Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib (FOTO)

“Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib (FOTO)

Tarix: 3 May 2019 11:04

Bakı. İlhamə İsabalayeva - Trend:

Bu gün Bakıda Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə 3 may - Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.

Trend-in məlumatına görə, Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, bu gün Azərbaycan mətbuatı kifayət qədər inkişaf edən realist, müstəqil, hadisələrə milli maraqlardan baxmağa qadir olan bir mediadır:

"Azərbaycanda baş verən hadisələr bu və ya digər yolla - istər sosial şəbəkələr, istərsə də media vasitəsilə ictimaiyyətə çatdırılır. İstənilən şəxs bu yolla öz fikirlərini yaya bilir. Bu gün Azərbaycanda 3 milyon insan sosial şəbəkələrdən istifadə edir".

Azərbaycan mətbuatının dünyanın inkişaf edən mediasının tərkib hissəsi olduğunu nəzərə çatdıran Ə.Amaşov bəzi problemləri də sadalayıb: "Düzdür, bu gün problemlər var və bunlar iqtisadi məsələlərdən qaynaqlanır. Əsas məqsəd odur ki, Azərbaycan mediası iqtisadi baxımdan heç bir dövlət qurumundan, iş adamından, iqtisadi mərkəzdən asılı olmayan quruma çevrilsin".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycanda mətbuat və söz azadlığı var: "Bu günün jurnalistləri çox xoşbəxtdirlər ki, belə azad şəraiti olan mətbuat orqanlarında çalışırlar. Milli mətbuatımız bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olub".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev deyib ki, bu gün informasiya bolluğu şəraitində yalanla həqiqəti ayırd etmək çətin olur. Bu isə qlobal dünyada müəyyən neqativ hallara yol açır. Buna görə də informasiya seçimində diqqətli olmaq lazımdır.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət bildirib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ zonasında 7 jurnalist Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilib: "Ilk olaraq, Salatın Əsgərova Dağlıq Qarabağda ermənilər tərəfindən qətlə yetirilib. Daha sonra orada 6 jurnalistimiz qətlə yetirilib. Bundan əlavə, Rusiyanın 2 jurnalisti də Dağlıq Qarabağda qətlə yetirilib.

A.Həsrət bu gün Azərbaycana qarşı bəzi çirkin işlərin aparıldığını da söyləyib: "Osman Mirzəyevin qızı Sevinc Osmanqızı bu gün xaricdə atasının canını qoyduğu Azərbaycan dövlətinə qarşı çirkin işlər aparır. Xaricdə jurnalist Elmar Hüseynovun qətli üzərində çirkin manipulyasiyalar aparılır. Onun adı ilə qrantların alınmasına son qoyulmalıdır".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə qeyd edib ki, müasir Azərbaycan mətbuatı özünün möhkəm ənənələrinə söykənməli, maarifçilik ideyalarının təbliğinə geniş yer ayırmalıdır.

"Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev bildirib ki, dünyanın bir çox ölkələrində mətbuat siyasi rejimlərin, hətta kriminal aləmlərin əlindədir. Bu isə mətbuatın inkişafına mane olur: "Azərbaycanda mətbuat kriminal dairələrin, ayrı-ayrı adamların əlində deyil. Dövlət mətbuata maliyyə yardımı göstərir. Bu da mətbuatın inkişafına kömək edir".

"Xalq cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə gələcək jurnalistləri daha universal olmağa və xarici dil bacarığını təkmilləşdrməyə çağırıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Mətbuat azadlığı bəşəri mahiyyət Azərbaycan reallıqları mövzusunda konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ