstəriciləri yenə proqnozları aşacaq.
Qlobal iqtisadi tənəzzül qaçılmazdır
Danılmaz faktdır ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində yaranan böhran inkişaf etmiş ölkələri də bürüyüb və həmin ölkələrdə rekord inflyasiyaya səbəb olub. Münaqişə bölgəsindən uzaq ölkələr üçün də ərzaq və gübrə qiymətləri bahalaşıb. Enerji daşıyıcılarının qiymətlərinin artması isə öz növbəsində üçüncü şoku - makroiqtisadi sabitliyin itirilməsi təhlükəsini daha da gücləndirib. Hazırda hər şey bu üç amilin - geosiyasi, enerji və iqtisadi vəziyyətin necə inkişaf etməsindən və bir-birinə necə təsir etməsindən asılıdır. Avropanın bir çox iqtisadiyyatları artıq tənəzzül ərəfəsindədir. İnflyasiyanın qarşısını almaq üçün tələb olunan yüksək faiz dərəcələri istehlak xərclərini daha da azaldacaq və işsizliyi artıracaq. İndiyə qədər Avropa hökumətləri kütləvi subsidiyalar və qiymət məhdudiyyətləri ilə istehlakçıları enerji qiymətlərinin ən pis şokundan qoruyub. Lakin bu, sonsuza qədər davam edə bilməz. Dünyaca məşhur "Bloomberg" də yazır ki, 2023-cü ildə investorlar qlobal iqtisadiyyatı xaosa sürükləyə biləcək risklərdən qaçmağa çalışacaqlar. Proqnozlar isə belədir ki, səhmlər və istiqrazlar dəyər itirməkdə davam edəcək, dollar güclənəcək və inkişaf etməkdə olan bazarlar yeni sınaqlardan əziyyət çəkəcək.
2023-cü il Rusiya üçün də yaxşı nəsə vəd etmir
2023-cü il Rusiya üçün də yaxşı nəsə vəd etmir. Ən optimist rusiyalı iqtisadçılar belə etiraf edirlər ki, bu il rusların alıcılıq qabiliyyətləri xeyli aşağı düşəcək. Ukrayna müharibəsi və buna görə tətbiq edilən sanksiyalar 2022-ci ildə Rusiya iqtisadiyyatı üçün ciddi sınaq olub. Ötən il daxili resurslar sanksiyaların təsirini bir qədər yumşaltdı. Amma zaman keçdikcə təsirlər artacaq. Gələn il Rusiyada rublun növbəti kəskin ucuzlaşması, daha yüksək inflyasiya proqnozlaşdırılır. Bu da ölkəni defolt vəziyyətinə gətirib çıxara bilər.
Bir çox ekspertlər isə hazırkı şəraitdə Rusiya iqtisadiyyatının taleyi ilə bağlı ümumi proqnozlar verməyin mənasız olduğu qənaətindədirlər. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin İqtisadi Siyasət Tədqiqatları Mərkəzinin direktoru Oleq Buklemişev qeyd edib ki, indiki vaxtda hətta peşəkar makroiqtisadçılar belə nə baş verəcəyini proqnozlaşdıra bilmirlər. O hesab edir ki, "buna səbəb proqnozlaşdırıla bilməyən hadisələr silsiləsidir. Mövcud vəziyyətdə fərziyyələr irəli sürmək çox mənasızdır. 2023-cü ildə dəqiq nə olacaq, biz də bilmirik və hər hansı variantı təhlil etməyin də mənası yoxdur".