Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Fevral 2023 03:24
Sonxeber.net xəbər verir ki, Arif Babayevin ömür-gün yoldaşı Gültəkin Babayeva moderator.az-ın suallarını cavablandırıb.
- Gültəkin xanım, bu gün sənətkarın doğum günüdür. Onu ürəkdən təbrik edirik. Hər zaman müsahibəni onunla etmişik. Bu dəfə istədik ki, onunla bağlı sualları sizə ünvanlayaq. Doğum gününü necə qeyd etdi?
- Öncə Arif müəllimə qarşı göstərdiyiniz bu diqqətə və hörmətə görə sizə təşəkkür edirəm. Ad günləri hər zaman təmtəraqlı keçib. Biz istəsək də, istəməsək də bu belə olub. Çünki xalqın və dövlətin sevimlisidir. Görün nə qədər tələbələr yetişdirib. Bu baxımdan çox xoşbəxt xanəndədir. Hər zaman deyir ki, məni həm xalq, həm də dövlət sevir. Bütün ordenlərə, fəxri adlara layiq görülüb. Bir sənətkara bundan artıq daha nə lazımdır?! Bu il də doğum günü Dövlət Filarmoniyasında qeyd olundu. Tələbələri və gənc xanəndələr mahnılarını ifa etdilər. Özü də iştirak etdi, təşəkkürünü bildirdi. Onun doğum günləri həm ad günündən 1 həftə əvvəl, həm də 1 həftə sonra davam edir. Verilişlər çəkilir, gözəl proqramlar hazırlanır. Bu diqqət Arifi çox sevindirir.
- İstərdim lap əvvəldən başlayaq. Necə tanış olmusunuz?
- Ariflə ailə həyatı quranda 18 yaşım var idi. Məktəb bitirməmişdim. Gəlib gördü, alıb gətirdi. Amma oxumaq da istəyirdim. Tibb universitetinə imtahan verdim, bir balım çatmadı. Sonra dedi ki, eybi yox, özüm səni oxudacam. 3 övladımız oldu, baş onlara qarışdı. Heç təhsil, oxumaq yada düşmədi, yaddan çıxdı. Ən böyük arzularımdan biri həkim olmaq idi, indi qızım həkimdir, mənim arzularımı yerinə yetirib. Hətta Arif də mənə dedi ki, "arzuların daha yerinə yetdi, qızın həkim oldu".
- Bu illər ərzində bir-birinizə dözmək çətin olmayıb ki?
- Xeyr! Heç bir vaxt çətin olmayıb. Nə o, nə də mən şərait yaratmamışam ki, çətinlik olsun. Ailədə hər şey hər iki tərəfdən asılıdır. 55 ildir ki, bir yerdəyik, o məni, mən də bu günki gündə onu qoruyuram. Arif müəllim cavanlığında çox səbirsiz insan idi. Amma yaşı artdıqca artıq səbirli olur. Heç vaxt məni incitməyib. Özümü onsuz, tək təsəvvür etmirəm. Həmişə dua edirəm ki, Allah ona can sağlığı versin, pis gün göstərməsin. Ən azından o günü mən görməyim.
- Ən böyük arzusu nə idi?
- Ən böyük arzusu Ağdamına, Sarıhacılı kəndinə getmək idi. Şükür Allaha ki, o arzusu da həyata keçdi. Lalə Azərtaşla birlikdə Ağdama yollandı. Əfsuslar olsun ki, valideynlərinin məzarını tapmadı... Amma ordan gələndə böyük sevinc içində idi. Təsəvvür edirsiniz, insan 30 il torpağından ayrı düşür, 30 ildən sonra ora ayaq basır?! Bu böyük bir sevincdir!
- Səhv etmirəmsə siz də onunla birlikdə getmişdiniz?
- Xeyr, mən onunla Şuşaya getmişdim. Avqust ayında. Muğam müsabiqəsinin finalını Şuşada keçirmişdilər.
- Ən çox hansı yeməkləri, təamları bəyənir?
- Yeməkdə kaprizi yoxdur. Nə hazırlayıramsa yeyir. Plovun bütün növlərini xoşlayır. Ümumiyyətlə milli mətbəxə böyük həvəsi var.
- Bir neçə dəfə ölüm xəbərini yaymışdılar. Bu ona necə təsir etmişdi?
- Bu xəbərlərə artıq öyrəşib. Bilirik ki, bu da sevgidəndir. Amma yaxşı olardı ki, jurnalistlər məlumatlı olsunlar. Məlumatı yaymazdan öncə zəng edib, soruşsunlar. Şükür Allaha, nömrəsini hamı bilir. Bu xəbərlər ondan çox sevənlərinə və ailə üzvlərinə pis təsir edir. Ölüm haqdır, hamı üçün var. Amma yalan xəbərlər kimə və nəyə lazımdır ki?! Özü normal qarşılamasa da, hiss etdirmir. Deyir ki, əgər bu yalan xəbərlərdən kimsə çörək pulu qazanacaqsa, qoy yazsınlar.
- Bu gün ən böyük arzusu nədir?
- Arif artıq ömrünün 85-ci ilini yaşayır. Ən böyük arzuları həyata keçib. Təbii ki, arzudan arzu doğur, arzular heç bir vaxt insanı tərk etmir. Ən böyük arzusu dövləti, milləti, sevənləri və ailəsi ilə bağlıdır. Nəvə, nəticə sahibidir. Həm də Sarıhacılı kəndini bərpadan, yenidənqurmadan sonra görmək istəyir. Müsahibələrinin birində Ağdamda bir ev muzeyinin olmağının istədiyini bildirmişdi. Dövlətindən, prezidentindən, birinci xanımdan çox razıdır. Hər zaman Mehriban xanım Əliyevanın, cənab prezidentin mədəniyyət xadimlərinə, muğam sənətinə böyük töhfələr verdiyini bildirir, bu haqda sevinərək danışır. Mənim isə onunla bağlı ən böyük arzum can sağlığıdır. Ona qulluq etmək, baxmaq mənim üçün böyük fəxrdir, şərəfdir.