Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Kimin yerinə səndən üzr istəyim, Dilarə?"

Tarix: 23 Mart 2023 09:55

Xalq artisti Afaq Bəşirqızı da ötən gün qəzada vəfat edən Əməkdar mədəniyyət işçisi Oqtay Əliyevin ölümü ilə bağlı paylaşım edib.

Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi bu barədə instaqramda yazıb:

"Ölümün sərt üzü qocaya- cavana, doğmaya- yada, yaxına- uzağa, dost-düşmənə baxmaz. Gəldin, deməli, getməlisən. Sən də getdin, Oqtay, səni də ölüm apardı. Bir anın içində, nə bilim... Elmiraya, Vidadiyə, Elçinə, qızlarına necə verəcəyəm bu başsağlığını? Hələ onun adını çəkmirəm, onun adını çəkməyə qorxuram, onu görməkdən qorxuram... Dilarə...

Niyə belə oldu? Nə edim? Kimin yerinə səndən üzr istəyim, Dilarə? Oqtayın yoxluğunun bir zərrəsini nə ilə doldurum? Nə ilə alladım səni? Necə sənə yalan danışım? Bütün istedadımı, bütün aktyorluğumu işə salım, amma alınmayacaq, səni allada bilməyəcəyəm. Səni aldatmaq qeyri-mümkündür.

Dilarə, sənə qurban. Bilirəm, güclüsən, çiyinlərin həmişə yük altında olub. Yayda qış, qışda yay dərdi çəkmisən. Nə danışa bilirəm, nə sakitləşə bilirəm.

Cismin bu dünyadadır, amma ruhun artıq çoxdan çıxıb gedib. Oqtay fələyin yazısı ilə getdi. Rahat yat, qardaşım. O narahat ruhunla rahat yat. Başqa nə deyim... Səni yaşadacaqlar. Sənətkarların oğlusan, sənətkarın ömür- gün yoldaşı olmusan, balaların səni yaşadacaq.

Allah sənə rəhmət eləsin, dostum. Qalanlara səbr, dözüm, mətanət arzulayıram. Vəssalam..."

Milli.Az


Etiketlər:  Kimin yerinə səndən üzr istəyim Dilarə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ