Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2023 11:16
3 yaşlı uşaq evinin yeniyetmə sakininin sözügedən müəssisə ilə bağlı şikayət videosundan sonra psixiatriya xəstəxanasına yerləşdirilməsinə Əməkdar incəsənət xadimi Məlahət Abbasova da etirazını bildirib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu barədə sənətçi instaqramda şərh yazıb.
"Toplum olaraq bu məsələnin üstünə getmək lazımdır. O uşaq onsuz da mənəvi yaralıdır. Sabah bu uşağı əsgərə aparacaqlar. Vətənimizi qoruyacaq. Bir oğlan uşağını bu günə qoymazlar. Bəli, uşaq evlərində vəziyyəti söyləyir. Mən illər əvvəl Azərbaycanın bir kəndində çəkilişdə idim. Yaxınlıqda uşaq evi var idi. Hasarın arxasından o uşaqlar çəkilişə baxırdılar. Çox pis gündə idilər. Sonra orada müəllimə onları çağırdı. Bir gız uşağı, haradasa 8-9 yaşında olardı, hələ də baxırdı. O qədər gözəl qız idi ki... Gözümü ondan çəkə bilmirdim. Birdən müəllimə gəldi, onun saçlarından tutub apardı. Ürəyim ağrıdı. Arxasından qışqırdım ki, belə davranmaq olmaz. Mənə dönüb dedi ki, "Məlahət xanım, onlara belə lazımdır. Üz verəndə söz dinləmirlər".
O qızın baxışları hələ də gözümün qabağındadır. Onun tək "günahı" çəkilişə baxması idi. Psixologiyası xarab insanları uşag evlərinə işə almamaq lazımdır. Yazıq oğlan orada nə deyir ki? Deyir, əti qaynadıb suyunu bizə verirlər. Mənim gələcək əsgərimə belə davranmaq olmaz", - deyə, M. Abbasova bildirib.