Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2023 12:34
İnzibati xətaya görə 16 vəzifəli şəxs cərimələnib, 106 müəssisəyə xüsusi icazə verilib.
Bu barədə Sonxeber.net-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi 2023-cü ilin birinci rübü ərzində nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsinə dövlət nəzarətinin təmin edilməsi məqsədilə 63-ü planlı, 6-sı isə plandankənar olmaqla 69 nəzarət-yoxlama tədbiri keçirilib. Nəticədə inzibati xəta əlamətləri aşkar olunduğu üçün İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1 hüquqi, 16 vəzifəli və 1 fiziki şəxsə qarşı inzibati xəta haqqında protokol tərtib edilib. Bundan əlavə, 31 müəssisəyə qəza hallarına hazırlıq və cavabvermə üzrə tədbirlərin gücləndirilməsi məqsədilə metodiki köməklik göstərilib.
Vurğulanıb ki, Agentlik ötən rüb ərzində 106 müəssisəyə ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqəli fəaliyyətin həyata keçirilməsi üçün 119 "xüsusi icazə" verib. Nüvə və radioloji fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulan obyektlərin layihələrinin, bu obyektlərdə tətbiq edilən yeni texnoloji proseslərin və avadanlıqların nüvə və radiasiya təhlükəsizliyinin ekspertizasının həyata keçirilməsi üzrə 8 rəy verilib.
Bundan əlavə, Agentlik 2023-cü ilin birinci rübündə aparılmış inventarizasiya tədbirləri çərçivəsində ölkədə 74 müəssisə üzrə ionlaşdırıcı şüalanma mənbəyi hesab edilən 223 qurğuya dair məlumatları təhlil edib və onlar məlumat bazasında qeydə alınıb. Həmçinin 29 müəssisə üzrə 2389 radioaktiv mənbə və 90 rentgen aparatı barədə məlumatlar radioaktiv mənbələrin məlumat bazasına daxil edilib.