Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 May 2019 15:08
Bakı. Elçin Mehdiyev - Trend:
Bəşəriyyət artıq elə bir mərhələyə qədəm qoyub ki, biz multikultural dəyərlərin daha geniş şəkildə qorunmasını təbliğ və təşviq edirik.
Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Müasir dünyada etnik-mədəni müxtəlifliyin artması və onun tənzimlənməsində çoxmədəniyyətlilik siyasətinin əhəmiyyəti" mövzusunda keçirilən paneldə çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, multikultural dəyərlər yeni ideyalar deyil:
"Xüsusilə son dövrlər bəzi siyasətçilər multikultural dəyərlərin müasir dövr üçün əlverişli olmadığı fikrini təlqin edirdilər. Lakin multikultural dəyərlərin gün keçdikcə əhəmiyyəti artır".
M.Qurbanlı qeyd edib ki, bu gün ölkədə 2500-dən çox məscid, 33 qeyri-müsəlman dini icması var.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla isə bildirib ki, Azərbaycanda bütün milli azlıqlar özlərini rahat hiss edir, heç kim özünü yad hiss etmir: "Bu siyasi xətt Azərbaycan dövlətinin əsas hədəflərindən biridir. Azərbaycan multikulturalizmi barədə çox danışmaq olar. Azərbaycan multikulturalizmi ölkəmiz haqqında təsəvvürü olmayan insanlar üçün belə mayak kimi işıq saçır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin