Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Yanvar 2023 11:42
"Ötən il Azərbaycanda bütün sahələrdə dinamik inkişaf təmin olunub. Bu inkişaf ölkəmizin aparıcı sahələrindən olan idmanda da öz əksini tapıb. Ölkəmizin idmançılarının beynəlxalq yarış və turnirlərdə əldə etdikləri qələbələr, eləcə də Azərbaycanda keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanın dünyanın aparıcı idman ölkələrindən biri olduğunu təsdiqləyir. Ölkəmizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illərdə aparılan idman və gənclər siyasəti bu gün öz gözəl nəticələrini verməkdədir. 2023-cü il yanvar ayının 9-da ötən ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edən möhtərəm dövlət başçımız da öz çıxışında qeyd etmişdir ki, idmançılarımız 2022-ci ildə beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar və onlardan 300-ə yaxını qızıl medaldır. Əlbəttə ki, bu, çox böyük nailiyyətdir".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat gənc idmançıların yetişdirilməsinin Azərbaycanda həyata keçirilən idman siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayaraq bildirib ki, məhz bu siyasət ölkəmizdə idmanın inkişafına dinamik xarakter verir:
"Maraqlı məqam ondan ibarətdir ki, 5 il əvvəl Bakıda keçirilən yarışlarda iştirak etmiş idmançılarımızın bir çoxu Konyada İslam Həmrəyliyi Oyunlarında iştirak etmirdi. Bu da onu göstərir ki, nəsillər dəyişir, ancaq uğurlarımız sabit qalır. Yəni, nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi yeni nəsli təmsil edən gənc idmançılara ötürülür. Rayon və bölgələrdə keçirilən çoxsaylı idman tədbirləri gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradır".
K.Qafarov Azərbaycanda idmanın ölkənin ictimai həyatının önəmli bir hissəsi olduğunu qeyd edərək deyib:
"Bu gün ölkəmizdə hər kəsin idmanla məşğul olması üçün bütün imkanlar var. İndiyədək rayon və bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses hal-hazırda yüksək dinamika ilə davam etdirilir. Diqqətəlayiq haldır ki, keçən il Azərbaycanın işğaldan azad edilmiş ərazilərində də bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Prezident İlham Əliyevin dediyi kimi, bunun çox böyük tarixi əhəmiyyəti və siyasi önəmi vardır. Çünki azad edilmiş ərazilər indi canlanır, həmin torpaqlara həyat qayıdır. Azərbaycanın tarixi Zəfərindən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlanıb və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Dövlət başçısı bu idman hadisələrini yüksək qiymətləndirdiyini vurğulayıb və bildirib ki, bu tendensiya bu il də davam etdirilməlidir. Azərbaycanın idman ölkəsi olaraq dünyada nüfuzunun daha da artması baxımından ölkəmizdə keçirilən beynəlxalq yarışların önəmi xüsusilə böyükdür. Azərbaycanda həm dünya, həm Avropa çempionatları keçiriləcək. Məlumdur ki, hazırda dünyanın idman ictimaiyyəti növbəti Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Dövlətimizin başçısınn qeyd etdiyi kimi, 2023-cü il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə də bizim bütün idman ictimaiyyətimiz əsas istiqaməti bunda görməlidir ki, Azərbaycan növbəti Yay Olimpiya Oyunlarında da öz gücünü bir daha təsdiqləsin".