Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan göstəriş verdi, Araik hərəkətə keçdi – Vardanyan geri çəkilir

Paşinyan göstəriş verdi, Araik hərəkətə keçdi – Vardanyan geri çəkilir

Tarix: 17 Yanvar 2023 21:34

"Bir aydan artıqdır ki, Qarabağda sular bulanıqdır, artıq Araik Arutyunyanla Ruben Vardanyan arasındakı narazılıq açıq müstəviyə keçib".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistanda nəşr olunan "Past" qəzeti yazır.

Nəşr qeyd edir ki, terroçu rejimin "spiker"i Artur Tovmasyanın "erkən seçki" çağırışı da daxili gərginlik və parçalanmadan irəli gəlir. Tovmasyanın özü də bunu "Qarabağdakı fövqəladə durum"la əlaqələndirib.

Tovmasyanın açıqlaması separatçılar arasında çaşqınlıq yaradıb. Çünki belə bir qərar baş separatçı Araik Arutyunyanın "istefa"sını və bütün terrorçu rejimin "buraxılmasını" tələb edir.

"Son aylarda baş verənlərin məntiqi onu deməyə əsas verirdi ki, Arutyunyan öz qərarını verib və "hakimiyyət"i dostu Ruben Vardanyana ötürür, məlumata görə, onu bu məqsədlə Xankəndiyə də özü dəvət edib. Amma son bir neçə saat ərzində mediaya sızan informasiyalardan məlum oldu ki, keçmiş dostlar arasında aşılmaz ziddiyyətlər yaranıb və Arutyunyanın komanda yoldaşı Tovmasyanın açıqlaması da bu səbəbdəndir", - nəşr bildirib.

Qəzet qeyd edib ki, Arutyunyan Vardanyanın "istefa"sını tələb edib, amma rədd cavabı alıb. Araik bundan sonra Rubeni zorla "istefa"ya məcbur edəcəyi ilə hədələyib.

Nəşrin iddiasına görə, Arutyunyan və Vardanyan arasında qızışan "soyuq müharibə" separatçı rejimin tamamilə parçalanmasına səbəb olacaq.

"Amma hamı, ilk növbədə, Araik Arutyunyan yaxşı başa düşür ki, hazırda başqa seçim (Vardanyanın göndərilməsindən savayı) yoxdur", - xəbərdə vurğulanıb.

"Past" separatçı rejim daxilində artan gərginliklə əlaqəli daha bir maraqlı məqama diqqət çəkib:

"Vardanyanın istefası tələbini Arutyunyana Ermənistan Baş naziri Nikol Paşinyan diktə edib. Bundan sonra Vardanyan onun haqqında yayılan xəbərlərə münasibət bildirib, istefaya getməyəcəyini açıqlayıb. Eyni zamanda Vardanyan Arutyunyan və Tovmasyanın da mümkün istefasını qəbuledilməz hesab edib".

Qəzet separatçı rejimin "təhlükəsizlik şurasının katibi" Vitali Balasanyanın komandadan qovulmasına da yer verib. Məsələ budur ki, Vardanyan Moskvadan Xankəndiyə göndərildikdən sonra separatçı rejim Arutyunyan-Vardanyan-Balasanyan şəklində "üçlü piramida"ya çevrilmişdidi. Amma Balasanyan "gözlənilmədən" separatçı komandadan xaric edildi.

"Past"ın bununla bağlı "etibarlı mənbə"dən əldə etdiyi məlumat belədir: "Vito ona görə oyundan çıxarıldı ki, digərləri ilə tamamilə ziddiyyətli yanaşmaya malik olub, azərbaycanlılarla ikitərəfli formatda danışıqlar aparıb nəsə əldə etməyin mümkün olduğuna inanıb. Digərləri isə belə düşünmür. Bu da Vitonun uzaqlaşdırılmasına səbəb oldu".

Qəzet Arutyunyanın bütün hallarda Vardanyanın "istefa"ya getməsinin tərəfdarı olduğunu bildirib. Hətta Araik buna nail olmaq üçün əvvəlcə Vardanyana təklif edib ki, hər ikisi istefa versin və "yeni seçki"yə getsinlər. Vardanyan bunu qəbul edib və bu məsələni bəzi "siyasi dairələr"lə, xüsusən də separatçı rejimin keçmiş başçıları Bako Saakyan və Arkadi Qukasyanla müzakirə edib. Qukasyan isə onu bu fikrindən daşındırıb, Vardanyana deyib ki, belə bir qərar separatçı rejimi tamamilə yox edə bilər.

Vardanyanla Arutyunyan arasındakı münasibətlər buradan pisləşib. Vardanyan Arutyunyanın Paşinyanın tələbi ilə ondan yaxasını qurtarmaq istəməsindən şübhələnir.

"Yeri gəlmişkən, mənbələrimiz Araik Arutyunyanın son vaxtlar ağır psixoloji vəziyyətdə olduğunu, bunu ətrafdakıların da hiss etdiyini bildirir. Məsələ ondadır ki, Ermənistan hakimiyyəti təzyiqləri dayandırmır, Arutyunyan isə onların bütün tələblərini yerinə yetirmək iqtidarında deyil.

Görünən budur ki, Arutyunyan istefası ilə bu vəziyyətə son qoymaq və "hakimiyyət"i başqalarına təhvil vermək qərarına gəlib. Amma bunun ağır nəticələrə səbəb olacağını anladığı üçün hələlik bundan daşınıb. Onu bundan yayındıran isə Bako Saakyandır", - qəzet yazıb.

"Past" bildirib ki, dünənə qədər Arutyunyan Vardanyanı "istefa"ya göndərəcək "sərəncam"ı əlində saxlayıb:

"Amma aparılan danışıqlardan sonra nə Arutyunyan, nə də Vardanyan istefa verib. Bizə dedilər ki, tərəfləri, daha dəqiq desək, Vardanyanı açıqlamalarında (Azərbaycana qarşı) daha təmkinli olmağa, Paşinyanı tənqid etməməyə çağırıblar. Demək olar ki, bu raund Arutyunyanın qələbəsi ilə başa çatıb. Növbəti raundda isə Paşinyanın tələbini yerinə yetirib, Vardanyanı zərərsizləşdirə, ya da ən azı "qırmızı vərəqə" göstərib manevr edə bilər.

Bir şey göz qabağındadır ki, Vardanyanın gəlişindən sonra bölgədə vəziyyət daha da pisləşib, verdiyi açıqlamalar Azərbaycanı daha da qəzəbləndirir. Buna görə də Qarabağ erməniləri iki yerə bölünüb: bir hissəsi Vardanyana, digəri Arutyunyana ümid edir".

Milli.Az


Etiketlər:  Paşinyan göstəriş verdi Araik hərəkətə keçdi Vardanyan geri çəkilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ