Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2019 17:54
Bakı. Trend:
Ölkənin inkişafında əsas faktor olan iqtisadi tərəqqinin davamlılığını təmin etmək üçün zəruri addımların atılması, ən əsası sosial-iqtisadi islahatların zamanın tələbinə uyğun təkmilləşdirilməsi dayanıqlı inkişafı şərtləndirir. Dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasları, həmçinin ölkə Prezidentinin yanında sosial-iqtisadi müşavirələr Azərbaycanın uğurlarının təqdimatında, prioritetlərin açıqlanmasında əhəmiyyətli rol oynayır. Hər bir iclas ötən dövrün hesabatı kimi dəyərləndirilir.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirə ilə bağlı fikirlərini Trend-ə şərh edərkən söyləyib.
«Ölkə Prezidenti İlham Əliyev sosial-iqtisadi uğurlarımızı statistik rəqəmlər əsasında diqqətə çatdırmaqla bir daha bu reallığı ortaya qoydu ki, «güclü dövlət, yüksək rifah» sadəcə bir niyyət deyil, dövlətimizin həyata keçirdiyi siyasətin əsas prinsipidir» deyən V.Rəhimzadə statistik rəqəmlərə müraciət edərək bildirdi ki, iqtisadi göstəricilərimiz insanların gündəlik həyatında da öz əksini tapıb. Belə ki, iqtisadi inkişaf güclü sosial siyasətə yol açmaqla əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasını təmin edir. Müşavirədə bu rəqəm də açıqlandı ki, cari ilin ötən dövründə iki sosial paket reallaşıb və bu sənədlər 4 milyon 200 mindən çox insanın maddi durumunun yaxşılaşdırılmasına şərait yaradıb. Cənab İlham Əliyev 16 il bundan öncə bu vədi vermişdi ki, əməkhaqları, pensiyalar ildə ən azı iki dəfə artırılmalıdır. Ötən dövr ərzində artan maliyyə imkanlarının ilk olaraq sosial müdafiənin gücləndirilməsinə yönəldilməsi də deyilənlərin təsdiqidir.
V.Rəhimzadə qeyd edib ki, əhalinin sosial müdafiəsinin prioritetliyi bütün dövrlərdə öz aktuallığını qoruyur: “Bir faktı qeyd etmək kifayətdir ki, minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Daim irəliyə baxmağa çağırış edən dövlətimizin başçısı İlham Əliyev «Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır» bildirməklə hədəflərə çatmağın yollarını açıqlamışdır. Maliyyə və iqtisadi sahədə tam şəffaflığın təmin edilməsi əsas tələb kimi ortaya qoyulur”.
«Sosial xidmətdə şəffaflığın təmin olunması da insan amilinə verilən dəyərdən irəli gəlir» söyləyən V.Rəhimzadə vurğulayıb ki, bu gün hər bir Azərbaycan vətəndaşının dostuna çevrilən ilk DOST mərkəzinin fəaliyyətə başlaması, gələcəkdə onun əhatə dairəsinin daha da genişləndirilməsi üçün səylərin göstərilməsi də deyilənlərin təsdiqidir. Məqsəd şəffaflığı qorumaq, vətəndaş məmnunluğunu, göstərilən xidmətlərin keyfiyyətini yüksəltməkdir. Bu gün Azərbaycan dünyada ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Dünyaya səs salan «ASAN xidmət», ABAD, DOST kimi layihələr ölkəmizin yeniliklərə, təkmilləşməyə nə qədər meyilli olduğunu nümayiş etdirir.
“İki sahil” qəzetinin baş redaktoru bildirib ki, dövlətimizin başçısı İlham Əliyevin ötən il ölkəmizdə keçirilən Prezident seçkilərində inamlı qələbəsi, andiçmə mərasimində uğurlarımız fonunda irəli sürdüyü hədəflər məhz görülən işlərin aydın mənzərəsini yaradır: «2018-ci ilin Prezident seçkilərindən ötən bir ildən artıq dövr ərzində Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurlara diqqət yetirsək, təkmilləşmənin, yeniləşmənin hansı nəticələrə yol açdığını aydın görərik. Ən əsası dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, bilik, savad, təhsil hər bir dövlətin tərəqqisində əhəmiyyətli rola malikdir. «Neft kapitalını insan kapitalına çevirək» tezisinin irəli sürülməsi və bu istiqamətdə atılan addımlar da belə bir reallığı ortaya qoyur ki, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafı qaçılmaz edir. Kadr hazırlığı idarəetmə sistemində təkmilləşmənin vacib amillərindən biridir. Dövlətimizin başçısı İlham Əliyevin cari ilin ötən dövründə imzaladığı Fərman və sərəncamlara diqqət yetirsək, bu sənədlərin böyük əksəriyyətinin idarəetmə sisteminin təkmiləşdirilməsinə xidmət etdiyinin şahidi olarıq. Məhz bu uğurumuzun nəticəsidir ki, 2019-cu ilin arxada qalan aylarında ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər sırasında Bu Forumun xüsusi əhəmiyyəti ilə diqqət çəkdi. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin qatıldığı BMT-nin Dövlət Xidmətləri Forumunun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsi idi. Azərbaycan qeyd olunan istiqamətlərdə nümunəvi ölkə kimi təqdir olundu».
Vüqar Rəhimzadə sosial müdafiənin gücləndirilməsinə xidmət edən addımlar sırasında özünüməşğulluq proqramının uğurlu icrasını xüsusi qeyd edib. Bildirib ki, müşavirədə bu rəqəm də açıqlandı ki, bu il on mindən çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı sosial yardım alanların sayı artır. Hazırda hər bir ailə orta hesabla 200 manatdan çox yardım alır. Ailə təsərrüfatlarının inkişafına asan dəstəyin göstərilməsi məqsədilə ABAD mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vətəndaş məmnunluğunu daha da artırır, onların öz məhsulları ilə bazarlara çıxışlarına böyük dəstək göstərir.
«Azərbaycanın uğurları beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir edilir» söyləyən V.Rəhimzadə vurğulayıb ki, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanın inkişaf tempindən razılıqlarını ifadə edir. Bu proqnozları səsləndirirlər ki, ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dövlət büdcəmizə milyardlarla dollar vəsait daxil olur və bunlar da əhalinin sosial rifahının daha da yaxşılaşmasına, ən əsası yoxsulluq probleminin həllinə xidmət edir. Hazırda yoxsulluğun səviyyəsi 5 faizdir. Azərbaycan Dünya Bankının “Doing Business” hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdə qərarlaşıb. Son hesabatda 20 ən islahatçı ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun yeni hesabatı da ölkəmizin sosial-iqtisadi uğurlarının təqdimatında əhəmiyyətli rola malikdir. Belə ki, həmin sənəddə rəqabətqabiliyyətliliklə bağlı bir çox meyarlar öz əksini tapıb. Ölkədə ictimai-siyasi vəziyyət, iqtisadi islahatlar, sosial siyasət, infrastrukturun yenilənməsi və s. kimi meyarlar təhlil olunur ki, Azərbaycan bu istiqamətlərdə uğurlu nəticələri ilə öndədir. Ən əsası sabitliyin təminatçısı olan xalq-iqtidar birliyi günbəgün daha da möhkəmlənir».
Vüqar Rəhimzadə belə bir ümumiləşdirməni diqqətə çatdırıb ki, dövlətimizin uğurlu siyasəti, gələcəyə hesablanmış inkişaf strategiyası kompleks tədbirlərin həyata keçirilməsini bir tələb kimi ortaya qoyur və bunun da nəticəsində ölkəmizin hərtərəfli inkişafı yüksək səviyyədə təmin olunur: «Bu gün Azərbaycana hansı sahədən baxsaq, tərəqqinin, inkişafın, təkmilləşmənin inkaredilməz faktlar olduğunu görərik. Dövlətimizin başçısı İlham Əliyev müşavirədə gələn ilin büdcəsi ilə əlaqədar da tapşırıqlarını verdi. Bildirdi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olmalıdır. Qarşıdan gələn 2020-ci ildə ciddi sosial proqramlar icra ediləcək, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün önəmli addımlar atılacaq».
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin