Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Odla su bir arada - VİDEO - FOTO

Odla su bir arada - VİDEO - FOTO

Tarix: 15 Yanvar 2023 14:12

Respublikamızın müxtəlif bölgələrində zəngin mineral tərkibi, müalicəvi əhəmiyyəti ilə seçilən çoxlu bulaqlar var. Onlardan biri də Bərdə rayonunun Zümürxan kəndindəki "yanar su"dur. Bulaqdan su ilə bərabər metan qazı da çıxdığından, alovu suya yaxınlaşdırdıqda qaz məşəl kimi alovlanır. Tərkibi müxtəlif elementlərlə zəngin olan bu sudan yerli sakinlər bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.

Milli.Az bildirir ki, "Yanar su" bulağını sahibkar kimi işlədən Famil Nəbiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən əsrin 50-ci illərində Bərdə rayonu ərazisində geoloji kəşfiyyat işləri aparılıb və qazılan quyuların bəzilərindən mineral tərkibli termal sular qaynamağa başlayıb. Zümürxan kəndindəki yerli sakinlərin "yanar su" adlandırdıqları bu bulaq da 1953-cü ildə qazılmış quyudan qaynayır.

"1993-cü ildə bu ərazini abadlaşdırdıq, bulağın şəfalı suyundan insanların faydalanması üçün şərait yaratdıq. Suyu analizə göndərdik. Məlum oldu ki, tərkibində bir sıra mineral elementlər var. Bu suyun elmi adı yodlu-bromlu sudur. Yayda da, qışda da suyun temperaturu 32 dərəcə olur. Əsəb, dəri, ginekoloji xəstəliklərdə, oynaq ağrılarında istifadə edilir. Bədəndə səpkiləri 3 gündə aradan qaldırır. Yay mövsümündə insanlar bura gəlir, vanna qəbul edir, hovuzda çimirlər, bu sudan şəfa tapırlar. Su axmaz vəziyyətdə olanda tünd rəngli maz yaranır. Əvvəllər bunun nə olduğunu bilmirdik. Sonra onu analizə göndərdik, məlum oldu ki, Naftalan mazıdır".

Bərdə rayonu ərazisindəki mineral tərkibli termal sular bölgədə sağlamlıq turizminin inkişafı baxımından da əhəmiyyət kəsb edir. Bərdə Turizm İnformasiya Mərkəzinin direktoru Hikmət Heydərov bildirib ki, qədim Bərdə əsasən tarixi abidələri ilə turistlərin diqqətini cəlb edir. Rayon ərazisindəki termal sular da Bərdədə sağlamlıq turizminin inkişafını şərtləndirir.

"Bərdə şəhərindən Əliyanlı kəndi istiqamətindəki və Zümürxan kəndi ərazisindəki sulardan həm yerli sakinlər, həm də digər rayonlardan gələn insanlar sağlamlıq məqsədilə istifadə edirlər. Gələcəkdə termal sular olan məkanlarda infrastrukturun yaxşılaşdırılması rayona daha çox turistin cəlb olunmasına səbəb ola bilər", - deyə Hikmət Heydərov bildirib.

Milli.Az


Etiketlər:  Odla su bir arada VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ