Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Başqa çıxış yolumuz yoxdur" - Qurban Qurbanov

Tarix: 4 Fevral 2023 19:40

"Bizi çox xoş qarşıladıqları üçün gəncəlilərin hər birinə təşəkkür edirəm. Oyuna gəldikdə, heç də asan olmadı. Ümumiyyətlə, burdakı matçlarımız hər zaman gərgin şəraitdə keçir. Hər bir halda xallarımızın üzərinə 1 xal da gəldi".

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Kəpəz"lə oyundan (1:1) sonra deyib.

"Təəssüf ki, bu gün oyunumuzu tam yaxşılaşdıra bilmirik. Bunun üçün şərait də yaxşı olmadır. Qış fasiləsindən sonra biz ilk oyunumuzu günorta saat 2-də süni meydanda keçirmişik. Bu gün yenə saat 2-də meydana çıxdıq. Bu şəraitdə əlbəttə ki, futbolçulardan tam istədiyim oyunu gözləyə bilmərəm. İstənilən halda, "Kəpəz" bu gün 1 xala layiq idi. Biz də çalışacağıq ki, oyunumuzu daha da yaxşılaşdıraq" - deyə o bildirib.

Mütəxəssis qarşıda "Qarabağ"ı gözləyən gərgin qrafiklə bağlı bunları deyib: "Bu cür halla ilk dəfə qarşılaşmırıq. Lakin hazırda komandanın oyununda müəyyən çatışmazlıqlar var. Təbii ki, belə şəraitdə ağır qrafikdə oynamaq asan olmayacaq. Qarşıdakı günlərdə vəziyyətimizi yaxşılaşdırmağa çalışacağıq. Başqa çıxış yolumuz da yoxdur. İnanıram ki, futbolçular da zaman keçdikcə daha yaxşı formada olacaqlar. Oyundan oyuna komandanı motivasiya edəcəyik".

Qurbanov uzun fasilədən sonra Gəncə publikası önünə çıxmasından da söz açıb: "Gəncə futbolu, Gəncə azarkeşi Azərbaycanda fərqlənir. Burdan həmişə yaxşı futbolçular çıxıb. 2-3 il qabaq Gəncədəki son oyunumuzda tribunada 15-16 min azarkeş var idi. Ona görə əminliklə demək olar ki, Gəncəyə futbol yaraşır. Burda olmaq xoşdur. Futbolçu kimi də Gəncədə oynamaq hər zaman çətin idi. Bu saatda, belə şəraitdə yaxşı futbol sərgiləmək heç də asan deyil. Ümid edirəm ki, növbəti mövsümlərdə Gəncədəki şərait daha yaxşı olacaq".

Qurbanov oyunun sonlarında komandasının üzvü Marko Yankoviçə sərt şəkildə irad bildirməsinə belə aydınlıq gətirib: "Sərt dedikdə, normal epizodlar idi. Oyunun sonlarında tələsirdik. Futbolçuya sərt şəkildə irad bildirməyin tərəfdarı deyiləm. Oyun alınmırsa, futbolçunun üstünə getməyə dəyməz. Hər zaman futbolçunun yanındayam".

"Qarabağ"ın çalışdırıcısı Gəncədəki stadion problemi ilə bağlı sualı belə cavablandırıb: "Düzdür, bu, mənə aid olan məsələ deyil. Amma futbolun inkişafını istəyiriksə, azarkeşlərin stadiona daha çox gəlməsini istəyiriksə, bunun üçün ən yaxşı perspektiv olan şəhərlərdən biri Gəncədir".

Milli.Az


Etiketlər:  Başqa çıxış yolumuz yoxdur Qurban Qurbanov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ