Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2023 15:02
"Əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən zərərçəkən şəxslərə Azərbaycandan göndərilən yardımların içinə qoyulan qeydlər ürəkləri riqqətə gətirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, müxtəlif ölkə və şəhərlərlə yanaşı, Azərbaycandan göndərilən paltar, ərzaq və ədyalın olduğu yük maşını artıq Malatyaya çatıb. Şəhərdəki bir məktəbin anbarında yerləşdirilən və çeşidlənən yardımların arasından təsirli sözlər, vafli, məktublar və pullar aşkar edilib.
Paltarın olduğu yardım qutusuna əlavə edilən qeyddə "Salam uşaqlar, mənim adım Reyhandır. Mən Azərbaycan qızıyam. Ümid edirəm ki, evə qayıdacaqsınız. Allah sizi qorusun" sözləri yazılıb.
Başqa bir yardım qutusunda isə "Allah yar və kömək olsun. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara isə şəfalar diləyirik. Canımızla, qanımızla yanındayıq Türkiyəm" yazılı qeydi tapılıb.
Daha bir qeyddə isə "Tez sağalın, Azərbaycan olaraq ürəyimiz sizinlədir. Çox, çox gözəl günlərdə geyinməyinizi arzu edirik. Qardaşlarımız, Allah sizi qorusun. Biz sizinləyik, dualarımızdasınız" sözləri yazılıb.
Yun corabların üzərinə isə belə bir qeyd qoyulub: "Corablar təmizdir, cehizimdəndir".
Qeydlərə görə duyğulandığını bildirən Malatya vilayətinin milli təhsil müdiri Hatice Özdemir bu sözləri deyib: "Azərbaycandan gələn yardım və məktublar bizi çox kədərləndirdi. Bilirik ki, Azərbaycan bizim qardaşımızdır. İnsanlar cehizindəki əşyalarını, kiçik bir uşaq vafli göndərib. Bu, böyük bir işdir. Fəlakətdir, amma Türkiyə Cümhuriyyəti olaraq bu birlik və gücümüzlə bunun öhdəsindən gələcəyik".