Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Fevral 2023 21:04
İsrailin "Rafael" müdafiə texnologiyaları şirkəti Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) öz ofisini açır.
Bu xəbəri "The Jerusalem Post" qəzeti yayıb.
Müdafiə sənayesi üzrə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan "Rafael" bəyan edib ki, onun BƏƏ-dəki "yeni ofisi innovasiyalardan istifadə edərək regiondakı imkanları araşdırmağa şərait yaradacaq". "RAFAEL IDEX" və "NAVDEX" müdafiə sənayesi konfranslarına çıxış edən şirkətin prezidenti və baş icraçı direktoru, general-mayor Yoav Har-Even Əmirliklərin və İsrail rəsmilərinin iştirak etdikləri mərasimdə yeni ofisin açılışını elan edib.
"IDEX 2023" müdafiə sənayesi sərgisinə hazırlaşan şirkətin prezidenti bildirib ki, bu tədbirdə bir sıra innovativ müdafiə texnologiyaları, o cümlədən "IRON BEAM" yüksək enerjili lazer silah sistemi (HELWS) nümayiş etdiriləcək. İsrailli mütəxəssislərin hazırladığı bu silah "Dəmir qübbə" adlanan hava hücumundan müdafiə sistemlərinin imkanlarını artıracaq.
Har-Even qeyd edib ki, "şirkətin qlobal şəbəkəsinə qoşulan Əbu-Dabidəki yeni ofis hökumətlər, müştərilər və müdafiə sənayesi liderləri ilə əlaqələr yaratmağa daha yaxşı şərait yaradacaq. O əlavə edib: "Rafael"in BƏƏ ilə əlaqələrini gücləndirmək istiqamətində daha bir konkret addım bizi ruhlandırır. İndi deyə bilərik ki, bu ilk sərmayə vasitəsilə Əbu-Dabiyə körpü tikmişik və beləliklə inkişaf etdirilən əlaqələri genişləndirməyə davam etməkdən məmnunuq".
Qeyd edək ki, İsrailin müdafiə sənayesi podratçıları "Israel Aerospace Industries" və "Elbit" hələ 2021-ci ilin sonunda BƏƏ-də ofislərini açıblar. Hər iki şirkətin fevralın 19-da Əbu-Dabidə açılışı olacaq "IDEX 2023" sərgisində də böyük təqdimatları təşkil ediləcək.