Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nizami Kino Mərkəzində məşhur kinorejissor Oleq Kovalovla görüş keçirildi

Nizami Kino Mərkəzində məşhur kinorejissor Oleq Kovalovla görüş keçirildi

Tarix: 10 Fevral 2023 14:42

Nizami Kino Mərkəzində toplaşanlar müasir Rusiya kinematoqrafiyasının tanınmış nümayəndəsi Oleq Kovalovla tanış olmaq və dinləməklə yanaşı, onun yeni filmini seyr etmək imkanı qazandılar.

Kino Evinin yığcam zalına toplaşan yerli rejissorlar, ssenaristlər, eləcə də  kinosevərləri əvvəlcə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor  Şəfiqə Məmmədova salamladı. O, belə bir ideyanın gözlənilmədən yarandığını və bu gün rejissor Oleq Kovalovun "Tyomnaya noç" ("Zülmət gecə") filminin ilk təqdimat-premyasının ardınca oxşar layihələrin ittifaq tərəfindən planlı şəkildə həyata keçirəcəyini bildirdi.

Təqdimatın ideya müəllifi, kinorejissor, kinoşünas Ayaz Salayev toplaşanların diqqətinə 45 il əvvəl bir yerdə təhsil aldığı, tələbə yoldaşı Oleq Kovalovun elə o dövrdə artıq xüsusi dəst-xətti ilə seçilən rejissor, hətta pedaqoq olduğunu diqqətə çatdırdı. Oleq Albertoviç Kovalovun dünya incəsənətinə, onun boyakarlıq kimi sahəsinə yaxından bələd olduğunu söyləyən A.Salayev kinorejissoru tam cəsarətlə müasir rus mədəniyətinin aparıcı simalarından biri kimi səciyyələndirdi.

Sonra söz "Tyomnaya noç" filminin quruluşçu-rejissoru Oleq Kovalova verildi. Özünə, zalda əyləşən həmkarlarına və kinosevərlərə "Bu film niyə çəkildi?", - sualını ünvanlayan tanınmış rejissorun cavabı kifayət qədər maraqlı və düşündürücü idi: "Bu filmdə nasizmin yaranması, təşəkkül tapması və bu prosesin qarşısının alınmasının nə qədər çətin və əzablı olmasını göstərməyə çalışmışam. Ötən əsrin 30-cu illərin alman kinematoqrafiyasına istinadlar edilən, ekspressionizm janrında lentə alınan bu film hitlerəqədərki Almaniyanın həm ictimai-siyasi mənzərəsini, həm də sosial-mental durumunu özündə əks etdirir". Bu konteksdə tələbə yoldaşı və dostu Ayaz Salayevin öz vaxtında səs salmış "Yarasa" filmini xatırladan tanınmış rejissor "Tyomnaya noç"un soyuq ekspressionizmə meylli olduğunu, həmin 30-cu illərdə Almaniyada dərc olunan jurnallardan kəsilmiş fotoşəkillərin də yer aldığı ekran əsərində xronikadan da yararlandığını dilə gətirdi.

"Tyomnaya noç"un ilk tənqidçisinin filmin ssenari müəllifi və həyat yoldaşı Natalya Skoroxodun olduğunu bildirən O.Kovalov çıxışının sonunda Azərbaycana səfərlərindən çox məmnun qaldıqlarını, paytaxt Bakıya yenidən vurulduqlarını söylədi.

Daha sonra sənətkarlar və kinosevərlər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaratdığı bu gözəl imkandan bəhrələnərək, böyük maraqla "Zülmət gecə"yə tamaşa etdilər.

Milli.Az


Etiketlər:  Nizami Kino Mərkəzində məşhur kinorejissor Oleq Kovalovla görüş keçirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ