Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Zamanında Aygün, Röya, Brilliant və bir çoxları..." - Müsahibə - FOTO

Tarix: 5 Fevral 2023 20:20

Müğənni Elçin Cəfərov 2 fevral Gənclər Günündə "Qara uzun saçlar" klipini təqdim edib.

Təqdimatda müğənni jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki, müğənni Elçin Cəfərov ilk öncə bir müddət səhnə və rəqəmsal platformlardan uzaq düşməsinə aydınlıq gətirib:

- Bəzən istəyərək, bəzən də istəməyərəkdən yollarımız bu cür davam edir. Həyatın axarına qoşulub, gedirəm, amma bu axarda özümə cığırlar axtarıb tapıram.

Əlbəttə ki, müəyyən bir ara keçdi, məndə belə tez-tez olur, yəni, bəzən bir müddət efirdə olmuram, daha sonra yenə də efirlərə çıxmağa başlayıram və sairə. Bu məsələyə pandemiya da öz təsirini göstərdi.

Mən indi həm Bakıda, həm də Türkiyədə yaşayıram. Yəni, Bakıdan birdəfəlik köçüb, getməmişəm.

- Yəqin ki, efirlərdən uzaqlaşmağınıza sənət aləmində baş verənlər də təsir edib.

- Biz incəsənət adamları çox həssas oluruq və bəzən görürsən ki, müəyyən bayağı işlər gəlib, səni ötür. O zaman insan qırılır, küsür, sənətində dayanır. Amma həyatdır, qarşına manelər, "parazitlər" də çıxa bilər, yetər ki, sən öz işinlə məşğul olasan, yenilməyəsən. Bu həssaslığı, küsülüyü bir qədər kənara qoymaq lazımdır.

- Hiss olunur ki, istanbullu Elçinlə, bakılı Elçinin arasında dəyişiklik var.

- Çox doğrudur, dəyişiklik etmişəm. Məsələn, yeni mahnım melodik də olsa, rep musiqisinə yaxın, yeni dalğaya uyğundur. Amma bu dəyişikliyi etmək heç də asan olmadı. Təsəvvür edin, sən muğamı bitirmiş adamsan və məcbursan ki, dövrə uyğun bu tərzdə mahnı oxuyasan. Yəni, bu axara qoşulmaq lazım idi. Gözəl mahnılar yazılır, ifa edirik, sevilir. Amma gənclər var, onların da sevgisini qazanmaq lazımdır. Beləliklə, hamınım fikirlərini nəzərə almaq lazımdır.

- Övladınız hansı müğənnini dinləyir?

- Övladımın musiqi ilə əlaqəsi yoxdur, amma çox gözəl ritmi anlamağı var. Amma dediyim kimi, oxumaq görünüşü yoxdur.

- Ailədə sizə dəstək varmı? Məsələn, həyat yoldaşınız klipdəki bəzi səhnələri normal qarşıladımı?

- Problem yoxdur. Ümumiyyətlə, bizdə əvvəlcədən belə problem, qısqanclıq olmayıb. Sadəcə mən özüm lap əvvəldən müəyyən şeylərdən geri çəkilmişəm. Yəni, özümə görə ədəb qaydaları olub, onlara riayət etmişəm. Məsələn, bu klipdə də bəzi məqamlar var idi, dedim ki, onlara çox da getməyək.

Zamanında özümü bu cür çərçivədə saxlamaq mənə çox mane olub. Hətta Murad Dadaşov bir dəfə demişdi ki "Elçin o qədər tərbiyəlidir ki, bu ona səhnədə mane olur". Bu cür olmaq xoşuma gəlirdi, amma bəzən də buna görə səhnədə sıxılırdım. Lakin zaman keçdikdən sonra anladım ki, bu dəyərlər nə qədər dəyərli imiş. Bu dəyərləri qoruyub saxlamaq o qədər də asan olmadı və məni bu gün ucaldan məhz həmin dəyərlərdir.

- Şou-biznesdə sizi əvəzləyən varmı?

- Heç kim heç kimi əvəz etmir, o da ola məni (gülür).

- Türkiyə şou-biznesinə qatılmaq üçün hansısa bir layihə düşünürsünüzmü?

- Əlbəttə düşünürəm və ümümiyyətlə buna iddialıyam. Bu istiqamətdə nə qədər bacardığım varsa, istifadə edəcəm.

- Klipə baxanda hiss olunur ki, xeyli pul xərclənib. Klipin büdcəsi ilə bağlı hansısa şirkətlər dəstək oldu ya xərci yalnız özünüz qarşıladınız?

- Xeyr, heç bir şirkət sponsor olmadı, hamısı öz əməyimin nəticəsində hazırlandı.

- Klipdə Ekran "Kanatsız kuşlar", "Kiralık aşk", "Medcezir", "Hercai" kimi seriallarda rol alan tanınmış aktrisa Özlem Gezgin yer alıb. Gizlin deyilsə, akstirsaya nə qədər qonorar ödədiniz?

- Bu məbləği açıqlamaq istəmirəm.

- Bir az öncə qeyd etdiniz ki, Türkiyə şou-biznes aləminə daxil olmağa iddialısınız. Buna qədər xeyli sayda tanınmış sənətçimiz buna cəhd etdi, hətta bir müddət qardaş Türkiyədə yaşadılar, amma onlarda bu məsələ alınmadı. Nəyə əsaslanıb, bu qədər iddialısınız? Və necə düşünürsünüz, həmin sənətçilərimiz ilə sizin fərqiniz nədədir?

- Zamanında Aygün Kazımova, Röya Ayxan, Brilliant Dadaşova və bir çoxları Türkiyədə nəsə etməyə çalışdılar. Məqsəd o deyil ki, türkiyəli sənətçilərdən biri olum. Məqsəd odur ki, sənətimi göstərim. Və addımlarımı elə atacam ki, o sənətçilərin etdiyi səhvləri etməyim... "

Milli.Az


Etiketlər:  Zamanında Aygün Röya Brilliant bir çoxları Müsahibə FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ