Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2023 08:48
İranın növbəti il büdcəsində, vergilərin 47 faiz artımına baxmayaraq, 10 faiz kəsr olacaq. Buna rəğmən, milləti əzən qurumlar üçün ayrılan büdcə artırılıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Güney Azərbaycandan olan iqtisadçı ekspert Sabir Zamani deyib.
Onun sözlərinə görə, SEPAH-ın büdcəsi önümüzdəki il 28 faiz artaraq, 120 trilyon tümənə (4 milyard ABŞ dolları) çatacaq.
"Polisin büdcəsi 62 trilyon, ETTELAAT-ın isə 20 trilyon təşkil edir. Həbsxanalar üçün 10 trilyon vəsait ayrılıb. Bunları bir yerə toplasaq, ölkə vətəndaşı üçün adambaşına 3 milyon tümən, təxminən yüz dollar düşür. Yəni rejim hər iranlını əzmək üçün bu qədər büdcə ayırıb".
O bildirib ki, İran rejimi yeni il üçün (21 mart) əlillərə ayrılan büdcəni azaldaraq, həbsxana və polis binalarının tikintisinə yatırır:
"Əlillərə xidmət mərkəzlərinin büdcəsi kəsilib. Bizim xəstəxanalarımızın 60 faizi və hər 3 məktəbdən biri standarta uyğun deyil. İran rejimi isə milləti əzmək üçün növbəti ildə 59 həbsxana tikəcək. Həmçinin polislər üçün yeni binaların tikilməsi də planlaşdırılır. Bunun da xərci 200 milyon dollar edir. Güc strukturları üçün nəzərdə tutulan büdcə təkcə rəsmi büdcə ilə kifayətlənmir. Belə ki, ölkədə SEPAH-ın özünün özəl şirkətləri var, orada on minlərlə işçi çalışır. İranın iqtisadiyyatında böyük bir payı var və oradan da böyük gəlir əldə edir".
İqtisadçının sözlərinə görə, büdcədən İran ideologiyasının reklamı və təbliğatına da böyük məbləğdə pul ayrılıb:
"İslamı təbliğ mərkəzinin büdcəsi 53 faiz artırılaraq, 2,3 trilyon tümənə çıxıb. Xomeyninin məzarına da hər il olduğu kimi yenə maddi vəsait ayrılıb. Bu il isə bu rəqəm 36 milyard tüməndir. SEPAH-a tabe "Camaatul Mustafa" ideologiya mərkəzinə 900 milyard tümən pul veriləcək. Qumdakı beyinyuma mərkəzi var, orada müxtəlif ölkələrdən gələnləri terrorçu kimi yetişdirirlər, onlar üçün də 9 trilyon tümən vəsait nəzərdə tutulub. İranın Əmək Nazirliyinin son məlumatına görə, ölkədə hər 3 insandan biri yetərincə bəslənə bilmir. Buna səbəb isə qida məhsullarında 65 faizdən çox inflyasiyanın olmasıdır. Bu, çox önəmli məsələdir ki, bir ölkədə insanlar yetərincə bəslənə bilmir, amma Xomeyninin məzarına külli miqdarda pul xərclənir".