Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Özündən qəhrəman düzəltmək istəyənin SƏHV ZAMANLAMASI ...

Özündən qəhrəman düzəltmək istəyənin SƏHV ZAMANLAMASI ...

Tarix: 2 Fevral 2023 17:42

Azərbaycan yürütdüyü xarici siyasətlə hər ötən gün ətrafına daha çox dövlətləri cəmləməyi, onunla diplomatik əlaqələr başda olmaqla digər sahələrdə də əməkdaşlığı dərinləşdirmək istiqamətində olduqca önəmli addımlar atır. Yerləşdiyimiz coğrafiyanın dünyanın qlobal güclərinin maraqlarının toqquşduğu bir region olduğunu nəzərə alsaq, rəsmi Bakının bu siyasətinin ən optimal variant olduğunu deyə bilərik. 

Xüsusilə 44 günlük müharibədən sonra Azərbaycana düşmənçilik yox, sülh, sabitlik şəraitində yaşamaq lazımdır. Bu, ilk növbədə regionda sülhə, sabitliyə öz töhfəsini verəcək məsələ olduğundan Azərbaycan insan faktorunu bütün məsələlərdə prearitet hesab etdiyi üçün bir də bölgəmizdə qan axıdılmaması, günahsız insanların müharibə cinayətlərinin qurbanı olmaması üçün olduqca önəmli məsələdir. 

Bəli, istər Azərbaycan xalqı, istərsə də dövləti xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra dostunu-düşmənini tanımaq adına olduqca önəmli fürsət əldə etdi və bu gün artıq burnumuzun ucunda kimin kim olduğunu, hansı hoqqalardan çıxdığını hər kəs çox gözəl bilir. Təəssüf ki, bu sarıdan bəxtimizin qonşularımız bir çoxları sarıdan (Türkiyə, Gürcüstan və Türkmənistan istisna olmaqla Rusiya, Ermənistan və İrandan hər zaman Azərbaycana qarşı məkrli oyunların şahidi olduq) gətirdiyini deyə bilmərik. 

Uzun illər İran "İslam" Respublikası adı altında pərdələnərək Azərbaycana qarşı Ermənistanın işğalçılıq siyasətinə gizli dəstək verirdisə, Azərbaycanın bu gün regionda yaratdığı yeni geosiyasi vəziyyət molla rejimini Bakıya qarşı açıq şəkildə kin-küdurət püskürməsi ilə üz-üzə qoyub. Lakin Azərbaycan bu günə kimi, xüsusilə də Vətən müharibəsindən sonra İran nə edibsə ona qarşılıq addımları ilə adekvat cavab verməyi məntiqə uyğun bilib.

Xüsusilə nəzərə alsaq ki, Tehranda səfirliyimə edilən terror hücumundan sonra İran rəsmiləri hər vəchlə Azərbaycana hadisədən dolayı narahatlıqlarını göstərmək üçün əllərindən gələni (XİN başçısı Abdullahian Ceyhun Bayramova zəng etdi, Abdullahian xəstəxanada yaralılara baş çəkd, İran prezidenti İ.Rəisi İlham Əliyevlə telefonla əlaqə saxlayaraq başsağlığı verdi) edərək son gərginliklər fonunda dünyaya, Azərbaycan xalqına "Azərbaycan bizim düşmənimiz deyil" mesajı ötürməyə çalışdı. 

Bu zamana kimi rəsmi Bakı bütün qonşuları arasında (Ermənistan istisna olmaqla), tərəfdaşları içində səmimiyyəti ilə seçilən dövlətlərdən biridir. Son iki il ərzində bir dəfə də olsun Azərbaycan tərəfi rəsmi olaraq İranı bu qədər ermənipərəst mövqeyinə, erməni sevdasına görə "düşmən" elan etməyib, adlandırmayıb. Azərbaycan sadəcə olaraq bütün həqiqətləri xalqa və dünyaya ötürməklə kimin kim olduğunu nümayiş etdirmək və özünə qarşı təhdid-hədələrə cavab vermək yolunu tutumaqla rəsmi Tehranla arasındakı bağların tamamilə qoparılmaması siyasətinə dsətək verib. 

Bunun üçün Bakının əlində çox tutarlı səbəb var:

1. Bu gün İranda 40 milyona yaxıən soydaşımız yaşayır. Onların taleyi bu gün həll olunur və belə bir , həssas, önəmli zamanda İranla suyu da üfürə-üfürə içib, qərarlarımızı hərtərəfli götür-qoy etməmiyimiz lazım olduğu bir vaxtda rəsmi Bakı o qədər insanın taleyini heçə saya bilməz. Bunun üçün də Bakı Tehranla münasibətlərində qırmızı çizgini daim qoruyur. 

2. Azərbaycan həm daxildə, həm də xarici siyasətində çox doğru strategiya ilə irəliləyir. Belə ki, Azərbaycan İrana qarşı bəzi məsələlərlə həssaslıqla yanaşmasında digər məqamlardan biri böyük ehtimalla daxildəki mola rejiminin casuslarının hələ də mövcudluğu və istənilən an qanlı olay törətmək əmrini almaları ilə bağlıdır. Dövlət bununla da daxildəki sabitliyi, vətəndaşlarının təhlükəsizliyi məsələsini əsas götürür. Lakin bu o demək deyil ki, Bakı daim bu siyasəti yürütmək məcburiyyətində qalacaq.

Amma müəyyən zaman çərçivəsində yaxşı olar ki, Azərbaycanın bir çox siyasət adamları da Prezidentin siyasi kursunu, onun həyata keçirdiyi məsələləri diqqətlə izləyib, dövlətin verdiyi qərarların, atdığı addımların hansı məqsədlər uğrunda olduğunu dərk edərək, ona uyğun şəkildə ictimai yerlərdə, KİV qarşısında, mediada fikirlər səsləndirsinlər. Çünki onların istənilən yersiz çıxışı dövlətin ümumi əziyyətini yerə vurmuş sayılır. 

Belə simalardan biri də təəssüflə qeyd edirəm ki, Milli Məclisin üzvü Arzu Nağıyevdir. Tez-tez ekstraordinar, bəzən ciddi müzakirələr doğuran və birmənalı qəbul edilməyən açıqlamaları ilə gündəmə gələn cənab Nağıyev bu dəfə YAP-ın (Yeni Azərbaycan Partiyası) "Yeni TV"-də öz ampulasında olub. Son günlərin qlobal mövzusuna çevrilən Tehranda səfirliyimizə qarşı törədilən teraktla bağlı efirdə fikirlərini bildirən Arzu Nağıyev, bu dəfə də dövlətin maraqlarına zidd sayıla biləcək, işlənilməsi yersiz və zamansız olan ifadələr külliyətinə yer verir. 

O, bu terror olayından sonra Azərbaycanın İrandakı səfriliyini bağlamaqla diplomatik missiyanın sona çatdığını bildirib. Amma deyəsən cənab Nağıyev ya unudub ki, orada konsulluğumuz da fəaliyyət göstərir, ya da prosesləri dərindən izləmək üçün zamanı olmayıb. Əks təqdirdə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovun bu terror hadisəsindən sonra jurnalistklərə açıqlamasında işlətdiyi bu cümlələri xatırlayardı: "Bizim bir çox vətəndaşlarımızın İranda olduğunu, səfər etdiklərini nəzərə alaraq, onların hər hansı məsələləri, sualları olarsa, diplomatik missiyadan yardımlara ehtiyacları olarsa, onlar bizim Təbrizdəki Baş konsulluğa müraciət edə bilərlər".

Bəli, Arzu müəllim, diplomatik missiyadan yardımlara ehtiyacları olan soydaşlarımıza, vətəmndaşlarımıza Təbrizdəki Baş konsulluqda lazımı köməklik ediləcək. Hörmətli deputat, "Diplomatik səviyyədə bizim münasibətlərimiz yoxdur" dediniz. Bəs, bu, sizcə İranla diplomatik əlaqələrimizin kəsilmədiyi anlamına gəlmirmi? 

Növbəti fikir isə daha bərbad, daha uğursuz oldu: "İranın Ermənistanla ciddi tərtəfdaş kimi atılan addımlarından görünür ki, Ermənistanın yanında olmaqla Azərbaycana qarşı öz düşmənçilik mövqeyini sərgiləməkdədir, göstərməkdədir".

Düz deyirsizniz, amma zamanlamanız yenə də olduqca uğursuzdur. Çünki Azərbaycan heç bir dövlətin kiminlə dostluq edib, kiminlə münasibət qurmasına görə heç vaxt nə qarşı olub, nə də ondan narahat deyil və buna görə indiyə kimi kiməsə, hansısa dövlət başçısına, XİN rəhbərinə öz narazılığını ifadə etməyib.

İran-Ermənistan münasibətləri bu gün mövcud deyil, uzun bir tarixi köklərə söykənir və çox zaman da məhz Azərbaycana qarşı istifadə edilib bu əməkdaşlıq. Amma bu zamana kimi, xüsusilə də son 2 il ərzində Tehranla Bakı arasındakı bu qədər gərginlik fonunda dövlət rəsmiləri bir dəfə də olsun ən yüksək səviyyələrdə İranı Azərbaycanın düşməni olduğunu belə açıq elan etməmişdi. Düşünürsünüz yoxsa, siz onlardan daha cəsarətlisiniz? 

Qaldı ki, İranla Ermənistanın tərəfdaşlığına, müttəfiqliyinə, bacılığı məsələsinə, deməyinizdən belə çıxır ki, biz bu gün İran rejiminin Azərbaycanı İsraillə dostluğuna görə qınaq obyekti etmək cəhdlərini tənqid atəşinə tutduğumuz kimi, sizin açıq şəkildə "düşmən" elan etdiyiniz İranın da sabahdan bütün media orqanlarında əyalət mollalarından tutmuş, mollabaş siyasətçilərinə kimi eyni ittihamla Azərbaycana qarşı çıxışı üçün zəmin hazırlayaq. 

Dorğrudur, xalqın səsi olduğunuzu göstərmək istəyi sizə belə əlavə cəsarət verə bilər. Amma unutmayın ki, istəklə yekun nəticə arasında böyük fərq alınır.

Bunun bir adı var, özündən qəhrəman düzəltmək! Təəssüf ki, cənab Nağıyev, bu sizin ilk belə nöqsanınız deyil. Yaxşı deyək ki, siz siyasi proseslərdən bu qədər bixəbərsiniz lap, bəs sizi bu efirə dəvət edənlərdəmi nəyi, necə dediyinizi fərq etmir? Edirlərsə, o zaman niyə Azərbaycanın hazırki vəziyyətdə maraqlarını əks etdirməyən ifadələrin efirində yer almasına seyirci qalmağı seçirlər?!

Düzü inanmıram ki, İran molla-fars rejimini casuslarından savayı bu qədər həngamədən sonra Azərbaycanda sevən olsun. Amma biz ən azı indiki mərhələdə onu silib atmaqla da düzgün etmirik. Necə ki, eyni siyasəti ABŞ artıq yarım əsrdir ki, İran rejiminə qarşı tətbiq edir. 

Xatirinizdədirsə, İrandakı etirazların lap əvvəlində ABŞ prezidenti Cozef Bayden dedi ki, "biz İranı azad edəcəyik". Amma hələ də bunun əlamətləri görünmür. Bizə hətta elə gəlir ki, huşsuz bir qoca olan ABŞ prezidenti özü də artıq nə dediyini xatırlamır. Amma, cənab Nağıyev, siz ki, min cavana dəyərsiniz. Nə baş verir?!

Yəqin razılaşarsınız, hərdən adama elə gəlir ki, Vaşinqton Tehran məsələsini həll etməyə tələsmir.  İran məsələsi "Qordi düyünü" kimidir, ABŞ onu kəsməyə tələsmir. Məncə, siz də tələsməsəniz hər şey gözəl olacaq...

Milli.Az


Etiketlər:  Özündən qəhrəman düzəltmək istəyənin SƏHV ZAMANLAMASI


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR