Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişilərin həsəd apardığı qadın: Yazıçı, aktrisa və... - FOTO

Kişilərin həsəd apardığı qadın: Yazıçı, aktrisa və... - FOTO

Tarix: 11 Mart 2023 21:02

Əgər siz ötən həftə baş tutan "The Best"in mükafatlandırma mərasiminə baxmısınızsa, o zaman mütləq çəhrayı rəngdə paltar geyinən parlaq bir qız görmüsünüz. O, tarixin ən yaxşı futbolçularından biridir. Bəli, Aleks Morqan qadın futbolunun ən öndə olan adlarından, simalarından biri hesab edilir.

Milli.Az bildirir ki, Aleks 1989-cu ildə Kaliforniyanın San Dimas şəhərində anadan olub. Yayda onun 34 yaşı olacaq. Uşaq ikən beysbol və basketbol oynayıb, lakin 14 yaşında amerikalılar üçün bir az qəribə görünən və yad hesab edilən idman növünü - futbolu seçib. Aleks təhsil aldığı kollecin komandasında oynayıb və 2011-ci ildə ABŞ-ın qadınlardan ibarət əsas futbol liqasının iştirakçısı "Uestern Nyu-York Fleş" klubu tərəfindən ilk komanda üzvü seçilib.

Təxminən 15 ildir futbol oynayır. Morqan bu müddət ərzində bir neçə klub dəyişib. "Tottenhem" və "Lyon"un formasını geyinib. Ancaq onun Avropa macərları uzun alınmayıb. Baxmayaraq ki, Fransa təmsilçisi ilə hər şeyi - ölkə çempionluğunu, kubokunu və Çempionlar Liqasını qazanıb. Ancaq Aleks daha çox ölkəsinin komandalarında rahat və uğurlu çıxış edib. Hazırda "San Dieqo Ueyv"in üzvüdür.

Aleks ABŞ millisi ilə də titullar qazanıb. Morqan üçqat KONKAKAF, ikiqat dünya (2015, 2019) və olimpiya çempionudur (2012). Yığmada kişi futbolçuların belə həsəd aparacağı fantastik statistikaya sahibdir. Millidə 200-dən çox matç keçirib və 121 qol vurub. Bu fantastik rəqəmləri gördükdən sonra onun necə böyük bir futbolçu olduğunu qəbul etməmək mümkün deyil.

Aleks kişilər tərəfindən xüsusilə sevilir. Əks cinsin nümayəndələri ona həm də həsəd aparır. Maraqlı xüsusiyyətləri və xarakteri var. O, zərif olduğu qədər bir sıra qadınların sahib olmadığı bacarıqlarıyla seçilir. Məsələn, kişilər kimi pleysteşn konsolunda saatlarla oynamağı sevir. Hətta "saatlarla pleysteşn oynayan kişi ilə ömür boyu sevgili olaram" deyə açıqlaması var. Bu hələ harasıdır? 2014-cü ildə "pleysteşndə hələ heç bir kişiyə uduzmadım" açıqlaması uzun müddət dillərdə dastan olub.

Onun bu bacarağı oyun şirkətləri tərəfindən də yüksək qiymətləndirildi. Təsadüfi deyil ki, qadın futbolçuların yer aldığı ilk oyun - FIFA16-nın ABŞ versiyasının üz qabığında Lionel Messi ilə birlikdə o da yer alıb. Nəticədə qadınların oyuna olan marağı artdı.

Aleks həmkarı Servando Karrasko ilə evlidir. Cütlüyün 2014-cü ilin son günündə toyları olub. 2020-ci ilin mayında Elena adlı qızı dünyaya gəlib.

Morqanın istedadı təkcə yaşıl meydanları əhatə etmir. O, həm də uşaq yazıçısı, dörd futbolçu qız haqqında yazılan kitab seriyasının müəllifi kimi tanınır. 2018-ci ildə Aleks özünə həsr edilmiş "Alex və mən" filmində də rol alıb. Söz düşmüşkən, onun haqqında bir sıra bədii və sənədli filmlər çəkilib.

İllər ötsə də, yaşının üstünə yaş gəlsə də, Aleks Morqan çox sevilir. Nə gözəlliyini itirir, nə gücünü. O, qadın futbolunun, həm də futbol dünyasının incilərindən biri hesab edilir. "The Best"də 2022-ci ilin simvolik komandasında yer alması 33 yaşlı Aleksin hələ də tükənmədiyini göstərir. (publika)

Milli.Az


Etiketlər:  Kişilərin həsəd apardığı qadın Yazıçı aktrisa FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ